III “Qorqud Ata” Türk Dünyası Film Festivalının münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərinə səfər ediblər.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.
Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb. Onlar Azərbaycan mədəniyyətinə, ədəbiyyat elminə görkəmli şəxsiyyət bəxş etmiş Şuşanın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar. Kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.
XQ