Kəlbəcər də “Yaşıl enerji” zonasına çevrilir

post-img

Rayonda 10 kiçik su elektrik stansiyası qurulur

İşğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb. Bu müddət ərzində rayonun enerji təminatı ilə bağlı bir sıra işlər görülüb. Artıq bir neçə kiçik su elektrik stansiyaları istifadəyə verilib. Onların arasında “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2” stansiyalarından əlavə, 4,4 meqavatlıq “Kəlbəcər-1”, 6,3 meqavatlıq “Qamışlı” və 3,4 meqavatlıq “Meydan” elektrik stansiyaları da var. Bu onu göstərir ki, Kəlbəcərin zəngin enerji ehtiyatları var. Ölkəmizdə bərpa olunan enerji mənbəyi kimi, ilk növbədə, kiçik su elektrik stansiyalarının tikilməsi və yenidən qurulması prioritet təşkil edir. 

Rayonda istismara verilən ilk ener­ji istehsalı obyekti olan “Kəlbəcər-1” stansiyası müasir standartlar əsasında qurulub. Lev çayı üzərində inşa olunan stansiya “Yaşıl enerji” zonası konsepsi­yasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edir və Azərbay­canın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intel­lektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stan­siyanın işinə yalnız Kəlbəcərdən deyil, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və idarə etmək əlçatandır. Stan­siyaların idarəetmə sistemi tam avtomat­laşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılıb ki, bu da istehsal olu­nan elektrik enerjisinin maya dəyərinin daha da aşağı düşməsinə gətirib çıxarır. 

Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtərçay üzərində isə “Soyuqbulaq” kiçik su elektrik stansiyası yenidən qurulub. Ərazini tərk edən düş­mən bu stansiyada bütün avadanlıq və yararlı hissələri aparıb, daşınması müm­kün olmayan nə varsa məhv edib. İşğal­dan azad edilən ərazilərin “Yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimi­zin başçısının tapşırığına uyğun olaraq, stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, 2 müasir ekoturbin, generator­lar, idarəetmə və avtomat panellər quraş­dırılıb. Stansiyanın enerjisisteminə inteq­rasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zaman­da, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb. 

Daha bir stansiya Tərtərçayın sol qolu olan Meydan çayının üzərində qu­rulub. 3,4 MVt-lıq kiçik su elektrik stansi­yası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşu­lub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehti­yat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” kiçik su elektrik stansi­yasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

Bu il ismara verilən stansiyalar­dan biri də ermənilərin Kəlbəcəri tərk edərkən dağıtdıqları “Qamışlı” kiçik su elektrik stansiyasıdır. Bu stansiya da daxil olmaqla indiyədək azad edilən əra­zilərdə tikilən su elektrik stansiyalarının hər birində derivasiya boruları çayın axı­nı ilə paralel quraşdırılıb. Burada boru ilə axan su da yenidən çaya buraxılır. Bütün yerlərdə, o cümlədən “Qamış­lı” stansiyasında da su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol ve­rilməməsi üçün çayın məcrasına uyğun idarəolunan suqəbuledicilər tikilib. Eyni zamanda, təbii mühitin, flora və fauna­nın qorunması da aidiyyəti dövlət qu­rumları ilə razılaşdırılmış şəkildə xüsusi diqqətdə saxlanılıb.

İki hidroaqreqatdan ibarət “Qamış­lı” stansiyasında 110 kilovoltluq yarımstansiya yaradılıb. Burada enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləş­miş SCADA sistemi qurulub. Stansiyada Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir hidroturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb.

“Qamışlı” kiçik su elektrik stansiya­sında il ərzində 18,5 milyon kilovat-saat ekoloji cəhətdən təmiz yaşıl hidroenerji­nin istehsal edilməsi nəzərdə tutulur. 

Xatırladaq ki, 2024-cü ilin birinci rü­bündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat/saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq. Hazır­da Kəlbəcər rayonunda 5 yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisi davam edir.

P.ƏFƏNDİYEV
XQ

İqtisadiyyat