Füzulidə əsl toy- bayram idi...

post-img

Dörd-beş il əvvəl xalqımız işğal altında olan ərazilərimizin işğal gününü böyük kədər, qəm-qüssə ilə yad edir, günahsız insanaları qətlə yetirən erməni faşistlərinə lənətlər deyirdi. İndi isə... bütün bu kədərli günlərimiz arxada qalıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə  “Şəhər Günü” böyük təntənə, sevinc, fərəh, qürurla, bir sözlə, əsl toy-bayram əhval-ruhiyyəsi ilə qeyd edilir.  Xatırladım ki,  Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, rayonların  işğaldan azad edildiyi günlər ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq. Belə bir təntənəli gün oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə – Füzuli şəhərində  təşkil olunmuşdu. Prezident İlham Əliyev həmin gün Füzuli rayonunda yeni köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Həmin gün Füzulidə əsl toy- bayram idi. Şənlik-şənliyə, sevinc-sevincə qarışmışdı.

Bu fikirləri redaksiyamıza açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısının Qarabağa, Şərqi Zəngəzura hər səfəri toy-bayarm olur. Çünki möhtərəm Prezidentimiz hər gedişində yeni obyektlərin açılışı, bəzilərinin isə təməlqoyma mərasimlərində iştirak edir. Füzuli rayonuna budəfəki səfər də möhtəşəm oldu. Dövlətimizin başçısı inzibati binanın, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, Qoçəhmədli, Cuvarlı kəndlərinin təməlini qoyub. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq. Artıq Füzuli rayonda istifadəyə verilmiş yaşayış kompleksləri öz sakinlərini qəbul edir. Füzulilər doğma dədə-baba yurdlarına böyük həvəslə qayıdırlar.

 Ç.Qənizadə dövlət başçımısızın rayona yeni köçmüş sakinləri və  ictimaiyyətin nümayəndələri ilə görüşündən bəzi məqamları xatırladaraq deyib ki, rayon indi tamamilə yenidən qurulur. Yeni təməli qoyulmuş obyektlər də burada yaşayanların sayının getdikcə artacağndan xəbər verir. Artıq 800-dən çox füzulili rayonda yerləşdirilib. İlin sonuna qədər burada təqribən 2 minə yaxın sakinin yaşayacağı nəzərdə tutulub. “Böyük Qayıdış” proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min sakin məskunlaşacaq. Dövlətimizin başçısı əminliklə bildirdi ki, yaxın illərdə burada daha böyük sayda insanlar məskunlaşacaq. Çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, “Böyük Qayıdış” Proqramı qəbul olunub, uğurla icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər. 

 

Qeyd edildi ki, Azərbaycan xalqının öz doğma torpağına sevgisi əbədidir. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Ancaq o təhlilçilər və eyni zamanda, siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma diyarına nə qədər böyük sevgisi var. Bu gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına böyük coşqu ilə qayıtmaları da bunu təsdiqləyir. 

Burada tikilmiş yeni binalarda rahat yaşamaq üçün bütün infrastruktur, əlverişli şərait var. Beynəlxalq təşkilatlar da bunu çox yüksək qiymətləndirirlər. Çünki burada yaşayış üçün ən gözəl şərait yaradılıb, həm binaların quruluşu, həm mənzillərin daxili dizaynı, mərtəbəlilik prinsipi, binaların bir-birindən aralı olması, məsafə – hər şey gözlənilib. 

Komitə sədri dövlətimizin başçısının erməni vandalizmindən də söhbət açdığını diqqətə çatdırdı. Möhtərəm Prezidentimiz dedi ki Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı. Elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan erməni vəhşiliyinin canlı şahidi olacaqdı. Artıq separatçıların kitabı birdəfəlik bağlandı. Qarabağ münaqişəsi mövzusu birdəfəlik bağlandı. İşğaldan azad olunmuş bütün ərazilərdə insanlar rahat yaşamalıdır. Bütün layihələri icra edərkən, o cümlədən, məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Bir sözlə, sözün həqiqi mənasında, Qarabağ Azərbaycandır!

XQ

 

Sosial həyat