Şəhidlərimizi tanıyaq və tanıdaq

post-img

“Şəhidlər ölməz, Vətən bölünməz” deyən millətimizin sarsılmaz iradəsi var. Biz bu gün burada rahat və təhlükəsiz yaşaya biliriksə, bunda igid qardaş və bacılarımızın rolu böyükdür. Ona görə Vətən uğrunda düşünmədən canını verən şəhidlərimizi, qazilərimizi, qəhrəmanlarımızı tanımalı və tanıtmalıyıq. Bu, bizim insan olaraq ən birinci vəzifəmizdir. 

Bu məqsədlə Sabunçu Gənclər evində şəhid komandir Vüqar Əsədov, baş leytenant Məhəmməd Məmmədov, əsgər Anar Vəliyev, ilk könüllü snayper qız döyüşçü Vəfadar Də­mirçioğlu (Vəfa Mansurova) anılıb və qəhrə­manlıqlarından danışılıb.

Əvvəlcə dövlət himni səsləndirilib, şəhid­lərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qazax Xeyriyyə Cəmiyyətinin sədri, professor İlham Pirməmmədov torpaqlarımı­zın bütövlüyü uğrunda canlarından keçən şə­hidlərimizə, şəhid ailələrinə və qazilərimizə göstərilən dövlət qayğısından söhbət açıb. Onların adlarının Azərbaycan tarixinin qəhrə­manlıq səhifəsinə əbədi yazıldığını söyləyən natiq şəhidlərin xatirəsinin heç zaman unudul­mayacağını vurğulayıb. 

Tədbirdə şəhidlərin ailə üzvləri və dostları çıxış edərək onlar haqqında danışmağın çox çə­tin, amma qürurlu olduğunu, onlarla fəxr etdik­lərini deyiblər. Şəhidlərin qəhrəmanlıqları yada salınıb, yaşadıqları xoş anlardan söhbət açılıb. 

Gənc şair Elmar Sahib çıxışında bildi­rib ki, qoçaqlığı və sadiqliyi ilə seçilən şəhid komandir Əsədov Vüqar Habil oğlu 1974-cü il iyunun 29-da Qaradağ rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra 1992-ci ildə Neft Akademiyasına (keçmiş Azərbaycan Neft və Kimya İnstitutu) qəbul olub. Mühari­bə başlayanda təhsilini yarımçıq qoyub könül­lü olaraq cəbhəyə yollanıb və Füzuli uğrunda gedən döyüşlərdə komandir olaraq fəaliyyətə başlayıb. Müharibənin səngidiyi vaxtda onu məzuniyyətə göndərirlər. Gəlişindən iki-üç gün keçməmiş yenidən hərbi əməliyyatların başlandığını eşidir və heç kimə bir kəlmə demədən evdən döyüşə yollanır. Cəbhə xət­tində cəngavər kimi savaşır və öz əsgərlərilə bərabər mühasirəyə düşür. Yoldaşlarını xilas etmək üçün qorxmadan düşmənin üstünə şı­ğıyır və 4 güllə yarası alır. Vüqarın ağır yara­landığını fürsət bilən ermənilər onu əsir götü­rürlər. Həmin vaxt əsirlikdə olan azərbaycanlı həkimin köməyi ilə yaraları təmizlənib, bağ­lanılır. Vüqar oyananda yaralarını düşmənin sarıdığını düşünüb çox qəzəblənir və bütün sarğıları açır. Nəticədə qanaxmadan dünyasını dəyişən Vüqarı öz əsgəri Hadrudda dəfn edir.

Şəhid baş leytenantın anası Yaqut Məm­mədova çıxışında qeyd edib ki, Məmmədov Məhəmməd Zakir oğlu 1994-cü il yanvarın 27-də Qazax rayonunun Alpout kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında “Tarix-coğrafiya müəllimliyi” üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində hərbi xid­mətə başlayıb. 2017-ci ildən eyni hərbi bir­ləşmənin sıralarında zabit və taqım komandiri olaraq xidmət edib. Qorxmazlığı ilə seçilən, Azərbaycan Ordusunun leytenantı Məhəm­məd Məmmədov 44 günlük Vətən müharibə­sində iştirak edib, 2020-ci il sentyabrın 27-də Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qızğın döyüşlərdə yaralanan Məhəmməd xəstəxanaya getməkdən imtina edib, yenidən əsgərlərinin yanına qayıdıb. Onların qayğısını çəkən komandir savaşlarda özü irəli atılıb, bö­yük igidliklər göstərib. Oktyabrın 6-da Ağdərə istiqamətində qanlı döyüşlər zamanı əsgəri Anar Vəliyevlə mühasirəyə düşərək şəhid­lik zirvəsinə ucalıb. O, anadan olduğu Alpout kəndində dəfn olunub. Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin sərəncamları ilə ölü­mündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

Müstəqil həyata yenicə göz açan 18 yaşlı şəhid əsgərin anası Fazilə Vəliyeva vurğula­yıb ki, oğlu Vəliyev Anar Həmzə oğlu 21 iyul 2002-ci ildə Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. Orta məktəbi bitir­dikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Qəhrəmanlıqda heç kimdən geri qalmayan, fədakar döyüşçü torpaqlarımızın ərazi bütöv­lüyü uğrunda başlayan 44 günlük Vətən mü­haribəsində iştirak edib. Laçın və Suqovuşan döyüşlərində şücaət göstərib və oktyabrın 6-da Ağdərə istiqamətində komandiri ilə bir­gə mühasirəyə düşərək şəhadətə yüksəlib. O, yaşadığı Orta Salahlı kəndində torpağa tapşırı­lıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Zərəngiz Dəmirçi Qayalı bacısı haqqında danışarkən deyib ki, Qazax–Ağstafa bölgəsi­nin ilk və yeganə könüllü snayper qız döyüş­çüsü Mansurova Vəfa Dəmirçi qızı 23 iyul 1966-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra sənədlərini BDU-nun tarix fakültəsinə verib. Tarixçi olmaq istəyən Vəfa, öz tarixini yazıb. Vətənin səmasını qara buludlar alanda ehtiyatda olan zabit atasının silahını götürüb cəbhəyə yollanır. Atasından silahla davranma­ğın, hədəfə sərrast nişan almağın sirlərini hələ yeniyetmə çağlarında öyrənmişdi. 

Vəfa 1992–1995-ci illərdə “Avey”, “Üç­gül”, “Satılmış” mövqelərində vuruşub. Qa­zax rayon 707 nömrəli hərbi hissənin üçüncü batalyonunun birinci bölüyünün snayperi qız döyüşçüsü olub. Lakin onu özünün razılığı ilə Mansurov Vəfadar Dəmirçi oğlu kimi qeydiy­yata alıblar. Çünki qızların hərbi xidmətinə icazə verilmirdi. Xalq içində və əsgərlər ara­sında ona Vəfa Dəmirçioğlu deyirdilər. 

Bu igid, cəngavər qız ayıq-sayıqlığı ilə se­çilib, fədakarlıqları ilə ad qazanıb. Silah-sur­sat alınmasında, səngər qazılmasında, kəndin müdafiəsinin təşkilində əvəzsiz xidmətləri olub. Xalqın təkidli tələbi ilə Ulu öndər Hey­dər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdı­şından sonra atəşkəsə nail olunur. Bir müddət sonra Vəfa evlərinə qayıdır, amma vaxtaşırı səngərlərə baş çəkir, əsgər dostlarını ziyarət edirdi. Namərd düşmənin savaşdan sonra da atəşkəsi pozması nəticəsində yanında mərmi partlamasından beyin zədəsi alır, amma bunu bildirmir, döyüş yoldaşları və ailəsindən giz­lədir. Bu zədədən 6 ay sonra 1998-ci il aprelin 25-də dünyasını dəyişir. Ailəsi onu mənsub ol­duğu Qayalı qəbiristanlığında dəfn edir. Qəh­rəman qızın xatirəsi qəlblərdə daim yaşayır.

Mərasimin sonunda şeirlər səsləndirilib və videoçarxlar göstərilib. 

A.İLHAMQIZI
XQ







Sosial həyat