BDU-nun tələbələri  AŞPA-da

post-img

Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllim və tələbələri Avropa Şurasının təşkilatçılığı ilə Strasburq şəhərində olmuşlar. Avropa Şurasının mənzil-qərargahında keçirilən təlim səfəri  “Yaxşı İdarəetmə üçün Avropa İttifaqı və Avropa Şurası Tərəfdaşlığı: Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov təlim səfərinin açılış mərasimində iştirak etmiş, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq istiqamətləri haqqında məlumat vermiş, təlim səfərinin əhəmiyyətini vurğulamış, müəllim və tələbələrə uğurlar arzulamışdır. 

Səfər haqqında danışan Prezident təqaüdçüsü Həmidə Sadıqova müxbirimizə bildirmişdir ki,  zəngin proqrama malik təlim səfəri ilk dəfədir həyata keçirilir. Fakültəmizin dekanı Zaur Əliyevin rəhbərliyi ilə baş tutan təlim səfərində “İnsan hüquqları və informasiya hüququ UNESCO” kafedrasının müəllimi, layihənin eksperti Gülnaz Rzayeva, fakültənin müxtəlif kurslarında təhsil alan tələbələrdən Nizami Mehralıyev, Eltac Allahyarlı, Səyad Ələkbərov, Nigar Rəhimli, Nihad Rəhimli iştirak edirdilər. Mən və Prezident təqaüdçüsü olan bacım Nəzrin Sadıqova da Avropa Şurası tərəfindən esse müsabiqəsinin qalibi kimi təlimin iştirakçısı olduq. Avropa Parlamentinin binasında qürur hissi ilə  Qarabağımızın hər guşəsində dalğalanan Azərbaycan bayrağını nümayiş etdirdik və bayrağımızın fonunda xatirə fotoları çəkdirdik, parlament dinləmələrində iştirak etdik. 

Təlim iştirakçıları səfər çərçivəsində Avropa Şurasının departament və bölmə rəhbərləri, İnsan hüquqları üzrə komissarlığın nümayəndələri, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov, Türkiyədən olan hakim Səadət Yüksəllə görüşmüş, Avropa Şurası ekspertlərinin  mühazirələrini dinləmiş, həmçinin AŞPA-nın sessiyasında iştirak etmişlər. İştirakçılar Strasburq universitetinin Hüquq məktəbinin fəaliyyəti ilə də yaxından tanış olmuş, Hüquq məktəbinin dekan və professorları ilə görüşmüşlər.

Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirak edən təlim iştirakçıları Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının Azərbaycan üzrə insan hüquqları məsləhətçisinin mühazirəsini dinləmiş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. Müzakirə zamanı  çıxış edən Zaur Əliyev Ermənistanın işğalı nəticəsində 30 ilə yaxın müddətdə azərbaycanlı qaçqınların və məcburi köçkünlərin pozulmuş  hüquq və azadlıqlarından danışmış, BMT-nin Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilərin qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrinin olmasına baxmayaraq illərlə davam edən zorakılıqlara və beynəlxalq hüquq normalarının pozuntusuna Azərbaycanın özünün son qoyduğunu bildirmişdir. 

Zaur Əliyev həmçinin, Ermənistanın hələ də minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməməsini azərbaycanlıların yaşamaq hüququna qəsd kimi qiymətləndirərək, İnsan Hüquqları üzrə Komissarın insan hüquqlarının kobud pozuntusu ilə müşayiət olunan bu cür ciddi məsələyə münasibət bildirməsini istəmişdir. Komissarlığın nümayəndəsi qeyd olunanların ciddi  narahatlıq doğurduğunu etiraf edərək bu məsələni komissarın diqqətinə çatdıracağını bildirmişdir.

Təlim səfəri uğurla başa çatmışdır.

XQ

 

 







Sosial həyat