İranda “pantürkizm təhlükəsi” uydurması

post-img

Məqsəd milli-etnik problemləri pərdələməkdir

Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər çalması və öz ərazilərini düşmən işğalından azad etməsindən sonra İranın Azərbaycana qarşı düşmənçilik münasibətinin həqiqi mahiyyəti və məzmunu özünü əyani şəkildə göstərmişdir. 

İranlı alim və ekspertlərin bu ölkə media­sında yayılmış yazı və təhlillərində Azərbayca­nın, guya, Zəngəzur dəhlizi vasitəsi ilə Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirməsi sahəsində siyasi, ideoloji və əməli fəaliyyət göstərməsi ilə bağlı həqiqətə uyğun olmayan mülahizələr geniş yer almışdır. Azərbaycanın, onun əməkdaşlıq etdikləri ölkələrin və dəhliz məsələsinin İranın ərazi bütövlüyü, milli birliyi, suverenliyi üçün yaratdığı və yarada biləcəyi təhlükə və təhdidlər haqqında reallıqdan uzaq, cəfəng ideya və fikirlər daim təkrarlanmışdır. 

Yeri gəlmişkən, İranda çox hallarda olsa da, Zəngəzur dəhlizinin İranın iqtisadi, geoiq­tisadi və geosiyasi maraqları üçün nəinki təh­did yaratmadığı, əksinə, onun həmin sahədə maraqlarına cavab verdiyi haqqında yazılara da rast gəlmək olurdu. Bu fakt İranda müəyyən qüvvələrin Azərbaycana qarşı düşmənçilik si­yasətinin arxasında başqa səbəb və niyyətin gizləndiyini aşkar şəkildə göstərir. 

Son vaxtlar İran təbliğatı əsas diqqətini Azərbaycan, Türkiyə, İsrail və digər dövlətlə­rin, guya, bu ölkədə separatizm və pantürkizm fəaliyyəti ilə məşğul olmalarına yönəldir, milli azadlıq hərəkatlarını pantürkizm təhlükəsi ilə pərdələməyə çalışır. İranı ən çox narahat edən ölkədə, guya, separatizm fəaliyyətləri olduğun­dan və pantürkizm onun mühüm bir ünsürü he­sab edildiyindən əvvəlcə bu barədə bir neçə söz deyək.

İranda pantürkizm, xüsusən, Cənubi Azər­baycanda pantürkizm haqqında son 30 ildə son dərəcə geniş, müxtəlif səviyyəli, səpgi­li, həcmli yazılar meydana gəlmişdir. Həmin yazıların bir əsas cəhəti pantürkizmə verilən tərifdə özünü göstərir. İranda Cənubi azər­baycanlıları türk adlandıran və onların milli hüquqlara malik olduğunu müdafiə edən fikir cərəyanı pantürkizm və bunu bəyan edən istə­nilən şəxsi pantürkçü adlandıraraq daim təqib edirlər. Cənubi azərbaycanlıları Türkiyəyə, Şimali Azərbaycana birləşdirmək sahəsində elmi, ideoloji, siyasi, ictimai və sair fəaliyyətdə ittiham edirlər. 

Bundan əlavə, İranda Cənubi və Şimali azərbaycanlıları vahid bir xalq və türk xalq­larından biri adlandıranları və həmin ideyanı dəstəkləyənləri də pantürkçü siyahısına daxil edirlər. Nəticədə türkdilli xalqları türk adlandı­ran, türk xalqlarının bütün sahələrdə əməkdaş­lığının genişlənməsinin vacibliyini dəstəkləyən ideya cərəyanını pantürkizm adlandırırlar.

İranın millətçi alim və siyasiləri Cənubi azərbaycanlıların milli azadlıq hərəkatını pan­türkizm hərəkatı kimi səciyyələndirir. Onlar azərbaycanlılara və Azərbaycana, eləcə də bü­tövlükdə, türk dövlətləri və türk xalqlarına qarşı mübarizə apardıqlarını nümayiş etdirərək öz cızma-qaralarında, çıxışlarında zahirən yaxın siyasi-iqtisadi əlaqələr qurmağa çalışdıqları bu dövlətlərə və xalqlara qarş, əslində, ikiüz­lülük və hörmətsizlik nümayiş etdirirlər. 

Qeyd edildiyi kimi, İranda pantürkizmi Cə­nubi azərbaycanlıların separatizm adlandırılan milli azadlıq hərəkatının mühüm ideya-mənə­vi ünsürü hesab edirlər. İranda milli azadlıq hərəkatı Cənubi azərbaycanlılarla məhdudlaş­madığından pantürkizm İran miqyasında Cə­nubi azərbaycanlıların milli hüquqları uğrunda çıxış edən Cənubi Azərbaycan ideya-siyasi cərəyanlarına şamil edilir. Bu baxımdan, pan­türkizm separatizmin bir ünsürü kimi qələmə verildiyindən daha məhdud anlayış kimi çıxış edir. Bunun müqabilində separatizm adlan­dırılan milli azadlıq hərəkatı İranda ən geniş yayılmış ideya, idoloji, ictimai, mədəni və siya­si bir hadisədir və bütün qeyri-fars xalqların ictimai-siyasi, mədəni həyatlarının ən mühüm hissəsini təşkil edir. 

Azərbaycan və onunla yaxından əmək­daşlıq edən ölkələrin İranda separatizm ad­landırılan milli-azadlıq hərəkatına təsir imkan­ları və həmin sahədə real və ya ehtimal olunan fəaliyyətləri əsas təhlükə hesab edilir. Həmin “təhlükə”nin aradan qaldırılmasının, məlum ol­duğu kimi, müasir, sivil dünyada çox sadə həll yolu vardır: İranda yaşayan etnik-milli və et­nik-dini azlıqların müvafiq hüquqlarının tanın­ması və təmin edilməsi. Amma bir əsrdən çox müddətdə qeyri-fars xalqlara qarşı hakim mil­lətçilik, zorakı assimilyasiya, etnosid siyasəti yeridən İran hakimyyəti bu xətdən əl çəkmə­diyini əməldə nümayiş etdirərək gələcəkdə də onu davam etdirəcəyi mesajını verərək, guya, real və ehtimal olunan maneələri aradan qal­dırmaq istəyir.

İran özünün bütün iranlılara qarşı anti-bəşə­ri, anti-demokratik və ədalətsiz, qeyri-fars xalq­lara qarşı irqi, etnik, dini, linqvistik ayrı-seçkilik siyasəti qarşısında, nədənsə, çox mühüm ma­nelərdən biri kimi Azərbaycan Respublikasını nəzərdə tutur. Həmin baxış hələ 1917–1918-ci illərdə meydana gəlsə də, 1991-ci ildə Azər­baycan öz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə daxil olmuşdur. İran İslam Res­publikası Cənubi azərbaycanlıların milli hüquq­larını təmin etmək əvəzinə, Azərbaycan Res­publikasından düşmən obrazı yaradaraq İran əhalisi və xüsusən də Güneydə ölkəmizə qarşı düşmən və neqativ münasibət yaradır, güney­lilərə qarşı isə etnosid siyasəti yeridir.

İran öz siyasətini əsaslandırmaq üçün Azərbaycanın İrandan fərqli olaraq dünyəvi dövlət olması, onun düşmənləri (İsrail, ABŞ) və rəqibləri (Türkiyə, Ərəb ölkələri) ilə yaxın əməkdaşlıq etməsi amilindən geniş istifadə etməyə çalışır. Həmin siyasət Azərbaycanın əleyhinə yönəlməkdən daha çox, İranda milli azlıqlara və ilk növbədə, Güney azərbaycan­lılara qarşı yönəlib. Çünki İranın düşməninə və ya düşmən obrazına rəğbət göstərmək milli və dövləti xəyanət hesab edilə bilər. Bu amil Güney azərbaycanlıları nəinki Şimali Azərbay­cana rəğbət göstərməkdən, həmçinin öz milli hüquqları uğrunda çıxış etməkdən çəkindirmə­lidir. Məhz buna görə Azərbaycanın müstəqil­liyi və hətta nəqliyyat-kommunikasiya dəhlizi İranı separatizm yolu ilə parçalamaq amili kimi qələmə verilir və ona qarşı geniş təbliğat apa­rılır. Nəticədə Azərbaycan ideoloji qarşıdurma obyekti kimi nəzərdən keçirilir.

İran Güney azərbaycanlılara qarşı son yüz ildə həyata keçirdiyi milli zülm və etnik ay­rı-seçkilik siyasətini əvvəlki kimi davam etdir­mək üçün Azərbaycanı özünün düşməni elan edib ona qarşı ideolji mübarizəni genişləndirir, müxtəlif vasitələrlə, o cümlədən güc nümayi­şi, təzyiq göstərmək, Güney azərbaycanlıları həmin prosesə geniş şəkildə cəlb etməklə on­ları milli hüquqlar uğrunda dinc vasitələrlə mü­barizədən yayındırmaq istəyir. Bundan əlavə, Azərbaycan Respublikasını Güney azərbay­canlıların ən bəsit milli hüquqlarını beynəlxalq müstəvidə müdafiə etmək imkanından məh­rum etmək niyyəti güdürlər.

Amma tarixi təcrübə göstərir ki, polietnik dövlətdə hər hansı bir xalq (İranda fars xalqı) hakim etnos kimi digər xalqlara qarşı sonsuza qədər irqi ayrı-seçkilik, hakim millətçilik, etno­sid və linqvosid siyasəti yeridə bilməz. Həmin siyasət son nəticədə dövlətin parçalanmasına və hakim xalqın qeyri-müəyyən perspektivlə üzləşməsinə səbəb ola bilər.

 

Vidadi MUSTAFAYEV,
AMEA Şərqşünaslıq İnstitutu İran şöbəsinin müdiri, professor

Siyasət