Zahid Oruc: Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır

post-img

"Nifrət dilini bizə beynəlxalq təşkilatlar, avroparlamentarilər və qərbli məmurlar, lobbistlər və məhkəmə salonlarında hakimlər, vəkillər həyata keçirir. Lakin ölkəmizə qarşı informasiya və diplomatik yöndə nifrət savaşı aparanlar məğlub olacaqlar. Azərbaycan etnik-milli və dini tolerantlıqla bağlı qlobal reytinqdə ön sıradadır. “İrqçiliyə və dözümsüzlüyə qarşı Avropa Komissiyası” ölkəmizlə bağlı dövri hesabatda qeyd edir ki, burada heç zaman irqi-milli, dini əsaslı cinayətlər olmayıb".

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Təqdiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc XQ-yə bildirdi. 

Zahid Oruc dedi ki, otuz illik işğal dövründə Azərbaycanda ermənilərə qarşı münasibətlə bağlı “əhəmiyyətli tolerantlıq mövcud oldu”: "Bəs nifrət dililə mübarizə necə olmalıdır? Müasir dövrdə bir sıra ölkələrdə nifrət dilini məhdudlaşdıran qanunvericilik mövcuddur. Azərbaycanda ayrıca hüquqi akt olmasa da, nifrət cinayətlərinə aid əməllərlə ciddi mübarizə aparılır".   

STM sədri diqqətə çatdırdı ki, ölkəmizdə milli-dini-irqi ayrı-seçkiliyə görə qanunverici əsaslar mövcuddur. Ümumdünya İnsan Haqları Bəyannaməsinin 19-cu maddəsi hər kəsin fikir və ifadə azadlığını tanısa da, nifrət təhriki qadağan olunur. Habelə BMT çərçivəsində nifrət nitqinə qarşı qəbul edilən “Rabat Fəaliyyət Planı”nı da əhəmiyyətli hüquqi platformadır. Hər il 18 iyun-nifrət dili ilə mübarizə günüdür. 

Onbun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev 15 oktyabr tarixində Xankəndində bayrağımızı ucaldarkən ermənilərlə ayrı-seçkilik və diskriminasiya olmayan birgəyaşayış tarixindən, sovet Qarabağının ortaq idarəçiliyindən, yaşlı nəslin xatirələrini gənclərə ötürüb cəmiyyətləri sülhə hazırlamaqdan danışdı, “Füzuli günləri”ndə çıxış edərkən “biz Zəngəzura sülh yolu ilə qayıdacağıq” dedi, uzaq paytaxtlara səslənərək “regionumzadan əlinizi çəkin” söyləməklə bütövlükdə Qafqazların lideri kimi bütün xalqlara sülh gətirməkdə maraqlı olduğunu nümayiş etdirdi. İctimai həyatın bütün sferalarında nifrət hekayələri bəsləyənlər, onu tirajlayanlar Ramazan Abtulatipovun dediyi kimi, “Qafqazda bir güllə atırsan, 100 il gedir”, sözlərini doğrultmağa çalışırlar. Halbuki dövlətimizin ordusu qədər, sülh siyasəti də güclüdür. Ona görə də barış kursunu sülh ritorikası müşayiət etməli, tarixi yaddaşı qorumaqla bərabər, sülh mesajlarına, keçmişin Zəfərimizin işğında yeni şərhinə ehtiyacı var", - deyə deputat vurğuladı. 

Rizvan FİKRƏTOĞLU,
XQ

Sosial həyat