Urmiya gölü quruyur, Tehran buna göz yumur

post-img

“Tehran məqsədyönlü şəkildə Urmiya gölünün ekoloji problemlərinin həlli məqsədilə beynəlxalq qurumların və ekspertlərin rəyini də qulaqardına vurur”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Urmiya gölünün quruması nəticəsində bölgədə ekoloji fəlakət yaşandığını bildirib: “Güneydə Urmiya gölü sürətlə quruyur, əkinçiliyə və heyvandarlığa zərər dəyib. Quruma nəticəsində duz qa­sırğalarının ətraf mühitə, o cümlədən Türkiyə və Naxçıvana mənfi təsiri yaranır. Urmiya gölünün quruması İranın “dərin dövlət”inin ve­cinə deyil, əksinə, Güney Azərbaycana, Azərbaycana və Türkiyəyə ekoloji problemlərin yaranmasından faydalanmaq istəyirlər, ancaq axı bunun bir ucu özlərinə də toxunacaq”. 

Politoloq daha sonra qeyd edib ki, müxtəlif hesablamalara görə, duz qasırğası gölün 500 kilometr radiusunda yaşayan on milyonlarla sakinə təsir edəcək: “İranda hər yeni gələn prezident Urmiya gölü­nün problemini həll edəcəyini vəd edir, bir az keçir, vədini yaddan çıxarır və ya “dərin dövlət” ona izah edir ki, bu məsələyə qarışma. Bu səbəbdən Tehran Urmiya gölünün ekoloji problemlərinin həlli məqsədilə beynəlxalq qurumların və ekspertlərin rəyini də qulaqar­dına vurur”.

Bəs, Urmiya gölü niyə quruyur? İranın “Mehr” xəbər agentliyi energetika nazirinin müavini Səttar Mahmudiyə istinadla bildirib ki, 

Urmiya gölü 50 ildir ki, xüsusi beynəlxalq bataqlıq ərazisi hesab olunub və son 54 ildə UNESCO tərəfindən qorunan bir biosfer kimi qeydə alınıb. Gölün böyük bir hissəsinin qurumasının əsas səbəblə­rindən biri iqlim dəyişikliyidir: “Bu da gölün hazırkı vəziyyətinə gəti­rib çıxarıb. Ona görə də hövzəni əvvəlki vəziyyətinə geri qaytarmaq üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac var. Bu sahədə İran Energetika Nazirliyi mütəxəssislərinin rəyini almaq araşdırmaların aparılması işinin bir hissəsidir. İndiyədək bununla bağlı bir sıra yı­ğıncaqlar keçirilib və Urmiya gölünün xilası üçün bir çox layihələr təklif edilib”.

İranın energetika nazirinin müavini, həmçinin vurğulayıb ki, Urmi­ya gölünün suyunun həddindən artıq çox buxarlanması və düzgün qidalanmama hövzənin qurumasının digər səbəblərindəndir: “Bun­dan başqa, Urmiya gölü ətrafında icazəli və icazəsiz xeyli artezian quyuları qazılıb. Eyni zamanda, fermerlərin yerüstü su ehtiyatların­dan istifadə etməsi və bəndlərin inşası Urmiya gölünün qurumasına təsir göstərib”.

Göründüyü kimi, İranın səlahiyyətli şəxsi hansısa təcili tədbirlə­rin görülməsinin üstündən keçərək, gölün quruma səbəblərini sada­lamağa üstünlük verib. Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi, təxminən, 6 min kv. km olan gölün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azal­mağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. 

Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı.

R.GƏNCƏLİ

Sosial həyat