Bakıda piyada olmaq üçün ya gərək gimnast olasan, ya da akrobat. Çünki bəzi küçələrdəki səkilərdən keçmək üçün xüsusi bacarıq lazımdır. Paytaxtımızda maşınlarını səkilərə qaldıran sürücülər yetərincədir.
Dünən “Sahil” metrostansiyasının qarşısında tanış mənzərə ilə qarşılaşdım. Buradakı piyada keçid məntəqəsindən çıxanda gördüm ki, maşınlar yenə piyada səkilərini zəbt ediblər.
Məcbur qalıb maşınların hərəkəti üçün nəzərdə tutulmuş yolla getdim. Bilirsinizmi bu hərəkətim hansı fəsadlara yol açdı? Mən həm özümü təhlükəyə atmışdım, həm də maşınların rahat hərəkət etməsinə maneələr törədirdim.
Bəzi sürücülər ucadan siqnal verib məndən yoldan tez çəkilməyimi tələb etdilər. Yaşlı bir adam isə “belə yollarda neçə-neçə piyadanı maşın vurub, ehtiyatlı ol qızım!” – dedi.
Bir az irəlilədikdən sonra “insaflı” sürücülərin də olduğunu gördüm. Onlar piyadalar üçün, təxminən, beş-on santimetrlik yer saxlamışdılar. Güclə də olsa, oradan keçib mənzil başına yetdim.
Arzu edirəm ki, bu yazımın azca da olsa, bir faydası olsun. Bəlkə, bundan sonra səkilərdə maşın saxlayanlar öz səhvlərini anlayarlar.
Amma çətin...
Leyla HADİ,
tələbə-jurnalist,
Elşən AĞALAR, (foto)
XQ