Deputat: Azərbaycana “Koka-kola”dan cavan dövlət” deyənlər öz nifrətlərinə məğlub oldular

post-img

"Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist, “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır. Yaxud beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan “Civilnet” platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətdir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki  elmdə belə bölgülərə yer yoxdur". 

Bu fikirləri Milli Məclisin deputatı Zahid Oruc "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" konfransında çıxışı zamanı bildirdi. 

Z.Oruc diqqətə çatdırdı ki, işğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər” və sair epitetlər daşlamış zehinlərin göstəricisiydi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoydu: "Yaxud Qarabağ Komitəsinin üzvü İqor Muradyanın Tomas de Vaala müsahibəsində “Qarabağın azərbaycanlı sakinləri haqqında nə düşünürdünüz” sualına “onların fikri və aqibəti heç kimi maraqlandırmırdı” cavabı “miatsum” fəallarının antihumanist mahiyyətini, insan ləyaqətini hesaba almayan kimliklərini ortaya qoyur. 3-cü Reyx də milyonlara məhrumiyyət gətirən ideologiyanı oxşar tezislər üzərində qurmuşdu".

Deputat qeyd etdi ki, milli kimliyimizi inkar edənlər, Azərbaycanı “Koka-kola”dan cavan dövlət” təbliğatı aparanlar öz nifrətlərinə məğlub oldular. Ermənistanın hərbi məğlubiyyətinin səbəbi döyüş meydanlarında qarşılarına fərqli kimliklərin çıxması idi: "Əzmkarlıqla savaşan azərbaycanlı əsgər və 5-ci nəsil texnilogiylarını idarə edən zabitlər, bütün sosial və siyasi ayrılıqları kənara qoyan vahid millət, ləyaqətli savaş nümunəsi yaradan Azərbaycan dövləti gerçək obrazı ilə düşmənin təsəvvürlərini dağıtdı. Doğrudur, onlardan bir qismi əvvəlki xətti davam etdirərək, Azərbaycanda sosial şəbəkələr və bəzi çap materiallarında ermənilərə qarşı etnik-milli, dini əsaslı nifrət nümunələrini beynəlxalq qurumlara göndəriblər. Məqsəd birgəyaşayışa zərbə vurmaq, qonşu yox, əbədi düşmənçiliyi təbliğ etmək, “exzistensialist təhdid” mifi ilə ikinci erməni dövlətinin yaradılmasına haqq qazandırmağa çalışırlar", - deyə Z.Oruc diqqətə çatdırıb. 

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat