Xalq şairi Süleyman Rüstəmin Güney xatirələri

post-img

İkinci Dünya müharibəsi zamanı İran ərazisindən gözlənilə bilən “Almaniya təhlükəsini” önləmək üçün sovet qoşun birləşməsinin İranın şimalına daxil olması bir əsrdən artıq müddətdə iki yerə bölünmüş xalqımızın müxtəlif səviyyəli təmaslarına da yol açmışdı. 

Sovet qoşunlarının bu ölkədə mü­vəqqəti mövcudluğuna ideya-siyasi zəmin yaratmaq üçün Görkəmli dövlət xadimi Əziz Əliyevin rəhbərliyi ilə Güney Azər­baycan ərazisinə göndərilmiş geniştərkibli ziyalı missiyasının o dövrdəki fəaliyyəti Güneydə milli-demokratik hərəkatın növ­bəti mərhələsinin başlanmasına önəmli təsir göstərmişdi. Xalq şairi Süleyman Rüstəm həmin missiyanın fəal nümayən­dələrindən biri kimi Təbrizdə və ətraf böl­gələrdə mədəni-kütləvi tədbirlərin mərkə­zində olmuşdu. 

Ədibin Güneyin bəlalı taleyi ilə bağ­lı çoxsaylı poetik nümunələri və “Yada düşənlər” adlı xatirələri həmin dövrün ictimai-siyasi hadisələrinin bədii-sənədli təəssüratı kimi ərsəyə gəlib. Təbriz sev­dalı şairin o tayla bağlı xatirələrindən bir parçanı təqdim edirik:

“1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib, əvəzində kəndli paltarı alaraq təğliyi-libas­la Tehrana qədər qaçdılar.

O vaxt orduya çağırılmışlar sırasında mən də var idim. Hərbi şuranın üzvü Əziz Əliyev bizim rəhbərimiz idi. Əziz bizi bir yerə toplayaraq dedi: “Biz İranın daxili iş­lərinə qarışmırıq, lakin ölkədə sakitliyi qo­ruyub, hərc-mərcliyə yol verməməliyik. Biz bu ölkəyə müharibəylə gəlməmişik. Bütün əhaliyə açıq-aydın bildirməliyik ki, bizim xanla, tacirlə, mülkədarla və qeyriləri ilə işimiz yoxdur. Sovet ordusunun bir nəfə­rindən də İran əhalisi pislik görməyəcək. Hamımız özümüzü sovet vətəndaşına la­yiq aparmalıyıq”.

Təbriz və digər şəhərlərdə acınacaqlı bir məsələnin də şahidi olduq: azərbay­canlılar məktəblərdə öz ana dillərində de­yil, fars dilində təhsil alırdılar. Öz doğma ana dilində danışmağa cürət edən uşaqlar məktəbdən xaric edilirdi. Daha əcaib bir məsələ də bu idi ki, kürdlərin dağlardan şəhərlərə gəlişi qadağan edilmişdi. Onları quldur, cani kimi qələmə verib, əhali ara­sında vahimələr yaratmışdılar. Kürd qızla­rı Təbrizə gəldilər. Onları müşayiət edən bir dəstə oğlan da gəlmişdi. Qəribədir ki, Təbrizdə dərhal dükanlar, restoranlar, ev­lərin qapıları bağlandı. Əhali elə bildi ki, şəhərdə qətl-qarət başlanacaq. Yox, belə olmadı. Kökü olmayan təbliğat heçə dön­dü. Yenidən dükanlar, restoranlar, bağlı qapılar açıldı. 

Əziz Əliyevin kürd və İran xalqları arasında belə yaxınlıq yaratması müsbət nəticə verdi. Təbrizdə Əziz Əliyevin kürd qızları və ruhaniləri ilə dostluq, qardaşlıq söhbətində Mehbalı Əmiraslanovla birlik­də mən də iştirak etmişəm. Onlar Rza şa­hın kürd xalqına etdiyi zülmlərdən, bütün hüquqlardan məhrum edildiklərindən da­nışırdılar. Onlar söz verdilər ki, nə qədər sovet qoşunları İrandadır, kürdlər tərəfin­dən kimsənin burnu belə qanamayacaq­dır. Sonralar bizimlə görüşən kürd xalqı­nın mərd oğullarını Məhəmməd Rza şah Tehranda dar ağacından asdırdı.

Təbrizdə konsert salonu, teatr bina­sı və qeyri mədəni ocaqlar yox idi. Əziz Əliyevin təşəbbüsilə Mirzə Fətəli Axundov adına Dövlət Opera və Balet Teatrı Təb­rizə qastrola gəldi. Opera teatrını qarşıla­maq üçün vağzala bütün Təbriz getmişdi, desəm, yanılmaram. Əziz Əliyev kürdləri teatr artistləri tərəfindən verilən bir kon­sertə dəvət etdi. Kürdlər lojalarda otur­muşdular. Paltarları, çalmaları rəngarəng idi. Bellərində qəmələri, silahları var idi. Konsertdə müğənnimiz Sara Qədimova "Kürdün gözəli" mahnısını oxumağa baş­layan kimi kürdlər cəld salondan çıxdılar. Tamaşaçıları heyrət bürüdü. Kürdlər bir­dən səhnədə göründülər. Bir-birilərinin qurşağından yapışıb kürdcə oxuyaraq yal­lı getdilər. Salonu arasıkəsilməyən alqışlar bürüdü. Bu, təbrizlilər və bizim üçün unu­dulmaz hadisə oldu. 

Əziz Əliyev həkim olduğundan Təbriz əhalisinin vəziyyətini, ehtiyacını nəzərə alaraq adamlara pulsuz xidmət göstərən xəstəxana açdırdı. Bakıdan həkimlər ça­ğırdı. Xəstəxananın müdiri, baş həkimi çox gözəl insan və həkim Qədimov oldu. O, tez bir zamanda Təbrizdə böyük hörmət və şöhrət qazandı. Əziz Əliyevin bir təşəb­büsü də alqışalayiq idi. O, indiyəcən ucuz, eybəcər Amerika filmləri görmüş əhaliyə “Azərfilmin”in çəkdiyi filmləri göstərməyi məsləhət bildi. Bakıdan “Kəndlilər”, “İs­mət” və digər filmlər gətirildi. Yadımdadır, sərin bir payız axşamı Gülüstan bağında, açıq havada “Kəndlilər” filmi göstərilir­di. Hava getdikcə soyuyurdu, lakin əhali quru yerdə oturub həyəcanla filmə baxır­dı. Azərbaycanımızın keçmiş həyatından, xalqımızın mübarizəsindən danışan bu film göstərildikcə, təbrizlilər əsərin qəhrə­manını şiddətli alqışlarla qarşılayırdılar.

Aşura günü Təbrizdə qəribə bir hadisə­nin şahidi oldum. Təbrizin mərkəzi küçə­sində böyük bir izdiham göründü. Bunlar zəncir vuranlardan, başlarını yaranlardan, sinə vuranlardan ibarət idi. Təbriz ajan­ları bu izdihamın qarşısını kəsə bilmədi. Dəstənin qabağında adamlar ələmlər ara­sında Stalinin əksini aparırdı. İzdihamdan bu sözlər yüksəlirdi: “Məhv olsun zalimlər, qəhr olsun cəlladlar! Yaşasın hürriyyət, ədalət! Yaşasın şürəvilər!”.

Bir gün Əziz Əliyev məni və digər bir yoldaşı yanına çağırıb dedi:

– Düşmənlərimiz min vasitəylə çalışır­lar ki, İranda sovet qoşunları olan yerlərdə normal həyat, şərait olmasın. Səbəbləri­ni də bizim ayağımıza yazsınlar. Siz sa­bah Ərdəbilə yola düşün, amma ehtiyatla hərəkət edin. Özünüzü qoruyun. Sizə yax­şı yol!

Səhəri gün yola düşdük. İkimiz də si­lahlı idik. Belimdə parabellum, çiynimdə karabin var idi. Bu yol bizə tanış deyildi. Yolda gediş-gəliş yox idi. Qaranlıq düşdü. Külək əsirdi. Sərabda qalmalı olmadıq. Ərdəbilə yaxın Nir deyilən qəsəbədə ge­cələdik. Səhər Ərdəbilə çatdıq.

Çayxanaları gəzməyə başladım. Çayxanaların birində qəribə hadisə baş verdi: Vaxtilə Bakıda, keçmiş Spasskaya (indiki Qasım İsmayılov) küçəsində cənu­bi azərbaycanlı iki qardaş yaşayırdı. Onlar xırda alverlə məşğuldular. Kiçik qardaş Baba Novxanı kəndindən Zəhra adlı qızla evlənmişdi. Məhləmizdə atama və başqa adamlara İranı ağız dolusu tərifləyirdi. Guya, orda işləmə, əziyyət çəkmə, başına qızıl yağsın. Bəzən mənimlə də çürük mü­bahisəyə girişirdi.

Bəli, çayxanaya girdim. Göz-gözü gör­mürdü. Tüstü aləmi bürümüşdü. Çayxa­nanın yeri palçıq idi. Ayaqyalın bir nəfər iri padnosdan müştərilərə çay paylayırdı. Bu adam mənə tərəf yaxınlaşanda lapdan padnos əlindən yerə düşdü, stəkanlar sın­dı. O, üstümə cumub məni bərk-bərk qu­caqlayıb, hönkür-hönkür ağlamağa baş­ladı. Bu, vaxtilə məhəlləmizdə yaşayan, İranı tərifləyən həmin Baba idi. Başına gələn müsibətlərdən danışdı...

Bir gün Əziz Əliyev məni və Həsən Şahgəldiyevi yanına çağırıb dedi ki: “Qu­bernator Fəhiminin dediyinə görə, Səra­bın dağ kəndlərinin birində bizim adamlar, guya, ixtişaş salırlar. Bu, düşmən hiyləsi­dir. Sərabın dağ kəndində baş verən ha­disəni Sərab əmniyyə nümayəndələrilə birlikdə yoxlamağı sizə tapşırıram. Eh­tiyatlı olun, orada hər cür fitnə baş verə bilər”.

Maşınla Səraba gəldik. Dağlara atla getməli idik. Sərabın əmniyyə rəisi ilə gö­rüşdük. Bizimlə görüşməkdən boyun qa­çırdı: “Dağ kəndlərində bizi öldürə bilərlər. Bir neçə kənddə əmniyyələrimizin silahla­rını alıblar” – dedi. Zamin olduq ki, bizimlə getsələr, onlara toxunmazlar. Mən at sür­məyi bacarırdım.

Təhkim olunduğum süvari diviziyasının komandiri, polkovnik Alekseyevin tapşırığı ilə dağıstanlı bir mayor Təbriz düzənlə­rində, dağlarında mənə at çapmağı öy­rətmişdi. Sən demə, Həsən Şahgəldiyev heç ata minməyibmiş. Mən əmniyyələrlə birlikdə atlarımızı dağlara doğru çapır və hərdən ara verib, bizdən çox geridə qal­mış Həsəni gözləyirdim. Yolda əmniyyə rəisi məni qəribə bir vəziyyətə salmağa təşəbbüs etdi:

– Ağa, sol tərəfə baxın, canavardır. Bu yerlərdə çox canavar olur.

Diqqətlə baxdım. Canavara oxşayırdı. O, məni tələsdirdi:

– Ağa, canavardır. Tez nişan alın, qaça bilər!

Mən gözlərimi uzaqdakı nöqtəyə zil­ləmişdim. Çox çəkmədi ki, rəisin canavar dediyi kəndli ayağa qalxdı. Demə, namaz qılırmış. Rəis pərt oldu. Fitnəsi baş tutma­mışdı.

Kəndə çatdıq. Əhali toplaşdı. Xanın evi qarət olunmuşdu. Namusuna toxunulmuş qızlar, xanın oğlu tərəfindən döyülmüş kənd cavanları və əzab, işgəncə çəkmiş qoca kişilər, qarılar bizə odlu şikayətlər etdilər. Xanın evindən aparılmış əşya geri qaytarıldı, lakin xanın və oğlunun harada olduğu aydınlaşmadı. Əmniyyə rəisinə de­dim ki: “Hanı burda sovet adamları? Hanı sovet vətəndaşları? Siz niyə zülmünüzdən cana gəlmiş adamların sizə qarşı çıxışını bizim ünvanımıza yazırsınız?”.

(ardı var)

Sosial həyat