Azərbaycan – regionda sülh və sabitliyin qarantı

post-img

Planetimizin siyasi ab-havası çox gərgindir. Siyasətin aramsız və nizamsız nəbzi dünyanı silkələyir. Bu gün qlobal xəritədə çox az yer, məkan tapmaq olar ki, orada münaqişə və müharibələr, zorakılıqlar baş verməsin. 

Cənubi Qafqazı da ağır münaqişə bölgəsinə çevirmək istəyən güclər mövcuddur. Lakin onların məkrli planlarının qarşısı Azərbaycan dövlətinin, xalqımızın müdrik liderinin gərgin səyləri sayəsində qətiyyətlə alınır. Xalqımız taleyinə yazılan sülhsevərlik missiyasını şərəflə yerinə yetirir.

Bakının atdığı addımlar regionda davamlı sülhə və sabitliyə xidmət edir. Azərbaycan bu gün bölgədə həm sabit­liyin, həm də inkişaf və tərəqqinin loko­motivi rolunda çıxış edir. Bu, qürurverici faktdır. 

Xatırladaq ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Sovet İttifaqı­nın süqutu ərəfəsində böyük bir coğrafi məkanda Qarabağdan başlamaqla milli zəmində bir neçə münaqişə ocağı ya­radıldı. Niyyət vaxt udaraq gələcəkdə imperiyanı hansısa yeni formada bərpa etmək idi. Bu arzunu gerçəkləşdirmək istəyənlər bu gün də var. 

Azərbaycan xalqı otuz ildən çox Qa­rabağda separatçı ermənilərin vasitə­silə həyata keçirilən məkrli planlardan əziyyət çəkibdir. 2020-ci ilin payızında xalqımızın əzəli və əbədi torpaqların­da, nəhayət, haqq-ədalət bərpa olundu. Vətən torpaqları azad edildi. Bölgədə yaşayan xalqlar arasında davamlı və ədalətli sülhün tezliklə bərqərar oluna­cağına ümidlər yarandı. 

Növbəti mərhələdə iki qonşu arasın­da sülh sazişi imzalanmalı idi. Xankəndi və onun ətrafındakı ərazilərdə yaşayan ermənilərdən təxribatçı əməllərdən əl çəkmələri tələb olunurdu. Axı, bütün si­vil dünyada olduğu kimi, onlar da vətən­daşı olduqları ölkənin qanunlarına hör­mət etməyə borcludurlar. 

Azərbaycan dövlətinin bu xoş mə­ramının əvəzində nə baş verdi? Qatı millətçi, revanşist qüvvələr Qarabağ­dakı separatçıları yenidən silahlandırır, onları xalqımıza qarşı ağır təxribatlar törətməyə sövq edirdilər. Qarabağda Azərbaycanın suveren hüquqlarına təh­didlər törədilirdi. 

Əlbəttə, bu, uzun müddət davam edə bilməzdi. Bu il sentyabrın 19-da Azərbaycan Ordusu bölgədə lokal xa­rakterli antiterror addımları ataraq, cəmi bir sutka ərzində erməni yaraqlılarını ağ bayraq qaldırmağa vadar etdi. 

Rəsmi Bakının siyasəti beynəlxalq qanunlara tamamilə uyğundur. Bunu, əlbəttə, sağlam düşüncəli insanlar, ağlı başında olan siyasətçilər yaxşı başa dü­şürlər. Lakin həqiqəti görmək istəməyən qara qüvvələr də var. 

Məsələn, Fransanın xarici işlər na­ziri Katerin Kolonna iddia edir ki, ölkə­mizin silahlı qüvvələri erməni əhalisini qorxudaraq, onlardan ərazidən kütləvi köçüb getmələrini tələb etmişlər. Bu iti­ham həqiqəti əks etdirmir. 

Azərbaycan dövləti milli mənsubiy­yətindən və dini inancından asılı olma­yaraq heç bir sivil şəxsə qarşı zor tətbiq etməyib və etməyəcək. Terrorçularla hər bir ölkədə onların öz dilində danı­şırlar. 

Fransa, eləcə də bir çox Qərb döv­lətləri bölgədə təsir imkanlarını artır­maq üçün Azərbaycan hökuməti və xalqını dünya ictimaiyyətinin gözündən salmağa çalışırlar. Rəsmi Bakının prin­sipial və qətiyyətli siyasəti isə onların bədxah niyyətlərinin qarşısını alır. 

Ölkəmizə qara yaxan qüvvələr unu­durlar ki, Azərbaycan hazırda tək deyil, xalqımızın ədalətli mövqeyini dəstək­ləyən dövlətlər və xalqlar var. Bu gün­lərdə Türkiyə Prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğan BMT-nin yüksək tribunasından bəyan etdi ki, Bakının öz ərazisindən silahlı erməni birləşmələrini çıxarmağa haqqı var və Türkiyə dövləti həmişə olduğu kimi, yenə də Azərbay­canın yanındadır. 

Bəli, Azərbaycan sivil, humanist, demokratik ənənələrə sadiq olan sülh­sevər dövlətdir. Qarşı tərəflə hər zaman dialoqa və danışıqlara hazırdır. Biz re­giona sülh, əmin-amanlıq gətirmək əz­mindəyik və buna nail olacağıq. 

Aydın İBRAHİMOV, 
BDU-nun Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və
turizm kafedrasının müdiri, professor

– Azərbaycanın Qarabağda atdığı lokal antiterror addımlarından sonra regionda yeni situasiya yaranmış, ye­nidən sülhə ümidlər artmışdır. Lakin unutmayaq ki, 2020-ci ilin payızında, 44 günlük savaşdan sonra da Qara­bağda buna bənzər bir vəziyyət var idi. 

Hər şey razılaşdırılmış ssenari üzrə gedirdi. Üçtərəfli Bəyanata uyğun olaraq tezliklə sülh sazişi imzalanmalı və iri kommunikasiyalar açılmalı idi. 

Amma Fransa, Almaniya və başqa böyük dövlətlərin təsiri ilə vəziyyət də­yiməyə başladı. Müəyyən destruktiv qüvvələr problemi bu gün də öz ma­raqları müstəvisində həllinə nail olma­ğa can atırlar. 

Cənubi Qafqazdakı yeni reallıqlar çox şeyi dəyişə bilər. Ermənistan rəh­bərliyi üçün mövcud reallığa adekvat, düzgün addımlar atmaq o qədər də asan deyil. Çünki, erməni cəmiyyəti özünün uydurduğu xəstə təxəyyüldən hələ də tamam azad olmayıb. Üstəlik, xaricdə yaşayan ermənilərin yerli-yer­siz qınağı və döyüş meydanlarındakı uğursuzluqlar ermənilərin şüuruna mənfi təsir göstərir. 

Mənə elə gəlir ki, Ermənistan Azər­baycanla təkbətək qalsa, sülh sazişi daha tez bağlana bilər. Ermənistanda elə qüvvələr var ki, onlar bunu başa düşürlər. Dərk etməyə başlayıblar ki, “Qarabağ yükü” ölkəni uzunmüddətli turbulentliyə, sadə dildə desək, uçuru­ma aparır. 

Yenə deyirəm, Ermənistanı “dost­ları” onu sakit buraxsalar, İrəvanla Bakı öz aralarında bir çox mübahisəli məsələləri həll edə bilərlər. Ola bilər ki, Ermənistan hakimiyyəti hazırda Qarabağ ətrafındakı problemə daha çox dövlətləri cəlb etməklə, məsələni yenidən dondurulmuş vəzyyətdə sax­lamağa cəhd edir. Bu, tamamilə yalnız və səhv yoldur. 

Qərb Rusiyanın regiondan sıxış­dırıb çıxarmağa çalışır. Lakin bu, xeyli çətindir. Rusiya bunu başa düşür və bu ssenarinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edir. Bu gün Qarabağda Rusiya ilə Qərbin maraq­ları toqquşur. 

Azərbaycan isə böyük güclərin regiona yersiz müdaxiləsini gözləmə­dən problemin ədalətli həllinə çalışır. Ölkəmiz faktiki olaraq regionda sülh və sabitliyin qarantı rolunda çıxış edir. 

Azərbaycan Prezidenti, Ali Baş Ko­mandan cənab İlham Əliyev görkəmli dövlət xadimi və böyük siyasət adamı­dır, özünün şahmat partiyasını olduq­ca gözəl idarə edir və qələbə çalmağı yaxşı bacarır. 

Azərbaycan heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Dünyanın hər yerində dostlarımız və soydaşla­rımız ölkəmizin uğurlarına sevinirlər. Allah xalqımızı və dövlətimizi qorusun! 

Məsaim ABDULLAYEV
XQ





Siyasət