Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu bu xəttə qoşulacaq
Bu gün Orta Dəhliz səmərəli fəaliyyət göstərir və infrastrukturun inkişafı məqsədilə müəyyən layihələr həyata keçirilir. Bir müddət bundan əvvəl Polşanın Karpaç şəhərində reallaşan iqtisadi forumda Orta Dəhlizin nadir coğrafi mövqeyi yüksək dəyərləndirilərək onun Avropa və Asiyanı birləşdirən həyati körpü rolunu oynadığı vurğulanıb. Bununla yanaşı, dəhlizin Mərkəzi Asiyanın resursla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirdiyi və bu nəqliyyat platformasından regiondakı bütün ölkələrin faydalandığı diqqətə çatdırılıb.
Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin icrası ilə əlaqədar yaradılan işçi qrupunun iclasında təşəbbüsün yaxın günlərdə gerçəkləşdirilməsinə başlanılması haqqında qərar qəbul edilməsi də Mərkəzi Asiyanın sözügedən infrastruktura böyük əhəmiyyət verdiyini göstərir. Bu, təsadüfi deyil. Çünki Rusiya ilə Ukrayna arasında sonu hələ də görünməyən savaş Orta Asiya, Çin və Cənub–Şərqi Asiya ölkələrini Avropa ilə ticarət əlaqələri üçün yeni yollar axtarmaq məcburiyyəti ilə üzləşdirir.
Xatırladaq ki, hələ 2022-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən zirvə görüşündə Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolunun çəkilməsi haqqında saziş imzalanıb. Ümumi uzunluğu 454 kilometr olan yolun 18 stansiya, 81 körpü və 41 tuneldən ibarət olması nəzərdə tutulub. Bu yolun inşasının aparılacağı Toruqart–Arpa–Məkmal–Cəlalabad marşrutu üzrə texniki-iqtisadi əsaslandırma işləri isə cari ilin iyun ayında yekunlaşdırılıb. Bütövlükdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun layihəsinin iqtisadi və texniki əsaslandırması isə yuxarıda vurğulandığı kimi, artıq başa çatdırılıb. Bununla bağlı Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev mediaya məlumat verib.
Qazaxıstan mətbuatının yaydığı məlumata görə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi Mərkəzi Asiyanın Avropa ilə yanaşı, Cənub–Şərqi, Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxışını reallaşdıracaq. Bu dəmir yolu Çin ilə Türkiyə arasındakı yükdaşımaların həcmini artırmaqla bərabər, məsafəni 900 kilometr qısaltmaqla qatarların 8 gün ərzində mənzil başına çatmasını gerçəkləşdirəcək. Nəticədə isə nəqliyyat xərcləri azalacaq.
Ekspertlərin fikrincə, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin uğurlu sonluğu həm də bu infrastrukturun Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə–Orta Dəhlizə qoşulması ilə bağlı olacaq. Başqa sözlə, bu layihə– Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yükdaşımaları həyata keçirmək üçün nəzərdə tutulan Orta Dəhliz marşrutlarından biri kimi fəaliyyət göstərəcək.
Yeri gəlmişkən, Orta Dəhlizin inkişafında sözügedən dəmir yolu layihəsinə qoşulan ölkələr sırasında Özbəkistan xüsusi yer tutur. Bu ölkə yerləşdiyi coğrafiyanı nəzərə alaraq adıçəkilən nəqliyyat dəhlizinin inkişafına töhfə verməyə səy göstərir, Asiyadan Avropaya və əks istiqamətdə həyata keçirilən yükdaşımalarda tranzit rolunu oynamağı qarşıya mühüm vəzifə kimi qoyur. Şübhəsiz ki, belə bir istək, eyni zamanda, Özbəkistanın Orta Asiya və Qafqaz respublikalarının da tranzit potensialının artırılmasını şərtləndirir.
Onu da qeyd edək ki, Özbəkistan Orta Dəhlizin əsas infrastrukturlarından biri olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolundan istifadəni də diqqətdə saxlayır. BTQ dəmir yolu dost ölkənin məhsullarının dünya bazarına çıxmasında əhəmiyyətli rol oynayır. Xatırladaq ki, gələn il BTQ dəmir yolunun yükaşırma qabiliyyətinin 5 milyon tona yüksələcəyi gözlənilir. Bu halda Özbəkistanın ixrac qabiliyyətinin də artacağı heç bir şübhə doğurmur. Bundan əlavə, Özbəkistan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə ticarət əlaqələrini genişləndirməkdə də maraqlıdır. Bu məqam statistik göstəricilərdən də aydın nəzərə çarpır. Belə ki, keçən il Özbəkistan Bakı Limanı ilə 904 min ton ixrac-idxal əməliyyatı gerçəkləşdirib ki, bu da 2021-ci illə müqayisədə 65 faiz çoxdur. Eyni zamanda, cari ilin sonunadək adıçəkilən ölkə tərəfindən Azərbaycan limanları vasitəsi ilə 1,5 milyon ton yükün idxal-ixracının reallaşdırılması planlaşdırılır. Ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının buraxılış qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona, hazırkı 100 min konteynerdən isə 1 milyon konteynerə qədər artırılması nəzərdə tutulur.
Bütün bu qeyd edilənlərdən belə bir qənaətə gəlinir: dost ölkə yaxın gələcəkdə Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsində fəal iştirak etməklə mühüm yüklərin Çindən Qırğızıstan-Özbəkistan və Qazaxıstandan keçən dəmir yolu ilə Orta Dəhlizin əsas hissəsinə–Azərbaycana daxil olmasına əlverişli şərait yaradacaq. Nəticədə yüklərin respublikamızdan Türkiyə və Avropaya daşınması öz həllini tapacaq.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
Göründüyü kimi, Azərbaycan artıq beynəlxalq aləmdə Şərq–Qərb, Şimal–Cənub nəqliyyat dəhlizləri ilə yanaşı, Orta Dəhliz marşrutu ilə də mühüm mərkəz kimi tanınır. Ölkəmizin tərəfdaşları ilə birlikdə bu nəqliyyat infrastrukturunun tam ötürücülük gücü ilə fəaliyyətini təmin etmək üçün praktik işlər görülür. Azərbaycan hökuməti tərəfindən dəhlizlərin inkişafına mühüm vəsait ayrılması, respublikamızda avtomobil və dəmir yollarının müasir səviyyədə qurulmasına xüsusi önəm verilməsi, həmçinin əsaslı təmirin aparılması bunun bariz ifadəsidir.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası hazırda Sinqapurla birlikdə Orta Dəhlizin rəqəmsallaşması konsepsiyasını yaradır. Assosiasiyanın baş katibi Haydar Abdikerimovun mediaya bildirdiyinə görə, bu gün dəhlizin detalizasiyası üzrə işlər görülür və cari ilin iyunundan dəhlizə qoşulan ölkələrin (Sinqapur, Bolqarıstan və Litva) tezliklə bu marşruta qoşulacağı gözlənilir.
Haydar Abdikerimov bildirir ki, Orta Dəhlizin rəqəmsallaşması üzrə işlər Sinqapurun aparıcı şirkətləri ilə həyata keçiriləcək. Bu konsepsiya iştirakçılar arasında məlumat mübadiləsinin yaxşılaşmasına, həmçinin sərhəd keçidlərinin sürətləndirilməsinə səbəb olacaq.
Sərhəd keçidlərinin sadələşdirilməsindən danışan assosiasiyanın baş katibi qeyd edib ki, bu məsələ ilə bağlı Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) və BMT-nin struktur bölmələri ilə birgə layihələr reallaşdırılır.
Qarşıdakı beş il ərzində Orta Dəhlizin infrastrukturuna və proseslərin səmərəliliyinin artırılmasına 5 milyard avro investisiya qoyulacaq. Marşrut Mərkəzi Asiya istehsalçılarının Türkiyə, Şimali Afrika və Cənubi Avropa ölkələri istiqamətindəki dünya bazarları ilə inteqrasiyasında mühüm rol oynayacaq.
Marşrutun əsas məqsədi isə Çin, Qazaxıstan kimi ölkələrdən, Xəzər dənizi ilə Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna, Polşa, Rumıniya ərazisindən yük tranzitinin təmin olunmasından ibarətdir.
Vaqif BAYRAMOV
XQ