Fəridin hədəfləri böyükdür

post-img

Azərbaycanlı məktəblilər Londonda keçirilən beynəlxalq riyaziyyat olimpiadasında yüksək nəticələr göstəriblər. Ölkənin istedadlı şagirdləri “Global Olympic Center”in təşkil etdiyi IMEC riyaziyyat yarışmasında 5 kateqoriya üzrə mübarizə aparıblar.

38 ölkənin təmsilçiləri arasında ən çox medal qazanan Azərbaycan koman­dası olub. Məktəbli riyaziyyatçılarımız 13 qızıl, 18 gümüş, 14 bürünc medala layiq görülüblər. Hər kateqoriya üzrə ən yüksək nəticə göstərən şagirdlər tam və 50 faizlik güzəştlə Kembric Universiteti nəzdində “İnternational Well Rounded School”da təhsil almaq imkanı qazanıblar.

Olimpiadada qızıl medal qazanan 14 yaşlı Fərid Həsənzadə Cəbrayıl rayonu Böyük Mərcanlı kənd tam orta məktəbin IX sinif şagirdidir. 

Fəridlə söhbət zamanı bəlli oldu ki, bu onun beynəlxalq olimpiadalarda ilk uğuru deyil. Sinqapurda qızıl, Tayland və Ameri­kada isə brünc medal qazanıb. 

Qalib məktəblimiz bildirdi:

–Hər dəfə medal qazananda həvəslə­nirəm. Olimpiadalara hazırlaşmaq dərs­lərimi oxumaq üçün əlavə maraq yaradır. Londonda Harrov məktəbində 1 həftə müddətində həm yarışda iştirak etdik, həm də şəhərdə gəzdik. Biq Bendə, Harri Poter Muzeyində və bir çox başqa yerlər­də olduq.

Kompüter mühəndisliyi sahəsi mənə maraqlı gəlir. Buna görə də riyaziyyat, fizika,informatika kimi fənləri daha yaxşı öyrənirəm. İstərdim ki, nüfuzlu universi­tetlərdən birinə qəbul olub, yüksəkixtisaslı mütəxəssis olum.

Yeniyetmə soydaşımıza yeni uğurlar və istəklərinə çatmalarını arzu edirik. 

Rüfət MƏHƏRRƏMOV

Sosial həyat