"Qanun" Nəşrlər evi şair İlham Qəhrəmanın şeirlər kitabını çap edib. "Bir adamlıq şəhər" adlanan kitabda şairin son illərdə yazdığı müxtəlif mövzulu şeirlər yer alıb.
Müəllif poeziya sahəsində oxucularla 9-cu görüşü olan bu kitabı Qarabağ qazisi mərhum Zaman Hüseynovun xatirəsinə ithaf edib. Şairin 2019-cu ildə qələmə aldığı yurd həsrəti və qaçqınlıqdan bəhs edən "Yaddaş" poeması da kitaba salınıb. Eyni zamanda, oxucular müəllifin 44 günlük Vətən müharibəsinin bədii xronikasını əks etdirən bayatılarını da bu kitabda oxuya biləcəklər. İlham Qəhrəman yaradıcılığını səciyyələndirən özünəməxsus obrazlar, bədii tapıntılar, orijinal ifadə tərzi "Bir adamlıq şəhər"dəki şeirlərində daha uğurlu əksini tapıb.
Kitabın içindəkilər mövzu baxımından bölmələrə ayrılaraq 6 başlıq altında toplanıb. Toplunun redaktoru və ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.
Ə.DOSTƏLİ
XQ