“Zəfər Muzeyi”ndən boy göstərən qəhrəmanlıq

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin 3 dekabr 2020-ci il sərəncamı ilə yaradılması nəzərdə tutulan “Zəfər Muzeyi” Qarabağda möhtəşəm qələbəmizi xırda detallarına qədər təqdim edən bir xatirə kompleksi olacaq. Hazırda Mədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan İstiqlal Muzeyində yeni zəfər tarixi məkanı üçün eksponatların toplanması davam edir.

Muzeyə daxil olar-olmaz gözümüz Şeyx Məhəmməd Xiyabaniyə aid olan bir fikrin qeyd olunduğu lövhəyə sataşır: “Müstəqil olmaq istəyən xalq qurban verməyə hazır olmalı­dır”. Biz bu hazırlığımızı artıq bütün dünyaya sübut eləmişik. Elə muzeydəki hər bir ekspo­nat məhz bundan soraq verir. Şəhidlərin şəxsi əşyaları canını Vətənə qurban verənlərin əziz yadigarı kimi, müqəddəs tutiya olaraq qorunub saxlanır. Ay­rı-ayrı şəhid ailələri qəhrəman soydaşlarımızın əşyalarını bu məkana əmanət edirlər. Bu günə qədər toplanan əşyaların sayı ar­tıq 8 min 700-ə çatıb. 

İstiqlal Muzeyinin direk­toru Sədi Mirseyibli zəfər eksponatları barədə bizə mə­lumat verdi:

– Bu gün qəhrəmanlarımı­zın istifadə etdiyi əşyaların hər biri şanlı tarixin parçasına çev­rilib. Şəhidlərimizin əşyalarının toplanıb komplektləşməsi işinə hər kəs ürəklə girişib. Həmçi­nin muzeyimiz “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə də həyata keçirir. Bu layihə çərçivəsində hər həftə 7–10 şəhidimizin əşyaları tama­şaçılara nümayiş etdirilir. Zəfər gününədək sərgilərimiz davam edəcək. Məqsədimiz həm şə­hidlərin xatirəsinin yaşadılması, həm də gələcək nəsillərdə güclü hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. 

Onu da qeyd edim ki, həm 1-ci, həm də 2-ci Qarabağ mü­haribəsi şəhidlərinin əşyalarını toplayırıq. Burada şəhid olmuş mülki vətəndaşlarımızın əşyala­rı üçün də yer ayırmışıq. Əmək­daşlarımız şəxsən şəhid ailələri ilə görüşərək onların əşyalarını qəbul edirlər. Toplanan yadi­garların çeşidlənməsinə xüsusi diqqət yetiririk. Bütün əmanət­ləri əziz xatirə kimi qorumağa çalışırıq. Polad Həşimova, Xu­dayar Yusifzadəyə, Rəşad Ba­bayevə aid əşyaları artıq tam komplektləşdirmişik. Fürsətdən istifadə edərək, sizin qəzetiniz vasitəsilə şəhid ailələrinə bil­dirmək istəyirik ki, əzizlərinin əmanətlərini burada göz bəbəyi kimi qorumağa hazırıq. 

Muzeydə şəhid baş leyte­nant İlqar Vəliyevin oğlu Vəli Vəliyevlə görüşdük. Atasına aid əşyaların burada nümayiış etdiriləcəyindən qürur duydu­ğunu söyləyərək dedi: 

– Atam ilk hərbi fəaliyyə­tinə Tovuzda başlayıb. 1990-cı illərdə bu rayon da ermənilərin intensiv hücumlarına məruz qa­lırdı. Həmin vaxt hərbi hissədə rabitə-kəşfiyyat işi ilə məşğul olan atam 2-ci Qarabağ sava­şında da kənarda qalmayaraq döyüşlərə qatılıb. Doğum günü ərəfəsində bizimlə telefon söh­bətində sevinclə bildirmişdi ki, düşməndən bir hərbi hissə azad edilib. Öz ad günündən gön­dərdiyi video isə atamızla bağlı son xatirə oldu. Oktyabrın 20-də Füzuli–Şuşa istiqamətindəki dö­yüşlərdə şəhadətə yüksəldi. Ölü­mündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olun­masına görə” medallarına layiq görüldü… 

Daha bir şəhidimizin doğ­ması ilə tanış olduq. Bu, Silah­lı Qüvvələrimizin kapitanı ol­muş Samir Mikayıllının əmisi oğlu Rüfət Sultanov idi. Rüfət də şəhid əzizi ilə bağlı xatirələ­ri bizimlə bölüşdü: 

– Samir 1993-cü ildə Ağ­cabədidə anadan olub. Yaşadı­ğımız rayon düşmənlə keçmiş təmas xəttinə yaxın olduğun­dan Samirdə hərb işinə maraq yaranmışdı. O, torpaqlarımızın azad olunmasında iştirak etmək istəyirdi. Bu arzu onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yönəltdi. Sonra Samir təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirdi, ardın­ca da Türkiyədəki Kara Harb Okuluna daxil oldu. Qardaş ölkədə o Motoatıcı ixtisasına yiyələndi. Vətən müharibəsində əmim oğlu öndə gedən zabitlər­dən oldu… 

Rüfət Sultanov danışdıqca biz şəhidin buradakı təltiflərinə diqqət etdik. Ondan yadigar qalan hərbi geyim və saat isə S.Mikayıllının barəsində qürur dolu təəssürat yaratdı. Samir Mikayıllı Şuşada qazanılan möhtəşəm zəfərdən bir gün son­ra şəhid olub. Ağcabədidə onun adını daşıyan park var. Həmyer­liləri Samiri daim hörmətlə yad edirlər. 

Muzeylə tanışlıq zamanı orada Cəbrayılda toxunmuş qədim xalçaları da gördük. Sədi Mirseyibli bu əmanətləri azadlığına qovuşmuş Cəbrayıla qaytarmağa hazır olduqlarını diqqətə çatdırdı. 

“Zəfər Muzeyi”nin yerləşdi­yi müvəqqəti məkandan iftixar duyğuları ilə ayrıldıq. Xalqı­mızın qəhrəmanlıq tarixinin yadigarlarının toplanması kimi savab iş görən muzey əməkdaş­larına bundan sonrakı fəaliyyət­lərində də uğurlar arzu edirik. 

Ceyhun MİRZƏLİ,
Elşən AĞALAR (foto)
XQ



Sosial həyat