Akademik Dram Teatrı yeni yaradıcılıq yolunda-VİDEO

post-img

Azərbaycan Milli Teatrı – 150

Akademik Millli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə söhbətimiz onun son illərdəki yaradıcılıq uğurları barədədir.

– Ötən mövsüm sizin üçün çox düşərli oldu, Gənc Tamaşaçılar Te­atrının baş rejissoru kimi, bu sənət ocağının 95-ci mövsümündə hazırla­dığınız “Kod adı V.X.A” tamaşası bö­yük maraqla qarşılandı. Həm mövzu, həm də quruluş baxımından ciddi, baxımlı bir tamaşa ərsəyə gəlib. Bu ideya haradan yaranmışdı? 

– Əvvəl əsərin yazılmasından başlayım, mən həm də əsərin müəllifi kimi, o yolu 22 il əvvəldən başlamışam. 2000-ci ildən bu mövzuya dönə-dönə müraciət etmişəm 

– Repressiyaya uğramış ziyalılar və onların xanımları son illər yaradı­cılığınızın ana xəttini təşkil edir.

– Elədir, “Qırmızı terror–Mircəfər Bağırov” filmindən sonra bu mövzuya marağım artdı. Mövzunu işləyəndə dü­şündüm ki, mütləq repressiyaya uğra­mış kişilərin xanımları barədə yazacam. 1937-ci ildə, xüsusi maddə ilə “vətən xainləri”nin ailə üzvləri sürgünə göndə­rilir, cəzalandırılırdı. Məni bu günahsız qurbanların özlərindən çox ailələri dü­şündürürdü. Onların 90 faizi ailəsindən imtina etməyənlər idi. Halbuki rəsmi surətdə ayrılan, ailəsindən imtina edən repressiyaya uğramırdı. İmtina etsəy­dilər, onlar da sürgün olunmazdılar. Bu mövzu mənim içimdə uzun illər yol gəl­di. Gənc Tamaşaçılar Teatrına baş re­jissor təyin olunanda düşündüm ki, 80 nəfərlik böyük truppa ilə bu mövzunu işləmək olar. Orada elə aktyor var idı ki, illərlə səhnəyə çıxmamışdı – 20 il tərəf müqabili olmayan aktyorlar var idı. Bü­tün truppanı ayağa qaldırıb yaradıcılıq­larına nəzər yetirmək üçün irihəcmli bir iş olmalı idi. Mövzu da artıq yetişmişdi. 

37-ci il, 37 qadın məsələsini uzun müddət planlaşdırmadığım halda özü formalaşdı. Ən ideal vəziyyət yaranmış­dı, həm aktyor sayı, həm teatrın özü­nün ab-havası, mövzu, qadınlar. Hansı teatrda 37 aktrisa tapmaq olar? Bütün bunlar hamısı cəm oldu. Əlbəttə ki, te­atrın direktoru Nahidə İsmayılzadə də bu böyük işin altına məmnuniyyətlə çi­yinlərini verdi. Düzdür, dövlət sifarişi idi, amma texniki problemlər də yox deyildi. Teatr bütün gücünü topladı və biz bu işi gördük. 

Truppaya çox minnətdaram, ağır rejim idi, tamaşa 4 saat çəkirdisə, gö­rün, bir gündə iki dəfə məşq etmək nə demək. Fasilə ilə 9-10 saat məşq edir­dik. Hər gün və neçə ay ardıcıl işlədik. Truppa çox işlək tələblərə dözümlü idi. Hamı gücü çatacaq qədər iş gördü. 

– Tamaşaçı üçün də asan deyildi, ağır tamaşa idi. Hamı bütün enerji­sini sərf edib baxırdı, sona insanın enerjisi qalmırdı. Görün, səhnədə­kilər necə yorulurdu, sonda bu hiss olunmurdu. Alqışa çıxanda hamı şən, gümrah görünürdü. 

– Truppanın bu gücü və həvəsi məni sevindirdi. 4 saatlıq tamaşa və iki gün ardıcıl eyni tamaşanı oynamaq teatr tarixində ilk dəfə idi. Sənət baxımından isə mənim o repressiyaya uğramış qa­dınlar qarşısında bir borcum vardı. Bu işlə onlara “biz sizi xatırlayırıq, unutma­mışıq”- demək istədim. Həyatın ən də­rin burulğanına düşən ən mərd qadınlar üçün bu işi görə bildiyimə görə çox xoş­bəxtəm. 

– Mövzu kino üçün idealdır, məsələn, Qazaxıstanda Akmo­la düşərgəsində çəkilməli bir film nəzərdə tuturuq.

– Haqlısınız, əslində, bu əsər ilk dəfə kinopovest kimi yazılmışdı. 2011-ci ildə o cür çap olunub. Sadəcə, elə bir zamana düşdü ki, pyes kimi yenidən iş­lədim.

– Tamaşanın uğuru sizi Akademik Dram Teatrına bədii rəhbəriyə gətir­di. Burada sizi çox işlər gözləyir. Nə­dən başladınız?

– Bəli, 2023-cü ilin may ayının so­nundan buradayam. Akademik Milli Dram Teatrı doğma teatrımdır. Burada 25 il çalışmışam. Tələbəlik illərindən bu teatrda olmuşam. Diplom işim, ilk tamaşalarım burada oynanılıb. Ona görə də yeni təyinatım gözlənilməz ol­madı. Müxtəlif teatrlarda çalışmışam, Musiqili Teatrda, “Yuğ”da, Gənc Tama­şaçılar Teatrında. Azərbaycan teatrı bir məkandır, hansında olmağımızdan asılı olmayaraq, səhnə yaradıcılığı ümumi prosesdir.

Bu teatra çətin vaxtda gəldim, ana teatr statusunu ona yenidən qaytarmaq lazımdır. Baş teatr bütün qalan teatrlar üçün mayak olduğunu sübut etməlidir. Teatr var, truppa var, kifayət qədər peşa­kardırlar. Yetər ki, zəruri işlər görülsün. Əlbəttə, 1-ci repertuar məsələsidir. Aka­demik teatrda tamaşasının qoyulmasını istəyən dramaturq həddən çoxdur. Bu teatrın səhnəsi sınaq meydanı deyil, modern dramaturgiyaya yer verilməlidir. Eksperiment və sınaq üçün də meydan lazımdır, ona görə, kiçik səhnədə kast etməyə başladıq. Gənc müəlliflərin, aktyor və rejissorların, teatr bəstəkarları­nın, rəssamlarının kastını edib, oradan ilk müsabiqədən keçib, böyük səhnəyə vəsiqə almalarını təşkil edirik.

Kiçik səhnədə il ərzində 3 müəllif, 3 tamaşa müəyyən edirik. Onlardan ən yaxşısı böyük səhnəyə vəsiqə alacaq. Sonra aktyorların məşğulluq məsələsi­dir və ondan da öncə nizam-intizamdır. Bu teatrın aktyoru əsas iş yerində ça­lışmalıdır. 

Yeni bədii şura yaratdıq, 70 faizi nü­fuzlu şəxslərdir. Yeni repertuarda bu il üçün 3 tamaşa müəyyən etmişik. Gələn il üçün 7 yeni tamaşa nəzərdə tutulub. Repertuardakı köhnəlmiş tamaşalara yeni yanaşma olacaq. 

– Tamamilə repertuardan çıxarı­lan tamaşa da olacaqmı?

– Mən tamaşa çıxartmıram, onun yaşama ömrü var. Yaşaya bilməsə, öz-özünə çıxır repertuardan. Bu möv­süm üçün 3 yeni tamaşanın biri Anarın “Dantenin yubileyi”dir, Ərşad Ələkbərov hazırlayır. O biri Tofiq Kazımovun yubi­leyinə həsr edilən Şıxəli Qurbanovun “Sənsiz”idir. Nihad Qulamzadə hazırla­yır. O maraqlı rejissordur, 4.4 Teatr fes­tivalında əsas mükafatı qazanıb. Yeni yanaşma olacaq. 3-cü tamaşa Çingiz Aytmatovun “Əsrə bərabər gün” əsəri­nin tamaşasıdır. Onu mən hazırlayaca­ğam, ssenarini də özüm işlədim.

– Yeni dramaturgiyaya da böyük ehtiyac varmı?

– Bu məsələyə bir nəfərin zövqü ilə yanaşmaq düzgün deyil. 44 günlük Vətən müharibəsindən sonra Mədəniy­yət Nazirliyi Zəfər mövzusunda müsa­biqə elan etdi. 70-dən artıq pyes oxu­dum, 2-si xoşuma gəldi. Birini gələn ilin repertuarına salacagıq, çox gənc müəl­lifin əsəridir. 

– Baş teatr ölkə sərhədlərini necə aşır? Bu sahədə hansı yeniliklər var?

– Teatr festivallara gedirdi. Nə qa­zanıb, qazanmaması isə bəzən siya­si məsələ olurdu. Bizə münasibət bu sahədə də özünü göstərirdi. İndi qalib ölkəyik, vəziyyət dəyişib. Hara get­sək, artıq alqışlayacaq, yer verəcəklər. Gələn il Sankt-Peterburqa Aleksandriy­ski teatrına gedəcəyik, onlar da bizim teatrda tamaşalar göstərəcəklər. Mü­badilə formasında. Hələ ki, planda bu­dur, qalanını gələcək göstərəcək. Kiçik cığırların açılması böyük yollara aparır. 

– Çətin işləri sevirsiniz, həmişə də uğurlu alınır. İnanırıq ki, açdığınız yeni cığır sizi böyük yollara qovuş­duracaq. 

– Sağ olun, oktyabr, noyabr, dekabr aylarında premyeralarımız var, tamaşa­çılar bizi izləsinlər. Məramımız bu teatrı ana teatr statusunda mayak olaraq gör­məkdir. 

Ramilə QURBANLI
XQ

https://www.youtube.com/watch?v=V5HEx0WTd8A

 


Müsahibə