Hər tərəf düzənlikdir, ucsuz-bucaqsız xarabalıq, uzaqdan bir çən görünür. Çənin dirəklərini qucaqlayıb fəryad qoparan matəm libaslı bir ana... Onun 25 il əvvəl dünyaya gətirdiyi çiyərparası burada dünyasını dəyişib.
Tuğ kəndində, üzümlüyün kənarındakı bu çən nişangah imiş. Arxada döyüşçülərimizin səngəri olub. Düşmən səngəri vurmaq üçün bu çəni nişan götürübmüş. Ordumuzun zabiti Anar Əliyev və onu xilas etməyə gəlmiş hərbi həkim Adil Əfəndiyev bu yerdə şəhid olublar. II Qarabağ savaşı tarixi zəfərlə bitəndan sonra Adilin doğmaları onun əbədiyyətə qovuşduğu ünvanı təsəlli olaraq ziyarət ediblər.
...Balaca Adil süfrəni dartışdırır, istəyir onu qucağıma götürüm. Mənim fikrim isə nənəsi ilə anasının söhbətindədir – göz yaşları içində, yanğı ilə danışırlar. Axır ki, dinclik tapmayan uşağı qucağıma alıram. Oxşayıb adını soruşuram. Nənəsi deyir ki, balaca Adil Əfəndiyevdir.
Xüsusi təyinatlıların şəhid həkimi Adil Əfəndiyevin ailəsindəyik, bəhs etdiyim uşaq isə onun bacısı Nərminin 1 yaşlı oğludur. Böyük Adil 1995-ci il avqustun 12-də Qazaxda Qədir və Afət Əfəndiyevlərin ailəsində doğulub. Onun dünyaya gəldiyi rayon da Qarabağ kimi düşmən hədəfində idi. Adil dünyaya gələndə yenicə atəşkəsə keçilsə də, sərhəddə ara-sıra atışma gedirdi, yaralanan, şəhid olan da var idi. İkinci Qarabağ savaşında düşməni əzib torpaqlarımızdan qovan döyüşçü nəsli bax o illərdə dünyaya göz açmışdı. Ağılları söz kəsəndən qəsdləri düşməndən intiqam almaq olmuşdu.
Adilin anası Afət xanım fizika müəllimidir. Qazax şəhəri Mehdi Hüseyn adına Humanitar və təbiət fənləri məktəb-liseyində Adilə də dərs deyib:
– Onu universitetə də özüm hazırlamışdım. Adil liseyi 2012-ci ildə əla qiymətlərlə başa vurub. Bütün fənləri əla oxuyub. Tarix müəllimi deyirdi ki, qoyun Adil tarixçi olsun. Biologiya müəllimi təkid edirdi ki, o, həkim olmalıdır. Ədəbiyyatı da çox sevirdi. Evdə indi də kitabxanası yadigar saxlanır. Hərtərəfli uşaq idi, həyatı sevirdi, hər sahəni öyrənmək istəyirdi. Orta məktəbi bitirdiyi il Azərbaycan Tibb Universitetinə qəbul olundu. Hərbçi həkim olmaq da öz seçimi idi. Deyirdi ki, Qarabağı tez-gec savaşla geri qaytarmalı olacağıq. Universiteti əla qiymətlərlə başa vurub Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdı.
Müharibənin ilk günlərindən Adil də cəbhəyə getmək üçün hərbi rəhbərliyə müraciət edib. Tələbəlik dostu Turqut Xəlilbəylinin şəhid olması onun intiqam hissini alovlandırıb. İstəyinə çatanda atasına deyib ki, anama, bacıma demə. Atası deyəndə ki, bala, özünü qoru, bildirib: “Özümü qorumağa gedirəm, yoxsa Vətəni?”.
Anasının dediklərindən öyrəndik ki, Adil Naxçıvandan xidmət etdiyi Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müharibəyə yollanıb. 18 oktyabrda onları döyüş bölgəsinə, Füzuli rayonuna gətiriblər. Oktyabrın 22-də Xocavənd–Cəbrayıl–Füzuli istiqamətində Tuğ kəndində qızğın döyüşlər zamanı yaralanmış komandiri Anar Əliyevin həyatını xilas edərkən onunla birlikdə şəhid olub. Anarın yaralı fəryadını eşidib. Eşidib ki, atəşin altında yaralı halda “Əfəndiyev” – deyə onu çağırır. Feldşeri “mən gedərəm, siz qalın” – deyəndə ona acıqlanıb ki, sənin ailən var, komandiri özüm çıxaracağam, atəş olsa, qoy mənə dəysin”.
Atəş altında Anar Əliyevin yarasını sarıyıb arxaya çıxartmağa çalışarkən həmin yerdəki su çəninin altına əl qumbarası atıblar. Adil Anar Əliyevlə birlikdə Xocavəndin Tuğ kəndindən Şuşaya gedən yolda şəhid olub. Oktyabrın 25-də Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilib.
Afət xanım danışdıqca gözləri bulud kimi dolub-boşalır. Ağlamır, yağış yağır yanaqları boyu: “Bacısı nişanlı idi, toyunu edəcəkdik, Adil dedi ki, məni gözləməyin. Dedim, olmaz, bircə bacın var, bircə qardaşısan, sənsiz olmaz”. Bacısı da oturub anasını dinləyir, ağlayır, hərdən söhbətə qoşulur, qardaşı barədə danışır, həsrət dolu sevgi ilə elə danışır ki, sanki qardaşı indicə qapını açıb içəri girəcək...
25 yaşında şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları, “3-cü dərəcəli Vətənə Xidmət” ordeni ilə təltif edilib. Təhsil aldığı Azərbaycan Tibb Universitetində mühazirə salonu onun adını daşıyır. Universitetin həyətindəki şəhid tələbələr lövhəsinə də adı həkk olunub. Qazaxda bir küçəyə onun adı verilib. Həm Qazaxda, həm də Bakıda yaşadığı binaların üstünə barelyefi vurulub. Bakıda yaşadığı binanın həyətində onun şərəfinə abidə kompleksi inşa edilib.
...Bir də indi qucağıma sığınmış bacısının oğlu – 1 yaşlı Adil Əfəndiyev. Bütün bunlar həmişə 25 yaşda qalacaq igid hərbi həkim Adil Əfəndiyevin ölməzlik nişanələridir.
Ramilə QURBANLI
XQ

