İnsanlara təbiət şəfası bəxş edən təbib

post-img

Kurortoloq-alim, Əməkdar həkim Sevda xanım Nəsrullayevadan yazmağa başlayanda xatırladım ki, hansısa müdrikin gözəl bir deyimi var: “Mötəbərlik göydən düşmür – onu hər nəsil zərrə-zərrə qazanır. Sonra ocağın bütün övladları bölüşür bu mənəvi neməti”. 

Sevda xanımın atası Nəsrulla Nəs­rullayev Bakıda bir sıra məsul vəzifədə çalışıb, Bakı Şəhər Partiya Komitəsinin I katibi, rabitə naziri, yüngül sənaye na­ziri olub. Anası Şeyda xanım ADU-nun (indiki BDU) xarici dillər kafedrasında alman dili müəllimi olub. Onların cə­miyyət arasında qazandığı hörmət-izzətə övladları öz payını əlavə edib. 

Sevda orta məktəbi qızıl medalla bitirərək Tibb İnstitutuna qəbul edilib. Tələbə yoldaşları kimi, Sudeyf İmam­verdiyevin isə diqqətini daha artıq çə­kib və bu, sonradan tale ortaqlığına çevrilib. Bu gün dünya şöhrətli uro­loq-alim, Əməkdar elm xadimi olan Sudeyf müəllim o dövrü belə xatırlayır: 

– Sevda institutda bilikli, yüksək əx­laqli, ləyaqətli, ictimaiyyətçi tələbə kimi seçilirdi. Tale elə gətirdi ki, təyinatını mənim işlədiyim Həkimləri Təkmilləş­dirmə İnstitutuna verdilər. Ayrı-ayrı ka­fedralarda çalışsaq da, ictimai işlərdə fəallığımız bizi tez-tez görüşdürürdü. Getdikcə bir-birimizi daha yaxından tanıdıq. Ailə həyatı qurduq. Elə ilk gün­lərdən mötəbər bir azərbaycanlı ailəsi ilə qohum olduğumu dərk etdim. Təəs­süf ki, atası Nəsrulla müəllim dünya­dan tez köçdü, cəmi 58 il yaşadı. Sev­da xanım valideynlərinin ən gözəl ailə ənənələrinin layiqli davamçısı oldu. 

Əmək fəaliyyətinin ilk dövründə Həkimləri Təkmilləşdirmə İnstitutunda professor S.Qusmanın rəhbərlik etdiyi kafedrada işləyən Sevda xanım Tibb İnstitutunda professor Tamerlan Əliye­vin rəhbəri olduğu terapeya kafedra­sına dəvət edilib. Qısa müddətdə ora­da da işgüzarlığı, bilik və bacarığı ilə seçilib, üzə çıxıb. Lakin onun da Tibb İnstitutunda işlədiyini bəhanə gətirərək Sudeyf müəllimin böyük çətinliklərlə açdığı urologiya kafedrasında işləmə­sinə maneələr törədiblər. Bunu görən Sevda xanım fədakarcasına ərizə ya­zıb və institutdan gedib. 

Sevda xanım 1967–1972-ci illərdə klinik ordinatura və aspirantura təhsili alıb, “Şəkərli diabeti olan xəstələrdə mədənin motor və sekretor funksiya­sı” mövzusunda namizədlik disserta­siyası müdafiə edib. 1977-ci ildə El­mi-Tədqiqat Tibbi Bərpa İnstitutunda baş elmi işçi kimi fəaliyyətə başlayıb. Burada da savadı və işgüzarlığı diqqət­dən yayınmayıb, ictimai təşkilat rəhbəri olub. 1983-cü ildə isə onu institutun di­rektoru təyin ediblər. 56 illik əmək fəa­liyyətinin 46 ili bu tibb ocağı ilə bağlıdır. 

Sevda Nəsrullayevanın instituta rəhbərlik etdiyi illərdə bu elmi-tədqiqat və müalicə müəssisəsinin Azərbaycan səhiyyəsində nüfuzu yüksəlib, keçmiş İttifaqda da tanınıb. İnstitutda əsl de­mokratik mühit yaranıb, inzibatçılığa son qoyulub. Çin təbabətindən istifadə üçün mütəxəssislər dəvət olunub. Bu xanım daim mənəvi ucalığı ilə ətrafın­dakılara saflıq aşılayıb. 1993-cü ildə öz ərizəsinə əsasən, direktorluqdan azad edilib. Elmi işlər üzrə direktor müavi­nidir. Çoxları onu özünə mənəvi ana sayır.

Sevda xanım Nəsrullayevanın ins­titutdakı fəaliyyətinin əsas istiqamətini Azərbaycanın geniş kurort ehtiyatla­rının səmərəli mənimsənilməsi, fiziki amillərin təsir mexanizmlərinin müxtəlif istiqamətlərinin öyrənilməsi təşkil edib. Təbii vasitələrin (Naftalan nefti, müali­cəvi palçıq və mineral sular) müalicəyə tətbiq edilməsini elmi cəhətdən əsas­landırıb və yeni fizioterapiya üsullarını işləyib hazırlayıb. Müasir metodika və texnologiyaların tətbiqinə, yeni müa­yinə və müalicə kabinetlərinin açılma­sına nail olub. 70-dən çox elmi məqalə və tezisin, ixtira və səmərələşdirici tək­lifin, 5 metodik tövsiyənin müəllifidir. Bir neçə namizədlik dissertasiyasının müdafiəsində elmi rəhbər olub. Əmə­yi yüksək qiymətləndirilib. “Tərəqqi” medalı ilə təltif edilib, Əməkdar həkim adını alıb.

Ömrünü təbabət elminin inkişafına həsr etmiş Sevda xanımın ailə missi­yası da məhsuldar və şərəflidir. Həyat yoldaşı, dünya şöhrətli uroloq-cərrah, akademik, Əməkdar elm xadimi Su­deyf İmamverdiyevin uğurlarında onun da payı var. Oğlu Cavidin incəsənət aləmində, qızı Sevincin nevrologi­ya sahəsindəki nailiyyətləri də analıq qayğısından güc alıb. Nəvələri Murad, Şeyda, Bulat da ailə ənənəsi çevrəsin­də tərbiyələniblər. Murad dünyanın ən məşhur elm ocaqlarından olan Man­çestr Universitetini bitirib, Paşa Sığor­ta ASC-də məsul vəzifə tutur. Şeyda ADA Universitetini bitirdikdən sonra magistr təhsilini Londonda alıb. Ame­rika–Azərbaycan Ticarət Palatasında baş mütəxəssisdir. Bir çox ölkələrdən təhsillə bağlı təkliflər alan Bulat İmam­verdiyev babasının məsləhəti ilə Belçi­kanı seçib.

Bəli, vəfalı ürək dostu Sudeyf müəl­limlə birlikdə ömrünün müdriklik çağını yaşayan Sevda xanım bu gün də ətra­fına işıq saçır, insanlara şəfa bəxş edir.

 

Sevda ƏLİBƏYLİ

Sosial həyat