Araqdan “əziyyət”
Deyirlər, Mirzə Ələkbər Sabir Tiflisdə xəstə yatarkən həkimlər ona qarnına araq sürtməyi tapşırırlar. Bu, onun ağrılarını bir qədər azaltsa da tam kömək etmir. Bir dəfə şəfqət bacısı onun qarnına yenə araq sürtərkən, şair özünəməxsus zarafatyana tərzdə deyir:
– Xalq arağı qarnının içinə töküb keyf çəkir, mən bədbəxt isə üstünə yaxıb əziyyət çəkirəm.
“Taylı tayını axtarar”...
Bakıda bir fırıldaqçı müctəhid varmış– adı Mirzə Ələkbər. Bir gün onu moizə oxumaq üçün Hacı Qasım bəy məclisinə dəvət edirlər. Müctəhid gəmidən düşüb körpüyə gəlir və onu gözləyən faytona minmir və qəzəblə deyir:
– Fayton şeytan əməlidir. Mənə çullu uzunqulaq gətirin. Mən məscidə uzunqulaqda gedəcəyəm.
Bu əhvalatı Sabirə danışanda gülümsəyib sakitcə deyir:
– Niyə təəccüblənirsiniz? Uzunqulaq uzunqulağı sevər – taylı tayını axtarar.
“Bu kabab, bu lavaş”...
Mirzə Ələkbər Sabir Tiflisdə “Molla Nəsrəddin” redaksiyasında Məmmədəli Sidqi ilə bir otaqda qalır, bir yerdə yeyib-içirmişlər.
Gecələrin birində Sidqi evə çox gec gəlir. O gələnə qədər Sabir çox yorğun olduğundan yatmaq istəyir. Sabir yatağa girməzdən əvvəl Sidqinin xörəyini hazırlayıb stolun üstünə qoyur və bir vərəqdə iri hərflərlə yazır:
Bu kabab, bu lavaş,
Ye yavaş, yat yavaş.
“Qarnım sandıq deyil”...
Tiflisdə Sabir özünü həkimlərə göstərərkən onun qaraciyərindən şübhələnirlər. Amma xəstəliyi dəqiqləşdirmək üçün cərrahiyə əməliyyatı etmək istəyirlər. Bu barədə ona bildirib razılığını almaq istəyəndə Sabir qəti şəkildə etiraz edir və zarafatyana deyir:
– Mənim qarnım sandıq deyil ki, açıb içinə baxasınız, axtardığınızı tapmayıb sonra yenidən örtəsiniz. İstəmirəm.
Z.HÜSEYNLİ
XQ


