XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib

post-img

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı atdığı bütün addımlar, o cümlədən son 24 saatlıq antiterror tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilib. Azərbaycan hər zaman həyata keçirdiyi tədbirlər çərçivəsində mülki əhalinin və mülki obyektlərin qorunmasına sadiq olub.

Bu fikirlər Xarici İşlər Nazirliyinin mət­buat katibi Ayxan Hacızadənin BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türkün bölgədəki mövcud vəziyyət və etnik azlıqların hüquqlarının qorunması öhdəliyi barədə fikirlərinə dair şərhində yer alıb.

Bildirilib ki, Ermənistanın 30 ilə yaxın hərbi işğalı zamanı kütləvi qətllərə mə­ruz qalan azərbaycanlıların öz hüquqla­rından məhrum olmasına baxmayaraq, Azərbaycan öz ərazisində olan bütün etnik azlıqların, o cümlədən ermənilərin hüquqlarının qorunmasına həmişə sadiq olub. Azərbaycan rəhbərliyi bunu dəfələr­lə şifahi şəkildə bəyan edib.

Təəssüf ki, indiyədək heç kim bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını qoruma­ğa, o cümlədən onların təhlükəsizlik və ləyaqət şəraitində qayıtmaq hüquqla­rını təmin etməyə dair çağırış etməyib. Azərbaycanın 44 günlük müharibədən, o cümlədən antiterror tədbirləri həyata ke­çirildikdən sonra itkin düşmüş şəxslərin yerini tapmaq üçün kömək göstərməsinə baxmayaraq, 4000-ə yaxın itkin düşmüş azərbaycanlıya qarşı eyni diqqət və həs­saslığı müşahidə etmirik.

“Ümid edirik ki, ali komissarın qur­banların hüquqları baxımından günah­karların məsuliyyətə cəlb olunması və cəzalarını çəkmələri məsələsinin həllini tapması üçün şəffaf istintaq aparmaq çağırışları, Azərbaycanın 30 ilə yaxın müddətdə Xocalı soyqırımı, digər kütləvi qətliam və insanlıq əleyhinə cinayətlərdə təqsirli şəxsləri cəzalandırmaq istiqamə­tində çağırışlarına məhəl qoymayan bey­nəlxalq ictimaiyyət tərəfindən ciddi şəkil­də qəbul ediləcək.

Biz, həmçinin Ermənistanın, BMT nümayəndəsinin bu çağırışına əməl et­məklə, bu ölkənin indiki ərazisindən küt­ləvi surətdə qovulmuş azərbaycanlıların hüquqlarını inkar etməyəcəyinə və onla­rın öz evlərinə qayıtmaq hüquqlarını tə­min etmək üçün dialoqa şərait yaradaca­ğına ümid edirik”, – deyə mətbuat katibi vurğulayıb.

XQ

Siyasət