Qarabağda “mina savaşı” davam edir

post-img

Torpağın üstü kimi, altı da “əsarətdən” xilas edilir

Azərbaycan 3 ildir ki, düşməndən təmizlənən 1200 kilometrdən artıq keçmiş təmas xətti boyunca yerləşdirilmiş mina təhlükəsi ilə üz-üzə qalıb. İlk növbədə, bu ərazilər minadan təmizlənir. Qarabağ və Şərqi Zəngəzurun davamlı inkişafı və bölgənin dirçəlişi bu təhlükənin aradan qaldırılmasından asılıdır. 

Yəni, məcburi köçkünlərin məskun­laşdırılması və regionun iqtisadi in­teqrasiyası prosesi mina problemi həll edilmədən mümkün deyil. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır: “Ona görə, biz həm sürəti ar­tırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan son­ra hər hansı bir təhlükə olmasın. Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sur­satların çoxluğuna səbəb olmuşdur. Odur ki, əraziləri bu sursatlardan tə­mizləmək də böyük zəhmət tələb edən məsələdir”.

Hazırda minatəmizləmə işləri kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su ka­nalları boyunca aparılır. Əməkdaşlar ən müasir avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iş­tirak edərək akkreditasiyadan keçiblər. Bu barədə iqtisadçı akademik Ziyad Səmədzadə bildirdi:

– Qarabağ və Şərqi Zəngəzurda infrastrukturlar yenidən qurulur, iqtisadi fəaliyyət sahələri yaradılır, ermənilərin məhv etdiyi təbiət bərpa olunur. İşğal­dan azad edilmiş ərazilərin yenidən qu­rulması, bərpası və sonrakı mərhələlər­də dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bu ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsidir. 

Bu məsələ Qarabağ və Şərqi Zən­gəzurda dayanıqlığa nail olmaq üçün təhlükəsizliyin təmin edilməsinin əsas prioritetidir. Çünki ərazilərimizin Er­mənistan tərəfindən minalarla həddin­dən artıq çirklənməsi hazırda işğaldan azad edilmiş ərazilərin yenidən qurul­ması zamanı qarşılaşdığımız böyük problemdir. Minalar və digər partlama­mış sursatlar yenidənqurma səylərinə və keçmiş məcburi köçkünlərin təh­lükəsiz qayıtmasına əsas maneədir. Beynəlxalq mütəxəssislərin hesabla­malarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün, təxminən, 30 il və 25 milyard ABŞ dolları lazımdır.

ANAMA-dan qəzetimizə verilən məlumatda göstərilir ki, 2020-ci il no­yabrından bu ilin oktyabrınadək 98 min hektar ərazi minalardan və partlama­mış hərbi sursatlardan təmizlənib, 93 min 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib. Mina partlayışı nəticəsində 314-dən çox ölüm faktı qeydə alınıb.

Dövlət Proqramına əsasən, 2023–2026-cı illərdə, ümumilikdə, 215 min hektar ərazinin minalardan təmizlən­məsi planlaşdırılır. 2026-cı ilin sonun­da, ümumilikdə, 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digərləri isə Daxili İşlər, Mü­dafiə, Fövqəladə Hallar nazirlikləri və Dövlət Sərhəd Xidmətidir.

Qeyd edək ki, hazırda təmizlənmiş ərazilərdə müasir infrastruktur qurulur, şəhər və kəndlər yaşayış üçün hazır vəziyyətə gətirilir və əhalinin məskun­laşdırılması davam etdirilir. Minlərlə yeni iş yerləri yaradılır. Bu proseslər mərhələli şəkildə, həm də ən müasir standartlar səviyyəsində həyata keçi­rilir. Minalardan təmizlənmiş ərazilər həm də əkinə cəlb edilir. Bu ərazilərdə kənd təsərrüfatı və heyvandarlıq məh­sullarının istehsalı sözsüz ki, bazarda bolluq yaradacaq ki, bu da bilavasitə qiymətlərin aşağı düşməsinə səbəb olacaq. 

Bu barədə Milli Məclisin deputatı Tahir Rzayev dedi: 

– İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlar var. Sözsüz ki, bu torpaqlar minalardan təmizlənməlidir və insanla­rın təhlükəsizliyi təmin edilməlidir. An­caq yaxşı haldır ki, işğaldan azad edil­dikdən az sonra təhlükəsiz ərazilərdə kənd təsərrüfatı məhsullarının yetişdi­rilməsinə başlanılıb. Ötən il həmin əra­zilərdə 72 min hektarda taxıl əkilib, 770 hektarda yazlıq bitkilər əkilib ki, həmin bitkilər arsında günəbaxan, qarğıdalı, noxud, kartof və digər kənd təsərrüfatı bitkiləri var. Bu il isə 100 hektar sahəyə taxıl səpilib.

Həmin ərazilər minalardan tam tə­mizlənib qurtarandan sonra o torpaqlar əkin dövriyyəsinə daxil ediləcək və ora­da digər kənd təsərrfüatı məhsullarının əkininə başlanılacaq. Çox yaxşı hal­dır ki, arıçılar da həmin ərazilərdə arı ailələri yerləşdirir, yay mövsümündə həmin yerlərdə heyvandarlıq üçün la­zımi şərait yaradılıb. Digər tərəfdən də həmin rayonlara insanlar köçürülüb və onlar da əkin işlərinə başlayıb.

Yerli istehsal olan mexaniki va­sitələr işğaldan azad olunmuş ərazilə­rin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, “Böyük Qayıdış” proqramı çərçivəsində keç­miş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz məskunlaşma­sına böyük töhfə verəcək.

Azad edilmiş ərazilərin bərpası isə təkcə Qarabağ regionunun deyil, bü­tünlükdə Azərbaycan iqtisadiyyatının inkişafı baxımından da böyük əhəmiy­yət daşıyır. 

Pünhan ƏFƏNDİYEV
XQ



Sosial həyat