Xalq qəhrəmanının milli qəhrəman nəticəsi

post-img

Azərbaycan Xalq Cümhuriyyəti tarixindən bildiyimiz kimi, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov 1919-cu ilin mayında daşnak general Dronun silahlılarını darmadağın edərək, Xankəndi və Şuşanı geri alıb. O, həm də AXC-nin ilk hərbi naziri olub. 

Xosrov bəyin qardaşı Sultan bəyin də adı millətimizin şərəf tarixinə yazılanların sırasında qürurla çəkilir. Cümhuriyyətin qorunması uğrunda mərdliklə mübarizə aparmış Sultan bəy Laçın rayonunun Zabux dərəsində xəyanətkar Andranik Ozanyanınin dəstəsini məhv etməsi ilə məşhurdur. Doğma əmisi oğlu Çal Aslan onunla çiyin-çiyinə erməni hücumlarının qarşısının alınmasında fərqlənib.

1919-cu ilin payızında Sultan bəy və Çal Aslan adı tarixə "Qaragöl döyüşü" kimi düşən əməliyyatda ermənilərə sar­sıdıcı zərbə vuraraq Qarıqışlaq, Hacılar, Sadınlar, Mirik, Qarakilsənin Bayandur, Xoznavar, Xənəzək və daha 15 kəndi düşməndən təmizləyiblər. Rusların Azər­baycanı işğalından sonra da bolşeviklərə qarşı döyüşüblər. 

Bu məlum faktları xatırlatmağı ona görə lazım bildik ki, sən demə, Birinci Qarabağ müharibəsində şəhid olmuş və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş polis batalyonunun dö­yüşçüsü Fazil Mehdiyev də həmin nəslin yetirməsi, xalq qəhrəmanı Çal Aslanın nəticəsi imiş. Necə deyərlər, ot öz kökü üstündə bitibmiş.

Fazil hələ körpə ikən ailəsi Laçın rayonunun Ələkçi kəndindən Ağdamın Abdal Gülablısına köçüb. 1983-cü ildə orada məktəbi bitirən igidlər nəslinin davamçısı 1984–1986-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Sonra Qarabağda baş verən hadisələr hər bir vətənpərvər gənc kimi Fazili də narahat edib və o, 1990-cı ildə Ağdam rayon daxili işlər şöbəsində yaradılmış polis batalyonuna yazılıb. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidilib. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralansa da, azacıq sağalan kimi cəbhəyə qayıdıb. Mərdliyi, qorxmazlığı ilə ad çıxarıb. Həmin ilin avqustunda er­məni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirərək polis idarəsinə təhvil verib. Sentyabrın 23-dən 24-nə keçən gecə ermənilər Abdal Gülablı kən­dinə hücum ediblər. Döyüş dostu Saleh­lə maşına minərək həmin kəndə tələsən Fazilgil Ağdama gələn yolda erməni pusqusuna düşüb. Onlar son güllələrinə qədər vuruşub və igidliklə həlak olublar. 

Ağdam rayonundakı "Qarağacı" qəbristanlığında dəfn edilmiş Fazil Meh­diyevə ölümündən 1 il sonra Milli Qəh­rəman fəxri adı verilib. Bakının Nəsimi rayonunun Xətai prospektində büstü qo­yulub, Səbail rayonunda isə adına küçə var. Atası Umud kişi, anası Şövkət xanım kimi, bütün el-oba, bütün xalq şanlı nəslin qəhrəmanlıq estafetini layiqincə daşımış Fazilin adı ilə daim fəxr edir. 

Ə.DOSTƏLİ
XQ

Sosial həyat