Uşaqların zərərli informasiyalardan qorunması günün tələbidir

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabrın 2-də “Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib.

Komitə sədri Bahar Muradova uşaq­lara qarşı zorakılıqla mübarizənin bir is­tiqaməti kimi informasiya təhlükəsizliyi məsələsinin bütün cəmiyyətlərdə ilk yer­də dayandığını bildirib. Uşaqların zərərli informasiyadan qorunması istiqamətində ölkəmizdə güclü hüquqi bazanın forma­laşdırıldığını qeyd edən Bahar Muradova bu istiqamətdə qəbul edilən müvafiq qa­nunvericilik aktlarının həyata keçirilmə­sində rəhbərlik etdiyi komitənin, eləcə də müvafiq qurumların üzərinə böyük və­zifələr qoyulduğunu diqqətə çatdırıb. 

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu sahədə istər dövlət qurumları, istərsə də özəl təşkilatlar, vətəndaş cəmiyyəti institutları ilə birgə fəaliyyət göstərdiyini diqqətə çatdırıb və görülən işlərdən, qar­şıda duran vəzifələrdən danışıb. 

Mədəniyyət nazirinin müavini Səa­dət Yusifova qeyd edib ki, infodemiya – müxtəlif məzmunlu informasiya bolluğu dövründə uşaqların zərərli, manipulyativ və saxta informasiyalardan qorunması ol­duqca vacibdir. O, uşaq və yeniyetmələri informasiya məkanında artan təhlükələr­dən qorumaq məqsədilə dövlət tərəfindən hüquqi və əməli tədbirlərin görüldüyünü, sistemli fəaliyyət reallaşdırıldığını bildirib və bu sahədə Dövlət Komitəsinin fəaliy­yətini yüksək qiymətləndirib. 

Audiovizual Şuranın aparat rəhbə­ri Fazil Novruzov çıxışında informasiya kirliliyi dövründə təhlükəsizlik məsələləri ilə bağlı koordinasiyalı iş aparılmasının, həmçinin maarifləndirmənin əhəmiyyətin­dən danışıb.

Mətbuat Şurasının sədri Rəşad Mə­cid uşaqların informasiya təhlükəsizliyi məsələsinin mühüm məqamlarına toxu­nub, əsas tənzimləyici vasitənin filtr proq­ramları və valideyn məsuliyyəti olduğunu bildirib. O, Dövlət Komitəsi tərəfindən hazırlanmış hesabatı, eləcə də qadın və uşaq mövzularının mediada işıqlandırıl­ması prinsiplərini özündə əks etdirən töv­siyələri yüksək qiymətləndirib, gələcəkdə bu sahədə birgə əməkdaşlıq təkliflərini irəli sürüb.

XQ

Sosial həyat