“Qorqud Ata”nın zirvə görüşü

post-img

Xəbər verdiyimiz kimi, paytaxtımızda III “Qorqud Ata” Türk Dünyası Film Festivalı keçirilir. Sənət bayramı çərçivəsində dünən "Baku Marriott Hotel Boulevard"da türk respublikaları və qurumlarından nümayəndələrin iştirakı ilə zirvə görüşü təşkil olunub. 

Toplantıda TÜRKSOY-un baş katibi Sultan Raev, qurumun nümayəndələ­ri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıs­tandan müvafiq nazirliklərin rəsmiləri, kinematoqrafiya sahəsi ilə bağlı aidiy­yəti qurumların məsul şəxsləri, tanın­mış kino xadimləri iştirak ediblər.

Azərbaycan Respublikası mədəniy­yət nazirinin müşaviri Orxan Fikrətoğlu qonaqları salamlayaraq, qeyd edib ki, Türk dünyasının birləşməsi artıq regionda, o cümlədən, beynəlxalq müstəvidə qədim bir mədəniyyətin yenidən dünya gündəminə gətirilmə­sidir: "Şübhəsiz ki, mədəniyyət bu in­teqrasiyanın əsas amillərindən biridir. Mədəniyyətin ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşü­nürəm ki, heç kəsdə şübhə doğurmur. Mədəniyyət Nazirliyi olaraq həm döv­lət–özəl münasibətlərinin formalaşma­sına önəm verir, həm də türk xalqları, ümumiyyətlə isə dünya kinematoqrafi­ya məktəbləri ilə inteqrasiyaya çalışı­rıq. Son zamanlar bizim yaratdığımız və bir sıra ölkələrlə birgə çəkdiyimiz filmlər artıq ekranlardadır. Bu gün biz Azərbaycan, Türkiyə, Özbəkistan, Qır­ğızıstan və digər ölkələrin prodüsser şirkətlərinin təqdim etdiyi layihələri nəzərdən keçirəcəyik. Bu platformanın yaranması Türk dünyasının kinema­toqrafiyası sahəsində inteqrasiyasına xidmət edəcək".

Daha sonra “113 gün”, “Proyekt 2602”, “Sən haralısan, durna?”, “Mər­mər soyuğu”, “Himayədar”, “30 möv­süm səfərdə”, “Hadrut, sən azadsan”, “Nobel qardaşları”, “Qoçu”, “Mavi quş”, “Miras”, “Heyelan” (“Sürüşmə”), “İn­san”, “Sofiya”, “Xəyal quşu”, “Gülmira” və digər filmlərin təqdimatı olub.

Festival komitəsinin sədri İhsan Kabil III “Qorqud Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətindən bəhs edib. “TRT Sinema”nın rəhbəri Faruk Güvən qurumun iş prinsipi haqqında məlumat verib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdi­ri Erkin Yılmaz türk kinosunun inkişafı barədə fikirlərini söyləyib. Türkiyəli ta­nınmış aktyor Serdar Gökhan çıxışın­da tədbirdə iştirakından məmnunluğu­nu ifadə edib.

Qeyd edək ki, tədbirin məqsədi türk xalqlarının ortaq dəyərlərini, mədəniy­yətini kinoda əks etdirmək, müstəqil türk respublikaları, digər türk muxtar respublikaları ilə birlikdə müştərək film istehsalının inkişafına təkan verməkdir.

R. QURBANLI
XQ

Mədəniyyət