Gerçəyi saxtalaşdırmaq üzrə püxtələşmiş haylar öz rəmzlərini də təhrif ediblər
Ermənilərin həm də bu sahədə bizi qınamağa heç bir haqlarının olmadığını özlərinin soyuq başları da yaxşı bilərlər. 2020-ci ilin sentyabrından sonra bölgədə yaranmış yeni reallıq fonunda yalnız özlərinin ziyanına işləyən saxta və çürük nəzəriyyələrdən əl çəkmək istəməyənlərin yaşadığı məkanı məhz “Cəfəngistan” adlandırmağımız daha doğru olar.
Hayların uydurduqları tarix barədə yazdıqları kitablarda, tərtib etdikləri dərsliklərdə özlərini Cənubi Qafqazın əksər ərazilərinin şəriksiz sahibi kimi qələmə vermələri bu günün məsələsi deyil. Onların yalanlarını Azərbaycan alimləri ilə yanaşı, rus, gürcü alimləri, hətta bəzi erməni tarixçiləri üzə çıxarıblar, bu barədə əsərlər yazıblar. Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin gerbindəki təsvirlər, coğrafiya dərsliklərindəki tarixi adlarla bağlı yanlışlıqlar barədə dəfələrlə çıxışlar edib, bu barədə parlamentin tribunasından danışıb. Amma təəssüf ki, hay cəmiyyətində hələ də saxta tarixi təbliğ edənlər qonşulara qarşı nəinki ərazi iddiaları irəli sürürlər, hətta “dərsliklərindəki təhriflərdən” dəm vururlar.
Son vaxtlar Ermənistanda Azərbaycanın orta məktəblərində tədris olunan tarix dərsliklərinə dəyişiklik edilməsi barədə çağırışlar eşidilir. Özünü sahənin eksperti kimi təqdim edən Tatevik Hayrapetyanın V sinif tarix dərsliyindən gətirdiyi sitata diqqət yetirin: “Ermənistan SSR tarixi Azərbaycan torpaqlarının qərb hissəsində yaradılıb. Sonralar Moskva Azərbaycan SSR-ə məxsus torpaqların bir hissəsini, o cümlədən Şərur–Dərələyəz və Qərbi Zəngəzuru Ermənistan SSR-ə verdi. Nəticədə Azərbaycan Naxçıvandan ayrıldı. Ata-baba yurdlarından zorla qovulan soydaşlarımız sonradan “Qərbi Azərbaycan” icmasını yaratdılar. Bu icma Qərbi Azərbaycanda tarixi irsimizin qorunub saxlanmasını, köçkün əhalinin hüquqlarını beynəlxalq təşkilatlarda müdafiə edir. Onlar öz vətənlərinə qayıtmaq üçün mübarizəni davam etdirirlər”.
Bunun ardınca T.Hayrapetyan sual edir: “Bu, Azərbaycanda bütöv bir nəslin Ermənistana qarşı yetişdirilməsinə xidmət edən dövlət təbliğat proqramı deyil, bəs nədir?”.
Bəs, əslində, bu kimi çağırışlar nədən xəbər verir? 1920-ci ildə Ermənistan SSR-nin yaranmasının canlı şahidi olan insanlar var. Məgər biz Ermənistanın xoşuna gəlsin deyə tariximizi təhrif etməliyik? Bütün dünyaya bəllidir ki, Ermənistan adlı dövlət Cənubi Qafqazda Rusiyanın təşəbbüsü ilə Azərbaycan torpaqlarında yaradılıb. Ermənilərin bu bölgəyə köçü isə 1828-ci ildə İranla Rusiya arasında bağlanan Türkmənçay sülh müqaviləsindən sonra başlayıb. Bunu bildiyimiz halda, Vaşinqton razılaşmasından sonra tarix dərsliklərinə dəyişiklik etməliyik?
***
Mövzu ilə bağlı XQ-yə açıqlama verən Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Tatevik Hayrapetyanı üzdəniraq azərbaycanşünaslardan biri kimi tanıdığını bildirdi: “O, yazılarında, çıxışlarında erməni cəmiyyətinə Azərbaycan gerçəklərini əyri güzgüdə təqdim etməyə çalışır. Bu işi görərkən çox ucuz üsullardan istifadə edir. Hayrapetyan bizim dərsliklərdə gerçəkləri dəyişdirməyi iddia edərkən, yumşaq desək, qabaqdangəlmişliyə yol verir. Maraqlıdır ki, hələ Vaşinqton Bəyannaməsi imzalanmamış ermənilərin dərs kitablarında dəyişiklik məsələsi cəmiyyətin özündə müzakirə mövzusu idi. Xatırlayırsınızsa, bu müzakirələrə baş nazirin özü də qoşulmuşdu”.
Erməni irqçi düşüncəsinin orta məktəb dərsliklərində yer almasının danılmaz fakt olduğuna diqqət çəkən ekspert indi bu sahədə də təmizləmə prosesinin başlanmaqda olduğunu vurğuladı: “Ermənistan təhsil nazirliyinə 2024-cü ildə hökümətin təlimatı var. Tatevik Hayrapetyanın dilindən belə bir iddianın səsləndirilməsi ilə demək istəyirlər ki, biz dərsliklərə əl gəzdiririksə, Azərbaycan da bu addımı atsın. Guya, Vaşinqton Bəyannaməsində belə bir addımın atılmasını tərəflər öz öhdələrinə götürməlidir. Bu, erməni bicliyi, fürsətdən istifadə etmək cəhdidir.
Onların dilə gətirdiyi dərs kitablarında Ermənistan dövlətinin Azərbaycan torpaqları hesabına yaradılması faktı, 1920-ci ildə Qərbi Zəngəzurun, Şərur-Dərələyəzin, Göyçə ətrafı kəndlərin Ermənistan SSR-ə verilməsində hansı yanlışlıq var? Bəli, 1918-ci ilin mayında Ermənistan dövləti Azərbaycan torpaqlarında elan olunub. O zaman bu respublikanın ərazisi cəmi 9 min kvadratkilometr idi. Sonra necə oldu ki, Ermənistan ərazisi 29,743 min kvadrat/kilometrə çatdı? Məgər biz uşaqlarımıza bunun səbəblərini izah etməli deyilik? Qərbi Azərbaycanla bağlı qurumun dərs kitablarında öyrədilməsində nə qəbahət var? Amma onların dərsliklərində Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından danışılır, bizə nifrət aşılanır”.
Professor Q.Çaxmaqlı erməni dərs kitablarında faşizmin təbliğ olunduğunu, terrorçuların qəhrəman kimi tanıdıldığını öz əsərlərində yazdığına diqqət çəkdi: “Andranik Ozanyan, Qaregin Njde, Soğomon Teyliryan, Monte Melkonyan erməni millətinin qəhrəmanları sayılırlar. Ermənicə dərs kitablarında Njdedən bəhs edilən hissədə onun faşizmi təbliğ edən, onunla öyünən fikri verilir: “Faşizmin varlığı, hitlerizm haqqında bir bilgi yoxkən, bu ideologiyanı 1919-da Sünik dağlarında bizim David Bek qisasçıları ayaqda tuturdular”. Həmin dövrdə və daha sonrakı illərdə daşnaklar tərəfindən nəşr olunan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris) kimi müxtəlif jurnal və qəzetlərdə Njde aktiv fəaliyyətdə idi. Onun yazılarının tək hədəfi türklər və Türkiyə, Azərbaycan, məqsədi isə xarici ölkələrə dağılmış ermənilərdə türklərə qarşı genetik nifrət duyğusu yaratmaq idi. 1919-cu ilə aid ermənicə sənədlərdə bütün bunlar vardır. Azərbaycan və Türkiyəyə, millətimizə genetik nifrət! IX siniflər üçün “Erməni tarixi” kitabında (“Erməni tarixi”. Yeni dövr. II hissə. Dərs kitabı. IX siniflər üçün. “Marmar”, 2019. s.96.) Njde belə təqdim olunur: “Kimlər üçünsə “hərbi cani”, bizim üçün isə Ermənistanın xilaskarıdır Qaregin Njde”. Kitabın başqa bir yerində Njdenin bu fikirləri çatdırılır: “Kim Türkiyənin yanındadırsa, o, mənim millətimin və bizim tarixi ərazilərimizə sahibolma haqqımızın düşmənidir. Elə bir düşmən ki, onu heç Allah belə mənimlə barışdıra bilməz. Budur mənim siyasi davranış tərzim…”. Hayların dərs kitablarında belə irqçi düşüncələr olduqca çoxdur. Mən hələ millətçi kitabları, türklərə qarşı düşmənçiliyi təbliğ edən yazıçıları demirəm. Bu düşüncə kökündən dəyişməlidir. Bunu edəcəklərmi? T.Hayrapetyan kimi “tarixçilərin” bizə hücumlarının arxasında bəlli mətləblər durur. Onları dəyişdirməkdən, faşist ideologiyasından imtina etməmək üçün bəhanələr aramaq tanış hay üsuludur”.
***
XX əsrin tarixi ermənilərin Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi faktları ilə zəngindir. Azərbaycanlıların öz tarixi ərazilərindən sıxışdırılması, Ermənistandan qovulması və bu ərazilərin hissə-hissə itirilməsi, eləcə də sonra Azərbaycana təcavüz, torpaqlarımızın işğalı yaxın tarixin yaddaşına yazılıb. Bu hadisələrin start fiti XIX ərsin əvvəllərində – 1813-ci il Gülüstan və 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasından sonra verilib. Həmin dövr Ermənistan orta məktəblərində, əsasən VIII və IX sinif tarix dərsliklərində əks olunub. VIII sinif “Erməni tarixi” (Aşot Melkonyan, Aram Simonyan, Aram Nazaryan, Akob Muradyan, İrəvan, “Zangak” nəşriyyatı 2013-cü il) XVII əsrin ortaları –1918-ci ilin mayınadək dövrü, IX sinif “Erməni tarixi” (Vladimir Barxudaryan, Ararat Hakobyan, Hamlet Harutyunyan,Vladimir Ghazaxetsyan, Edvard Minasyan, Edvard Melkonyan, “Manmar” nəşriyyatı, 2014-cü il) 1918-ci ilin may ayı – 2000-ci illəri əhatə edir.
Konkret misallar: VIII sinif dərsliyinin giriş hissəsində müəlliflər XVII əsrdə ermənilərin İran və Osmanlı dövlətləri çərçivəsində yaşamalarını müsəlmanların əsarətində qalmaq kimi dəyərləndirərək, bundan yalnız xristianların vasitəsilə qurtulub öz dövlətçiliklərini bərpa edə biləcəyini izah edirlər. Bununla bağlı, “xristian Avropanın” yardımını almaq üçün İsrael Orinin fəaliyyətinə istinad edirlər. Ümumiyyətlə, bu dərslikdə digər hadisələrin təsviri, o cümlədən erməni kilsəsinin rolu barədə hissələr ermənilərin hələ məktəb dövründən xristian və müsəlman qarşıdurması ruhunda böyüdüldüklərini nümayiş etdirir. X sinfin “Erməni tarixi” dərsliyində isə hayların “Erməni yaylasının yerli sahibləri və varisləridir” iddiası erməni tarixçilərinin “dünyagörüşünü” daha aydın formada nümayiş etdirir.
Adlarını qeyd etdiyimiz müəlliflərin hazırladıqları dərsliklər uzun illərdir ki, Ermənistanda geniş istifadə olunur. Bu dərsliklərin vaxtaşırı təkrar nəşr olunmasına baxmayaraq, məzmun baxımdan ciddi dəyişikliklərə məruz qalmayıblar. Əlbəttə, erməni tərəfinin tarixi saxtalaşdırmaq və miflər yaratmaq sahəsində qeyri-adi istedadını nəzərə aldıqda dərsliklərdə uydurmaların yer alması təəccüb doğurmamalıdır. Halbuki, tarixi həqiqətlərin gizlədilməsi və ya təhrif edilməsi səbəbindən bu iki dərslikdə uyğunsuzluq və məntiqsizlik kifayət qədərdir.
Ümumiyyətlə, Ermənistanda tarix dərsliklərinin təhlili onu göstərir ki, bu kitablar azyaşlı ermənilərin şüuruna, guya, Azərbaycan xalqının öz tarixi ərazilərində yad olduğunu, bununla da həmin ərazilərdə yaşamaq hüququmuzun olmadığını yeridir. Artıq bölgədə geosiyasi, eləcə də humanitar durumun dəyişməsinə baxmayaraq daşnak-separat düşüncəli haylar hələ də Qafqazda bizim mövcudluğumuzla barışmaq istəmirlər. Bu mərəz onları sağlam təfəkkürdən məhrum etməklə yanaşı, Absurdistan cəmiyyətində azərbaycanlılara qarşı nifrətin şiddətləndirilməsinə xidmət edir. Amma əminik ki, bu zehniyyətin ömrü “tünd sirkənin sonda öz qabını çatladana” qədərdir...
İ.HƏSƏNQALA
XQ