Fransalı hüquq müdafiəçiləri: Qarabağda etnik təmizləmə olmayıb

post-img

Fransanın “Coordination des Associations et des Particuliers pour la Liberté de Conscience” (“CAP Freedom of Conscience” - CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib.

Bu barədə CAP-LC-nin “Avropa Hüquq və Ədalət mərkəzinin” Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilir.

Təşkilatın apardığı monitorinqin nəticələrinə əsasən vurğulanır ki, dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib.

CAP-LC-nin bəyanatında qeyd olunub ki, Azərbaycan hakimiyyəti Qarabağda qalmaq istəyən ermənilər üçün təhlükəsizlik zəmanətlərini elan edib və geri qayıtmaq istəyənlər üçün xüsusi elektron vasitəni istifadəyə verib: “Veb-portalda (http://reintegration.gov.az) bir neçə dildə, o cümlədən erməni dilində Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının sosial, iqtisadi və hüquqi aspektləri haqqında məlumatlar var”.

Müəlliflərin qənaətinə görə, obyektiv təhlil onu göstərir ki, insanların buradan məcburi şəkildə köçürülməsi, onların geri qayıtmasının qarşısının alınması və “etnik təmizləmə” ilə bağlı iddialar əsassızdır.

Xatırladaq ki, BMT-də məşvərətçi statusu olan “Cap Freedom of Conscience” 1995-ci ildə yaradılıb. Avropanın bu qeyri-hökumət təşkilatı din və inanc azadlığı hüququnun qorunması ilə məşğuldur. Təşkilat ayrı-seçkiliyin bütün formaları ilə mübarizə aparır, bu barədə Avropanın, eləcə də digər beynəlxalq qurumlara məlumat verir.

 

XQ

Siyasət