27 yaşlı şəhidin 30 yaşı

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsinin şəhidi əsgər Bilal Xanlar oğlu Qənbərovun anadan olmasının 30-cu ildönümü ilə bağlı “Şərəfli ömrün sonu!” adlı anım mərasimi keçirilib.

Toplantıda şəhidin ailə üzvləri, dö­yüş yoldaşları, Vətən müharibəsi qazilə­ri, həmçinin Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, orta təhsil müəssisələrinin tələbə və müəllim heyəti iştirak ediblər.

Muzeyin rəisi Əzizağa Qənizadə bil­dirib ki, torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimiz and yerimiz, qürurumuz, fəxrimizdir. Minlərlə azərbaycanlı gənc torpaqları­mızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşub, adlarını tarixə yazdırıblar: “Onlardan biri də Bilal Xan­lar oğlu Qənbərovdur. O, müstəqillik illərində qurulmuş Azərbaycan Ordusu­nun ən vətənpərvər döyüşçülərindən idi. Sentyabrın 27-də düşmənin təxribatları nəticəsində başlanan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan işğalı al­tında olan ərazilərin azad edilməsi üçün Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayılın, Hadrutun, Füzulinin və Şuşa­nın azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda vuruşub. Noyabrın 4-də Bilal Qənbərov da Şuşa döyüşləri zamanı 27 yaşında şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün tə­min edilməsi uğrunda döyüş əməliyyatla­rına qatılaraq vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbay­can Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bilal Qənbərov ölümündən sonra “Vətən uğrunda” , “Şu­şanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Şəhidin ailə üzvləri, döyüş yoldaşla­rı çıxış edərək ürək sözlərini deyib, xa­tirələrini bölüşüblər. 

Mərasimdə Bilal Qənbərova həsr olunmuş “Vətən haqqı” adlı sənədli film nümayiş olunub. Tədbir bədii hissə ilə davam edib. 

Yaşasaydı, sentyabrın 29-da Bilal Qənbərov 30 yaşını qeyd edəcəkdi. Şə­hidlik zirvəsinə ucalan, əbədi ömür qaza­nan igid Vətən oğul və qızlarının xatirə­sini əziz tutmaq hər birimizin müqəddəs borcudur.

L.QURBANOVA
XQ



Sosial həyat