2020-ci ilin sentyabrında başlanan Vətən savaşının ən qanlı döyüşlərindən biri şübhəsiz ki, Füzuli şəhərinin azad olunması uğrunda gedib.
Müzəffər Ali Baş Komandanın mükəmməl hərbi taktikası, qəhrəman ordumuzun şücaəti nəticəsində düşmənin onilliklərlə qurulan və məğlubedilməzliyi iddia olunan müdafiə səddi məhz bu döyüşlərdə yarıldı. Azərbaycan ordusu düşmənin illərlə Füzulidə yüksək istehkam qurduğu mövqeləri darmadağın edərək peşəkarlığını nümayiş etdirdi.
Bunun nəticəsi olaraq Füzuli şəhəri düşmən tapdağından azad olundu.
Bu, həm də Şuşaya gedən yolun başlanğıcı idi. İşğal dövründə düşmənin xaincəsinə xaraba qoyduğu Füzuli bu gün müasir şəhər tələblərinə cavab verən inşaat işləri ilə geniş quruculuq ünvanına çevrilib. Azad olunmuş digər ərazilərimiz kimi Füzulinin də yeni siması insanı valeh edir, bu tarixi yurd yerimiz özünün əbədi və əzəli sakinlərinə qucaq açıb. Dövlətimizin diqqəti və qayğısı ilə burada məskunlaşan füzulilər xoşbəxtdirlər, həyatlarının gözəl və sevincli günlərini yaşayırlar.
Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib. Deputat bildirib ki, “Füzuli Şəhəri Günü”ndə Prezident İlham Əliyevin Füzuliyə səfəri, burada məskunlaşmış sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçmiş köçkünlərimizə əsl bayram əhval-ruhiyyəsi yaşatdı. Şəhərin işğaldan azad olunmasının üçüncü ildönümündə sakinlərlə görüşən dövlətimizin başçısı füzulililərin gənc nəslinin də öz doğma torpağında yaşamaq qərarını yüksək qiymətləndirdi. Bunun böyük hadisə olduğunu qeyd edən ölkəmizin başçısı bildirdi ki, uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Ona görə də Vətənə, torpağa bağlılıq xalqımızın böyüklüyünü göstərir. Prezidentin bəyan etdiyi kimi, Füzuli tamamilə yenidən qurulur. Ölkə başçısının buraya səfəri zamanı bir neçə önəmli obyektin, iki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməlləri qoyulub. Bu günə qədər 800-dən çox insan artıq Füzulidə məskunlaşıb və ilin sonuna qədər burada təqribən 2 minə yaxın vətəndaşımızın yaşayacağı planlaşdırılır. Prezident İlham Əliyev 2026-cı ilin sonunda 22 min insanın Füzulidə, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min sakinimizin yaşayacağını söyləməklə, əslində Azərbaycan dövlətinin qüdrətini nümayiş etdirmiş oldu. İctimaiyyətin nümayəndələri ilə söhbətində ölkəmizin başçısı maraqlı bir mövzuya toxundu. Prezident vurğuladı ki, torpaqlarımızın işğalı dövründə bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə xalqımız öz torpaqlarını unudacaq, xüsusilə gənc nəsil tam başqa bir tərzdə tərbiyə alacaq ki, bu da qarşı tərəfin işinə yarayacaq.
Amma bunu planlaşdıranlar unutmuşdular ki, doğma diyarına, torpağına bağlı xalqımız nəinki 30 il, əsrlər keçsə belə Vətənini heç vaxt unutmayacaq. Qaldı gənclərimizə, işğal dövründə yetişən gənclərimizin nəyə qadir olduğunu bütün dünya gördü və heyrətləndi. Bir daha dünya şahid oldu ki, Vətəni Prezident İlham Əliyevin lideri olduğu Azərbaycan gəncliyi kimi sevmək və qorumaq lazımdır.
Deputat sonda qeyd edib ki, yenidən qurulan və inkişaf etdirilən Füzulidə görülən işlər sadəcə fərəh doğurur.
Dünən Füzulinin, digər tarixi torpaqlarımızın işğaldan azad olunmasında qətiyyət göstərən və buna nail olan Prezident İlham Əliyev bu gün heç bir dövlətdən yardım almadan qüdrətli ölkəmizin hesabına Qarabağı və Şərqi Zəngəzuru dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun müasir yaşayış məskəninə çevirmək əzmindədir. Düşmənin xaraba qoyduğu bütün şəhər, qəsəbə və kəndlərimizin yenidən salınması, tezliklə nümunəvi abad yaşayış məskəninə çevrilməsi heç kimdə şübhə doğurmur.