Tariximizi tanıtmağın bir yolunun ədəbiyyat olduğu mübahisəsizdir. Azərbaycan Ordusunun şanlı Qarabağ savaşı da üç ildir ki, zəfər tariximizə həm sənədli, həm də bədii salnamə kimi yazılır. Əlbəttə, “Zəfər Yürüşü”ndən elə də çox vaxt keçməyib, hələlik, olsa-olsa, ilk səhifələr qələmə alınır, tarixi-ədəbi epopeyalar hələ yazılacaq...
Aşkar görünən budur ki, əgər 90-cı illərin əvvəllərində şairlərimizin, yazıçılarımızın müharibə mövzusunda qələmə aldıqlarında məğlubiyyət və kədər motivləri üstünlük təşkil edirdisə, 2020-ci ilin payızından üzübəri yazılan “barıt qoxulu” nümunələrdə qələbə ruhu, zəfər bayraqlı zirvə ucalığı özünü möhtəşəm şəkildə göstərir. Ümumiyyətlə, müharibə poeziyasında daha çox şüarçılıq üstünlük təşkil etsə də, layiqli şeirlər də az deyil. Bəs alimlərimiz bu barədə nə düşünürlər?
Zakirə Əliyeva, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru:
– Ədəbi yaddaşımızda iz qoymuş soyqırımları, torpaqlarımızın işğalı, güllələnmiş abidələrimiz, babalarımızın haqq savaşları, nənələrimizin yanıqlı bayatıları, ağıları, ədəbi faktlar kimi yaralarımızın közünü qopardır. Məlhəmi isə qələbə ətirli şeir, esse, oçerk, hekayə, povest, roman və pyeslərdir. Alimlərimiz 44 günlük Vətən mücadiləsi də daxil olmaqla Qarabağ savaşının hər anını böyük sevgi və təəssübkeşliklə izləyib yazıya köçürdükləri kimi, yazarlarımız da bunları bədii süzgəcdən keçirib sanballı ədəbi nümunələr yaratmağa çalışırlar.
Müharibə dövründə və ondan sonrakı müddətdə Azərbaycan həqiqətlərini və ermənilərin torpaqlarımızda törətdiyi vəhşilikləri dünyaya bəyan etmək ziyalılarımızın, ədiblərimizin Vətən, xalq qarşısında müqəddəs borcudur. Ağdam, Laçın, Kəlbəcər, Şuşa harayı ilə döyüşən ordumuzun hər qələbəsindən ruhlandıqca, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalandıqca sevinci, qüruru aşıb-daşan xalqın bu mənəvi haqqını ifadə etmək qələm sahiblərimizin müqəddəs vəzifəsinə çevrilib.
Ədəbiyyatçı alimlərimiz Tehran Əlişanoğlu,Vaqif və Cavanşir Yusiflilər, Elnarə Akimova, Tahirə Məmməd, Pərvanə Bəkirqızı, Əlizadə Əsgərli, Eşqanə Babayeva, Gülbəniz Babayeva, Bəsirə Əzizəli, Aygün Bağırlı, Zakirə Əliyeva, Mərziyyə Nəcəfova, Gülnar Səma və başqaları bu mövzuda ortaya sanballı yazılar qoyublar. Azərbaycan əsgərinin mətin addımlarının dünyaya səs salan sədası çağdaş poeziyamızda daha geniş yer tutur.
Rahid Ulusel, fəlsəfə elmləri doktoru, professor:
– Azərbaycan xalqı və dövləti I Qarabağ müharibəsində, nə qədər böyük faciələrlə üz-üzə qalsa da, təklənsə də, torpaqlarımızın işğalı ilə barışmamaq əzmi ədəbiyyatımızın andı və amalı tək möhürlənib. Əlbəttə, hadisələrin mahiyyətinə enə bilməyən, ah-ufla dolu əsərlər də meydana çıxıb. Lakin ədəbiyyatımızın sağlam mənəvi düşüncəsi Qarabağ faciəsini millətimizin həll etməli olduğu əsas problem kimi aktuallaşdıra bilib. Qardaşını İkinci Dünya müharibəsində, oğlunu isə I Qarabağ müharibəsində itirən Sabir Əhmədli, Elçin, İsa Muğanna, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Vaqif Bəhmənli, Çingiz Abdullayev, Aqil Abbas, Mövlud Süleymanlı, Kamal Abdulla, Əşrəf Veysəlli, Əli Əmirli, Vaqif Əlixanlı, Elçin Hüseynbəyli, Qulu Ağsəs, İbrahim İlyaslı, Əlabbas, Mehriban Vəzir, Qəşəm Nəcəfzadə, Ağacəfər Həsənli, Balayar Sadiq, Rasim Qaraca, Meyxoş Abdullah, Ayaz Arabaçı və başqaları gözəl nümunələr yaradıblar.
II Qarabağ savaşında da yazarlarımız qələmlərini süngüyə çeviriblər. Bir sıra gənc şair və yazıçılar – Emin Piri, Alparslan Oğuz, “Canlanma” adlı ilk tarixi metaromanın müəllifi Taleh Şahsuvarlı, Səbuhi Qurbanov, Həsən Kür, Eyvaz Əyyub, Nicat Ağayev, Cavid Əlioğlu, Orxan Səmədov... cəbhəyə yollanmışdılar. I Qarabağ müharibəsi veteranı İlham Tumas son Vətən müharibəsində də ordu sıralarına qoşulub və “Casusluq, kəşfiyyat, müharibə tarixindən” adlı praktiki əhəmiyyət daşıyan kitab yazıb. Ədəbi istedadı hər sətrində duyulan, Prezident sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Teymur Rəsulov son yazısını çapa göndərərək cəbhəyə yollanıb. Şəhid Teymurun elə öz taleyinin qismətinə tuşlanmış titrək misraları Vətəni üçün bağrında bəslədiyi müqəddəs arzuların solmaz çələngi olur.
Vətən müharibəsi – Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq suveren dövlətin qələbə inamı ilə müharibə aparmaq, öz hərbi-siyasi qüdrətini nümayiş etdirmək, Silahlı Qüvvələri ilə düşməni lərzəyə gətirmək, torpağının hər qarışını azad etdikcə qüvvətlənmək əzmini əks etdirməyin, milli varlığımızı möhtəşəm obrazlarla canlandırmağın şərəfini yaşadır. Yalnız bu şərəf ehtişamında pafos ədəbiyyatın daxili zərurətinə çevrilir, şair sözü və əsgər addımları eyni ahəngə köklənir.
Azərbaycan əsgərlərinə həsr olunmuş seçkin bədii əsərlər, əslində, çağdaş tariximizdə yer almış insanların ömür yolunun təcəssümüdür. Onların müharibə həyatı sənədli şəkildə canlandırıldıqca, ədəbiyyatımız nəsillərə görk olası bahadır əsgər, qəhrəman şəhid, yenilməz qazi obrazları ilə zənginləşir.
Xalqımızın 27 sentyabr–10 noyabr 2020-ci ildə cəbhədə qazandığı böyük zəfər bütün əlamətləri ilə Azərbaycanın tarixi-siyasi həyatında yeni bir mərhələnin başlanğıcıdır. Artıq Qafqazın ən güclü ölkəsi sayılan Azərbaycan bütün bölgədə sülh və əməkdaşlıq dönəminin başladığını bəyan edərək quruculuq prosesini həyata keçirir. Bu yolda yaradılan maneələrsə uğurlu antiterror tədbirləri ilə aradan qaldırılır. Elə ədəbiyyatımız da bu salnaməni layiq olduğu səviyyədə ifadə etməkdə qərarlıdır.
Əli NƏCƏFXANLI
XQ

