Hadrut fatehi

post-img

O ermənicə “Geri çəkilin” əmri ilə düşmənin 1 alayını geri oturtmuşdu

İkinci Qarabağ müharibəsinin başlanmasından 3 il ötür. Hər dəfə Vətən uğrunda canını sipər etmiş bu qəhrəman oğulları yad edəndə gözümüzün biri gülür, o biri ağlayır... Ağlayır ona görə ki, onlar da digər gənclər kimi yaşamaq istəyirdilər, qəlbləri həyat eşqi ilə döyünürdü. Gülür o səbəbdən ki, artıq torpaqlarımız düşmən tapdağı altında deyil.

Torpaqlarımızın bütövlüyü uğrun­da şəhid olmuş qəhrəman oğulların arasında Hadrut fatehi, 1500 nəfərlik erməni briqadasına erməni dilində “Geri çəkilin!” əmri verən Camal İs­mayılov da var. Camalın fiziki yoxlu­ğu ilə heç cür barışa bilməyən anası Filarə xanım deyir ki, Vətən torpaqla­rı azad edilib, buna görə qürur hissi keçirirəm. Ona görə ki, bunda mənim şəhid oğlumun da payı var. Amma Camalımın yoxluğu ilə də heç cür ba­rışa bilmirəm. Onun yadigarlarından təskinlik tapıb yaşasam da, hər ya­dıma düşəndə varlığım param-parça olur, ona qovuşmaq istəyirəm: “Ca­mal hələ uşaq ikən ona “anasının qəhrəmanı” deyə müraciət edirdim. O isə həmişə sual verirdi ki, niyə hə­mişə mənə qəhrəmanım deyirsən? Mən isə cavabında deyirdim ki, yeri­şin, duruşun, qamətin qəhrəmanları xatırladır mənə... 

Əsgər gedən zaman ilk dəfə Ca­malıma Səməd Vurğunun məşhur şeirindən bu misralarla müraciət et­mişdim: 

Geyib əsgər paltarını silahlandı qəhrəman, 

Onun polad sinəsinə sığışmadı ürəyi. 

Camal şeiri, ədəbiyyatı çox sevər­di. Bir yerdə əyləşib şeirlər, qəzəllər oxuyardıq. O, hər yerdə intellektual səviyyəsi, dünyagörüşü, qabiliyyəti, təvazökarlığı ilə də seçilirdi. Vətə­nini çox sevirdi. Dostlarına dəyər verirdi. Əsgərlikdə olarkən yaşadığı xatirələrdən bəhs edən gündəliyi də vardı”. 

Sonra Filarə xanımın fikri uzaqla­ra gedir və Camalın əsgər yoldaşları ilə Moskvada keçirilən Böyük Vətən müharibəsinin 65 illiyinə həsr olun­muş parada yola düşdüyü illəri bu cür xatırlayır: “Orada ilk yerdə Rusi­ya, ikinci yerdə Ermənistan, üçüncü yerdə Azərbaycan Ordusunun nüma­yişi və iştirakı nəzərdə tutulmuşdu. Bizimkilər etiraz edərək, rus ordu­sundan sonra ikinci yerdə meydana çıxıblar. Paraddan sonra onları sovet əsgərlərinin geyimləri, istifadə etdiyi silahlar, rütbələri və s. nümayiş olu­nan muzeyə aparıblar. Muzey işçisi Həzi Aslanovun şinelini göstərəndə deyib: “Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı”. Camal isə bələdçinin səhvini düzəldib deyir: “İki dəfə Sovet İttifaqı Qəhrəmanı”. 

36 illik ömrünün yarısını orduda xidmət etmiş, adı “Hadrut fatehi” kimi tarixə düşmüş Camal İsmayılov 1984-cü ildə Neftçala rayonunda dünyaya gəlmişdir. Ailənin üç uşağından ikin­cisi idi. 2002-ci ildə hərbi xidmətdə olarkən, bacarığı ilə komandanlığın diqqətini çəkir. Xüsusi Təyinatlı Qü­vvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Dağ-xizəkçilik, paraşütlə tullanmanın sirlərinə yiyələnir. Azər­baycan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilən təlimlərdə uğurlar əldə edir. C. İsmayılov rus, erməni və ingilis dillərini öyrənmişdi. Aprel dö­yüşlərində qəhrəmanlığı ilə fərqlənən Camal Vətən müharibəsinə gedərkən deyir: “Bu dəfə torpaqlarımızı mütləq geri alacağıq”. O, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının, Hadrut qəsə­bəsinin və Ərgünəş yüksəkliyinin, həmçinin, Laçın dəhlizində nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi qəhrəmanlıq göstərib. 

Füzuli uğrunda gedən döyüşlərin birində hərbçi yoldaşına kömək et­mək istəyərkən güllə yarası alır. Müa­licədən sonra yenidən döyüşə yolla­nır. Rabitə sahəsində əla mütəxəssis olan Camal ermənilərin rabitə siste­minə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində “Geri çəkilin!” aldadı­cı əmri edir. Düşmən buna inanaraq, ağır itki verə-verə geri çəkilir. 

Camal son dəfə ailəsi ilə oktyab­rın 17-də əlaqə saxlayır. Bu, onun sonuncu zəngi olur. Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyi ələ ke­çirmək üçün 17 nəfərlik şəxsi heyətlə döyüşə atılan Camal son nəfəsinə qədər vuruşub düşmənin xeyli sayda canlı qüvvəsini sıradan çıxarsa da, oktyabrın 21-də döyüş yoldaşları ilə birlikdə şəhid olur. 

Şəhid Camal İsmayılov doğul­duğu Neftçalada torpağa tapşırılıb. Vətən müharibəsində göstərdiyi qəh­rəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Bu sətirlərin müəllifi də Camalın məzarını ziyarət etdiyi üçün qəlbində fəxarət hissi keçirir.

Fidan HÜQUQQIZI
XQ

















Sosial həyat