Şuşa həsrət idi Xanın səsinə...

post-img

20 avqust milli musiqimizin “Xan əmi”si şuşalı İsfəndiyar Aslan oğlu Cavanşirovun ad günüdür. 1901-ci ildə musiqi beşiyi Şuşada doğulmuş, 1979-cu ildə Bakıda dünyasını dəyişmişdi.

Muğam zirvəsinin fatehi Xan Şuşinski təkcə ad günündə deyil, hər vaxt anılır, xatırlanır. Bu haqqı Azərbaycan muğam sənətinin inkişafında xidmətləri və misil­siz, təkrarolunmaz səsi ilə qazanıb us­tad.

Deyilənə görə, Ağdamda məclislərin birində qrammofonda Güneyin məşhur xanəndəsi, təbrizli Əbülhəsən xan İqbalın “Kürd - Şahnaz” müğamını dinləyirmişlər. Segah ustadı, xanəndə İslam Abdullayev şagirdi İsfəndiyardan soruşur:

– Belə oxuya bilərsənmi, a bala?

– Hə, bir də dinləsəm, oxuya bilərəm, ustad ! – deyə İsfəndiyar cavab verir.

Muğam yenidən səslənir. O, muğamı dinlədikdən sonra oxumağa başlayır. İs­fəndiyarın səsi məclisdəkiləri məftun edir, hamı ona “əhsən” deyib alqışlayır. Bu ifa­dan çox razı qalan ustad fəxrlə şagirdinə deyir:

Əbülhəsən o tayın xanıdır, bu gün­dən sən də olursan bu tayın Xanı!

Elə o gündən İsfəndiyara hamı “Xan” deməyə başlayır. Yaşının üstünə yaş gəl­dıkcə isə ona “Xan əmi” deyə müraciət edirlər. Xan Şuşinski “Mahur- Hindi”, “Ba­yatı - Qacar”, “Qatar” , “Qarabağ şikəstə­si”, “Arazbarı”, “Heyratı” muğamlarını özünəməxsus ifa edib. “Qarabağ şikəstə­si” onun ən çox sevilən mahnısı olub. Bu şahanə ifa dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb, gur alqışlara səbəb olub. Elə Xan özü də bu muğamı çox xoşlayarmış. Həmişə səhnəyə çıxanda ifasına bu muğamla başlayarmış, şövqlə oxuyarmış. “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a ceyran bala”, “Qaragöz” və digər nəğ­mələr də Xanın ifasında sevilib və dillər əzbəri olub.

Təəssüf ki, ustad sənətkarın bənzərsiz ifasından cəmi 4 saatlıq lent yazısı qalıb. 

Fəsillər dəyişəcək, aylar, illər ötəcək, amma Xandan bir də dünyaya gəlməyə­cək. Ondan yadigar qalan səsi oldu. Xalqın sevimli şairi Səməd Vurğun o ecazkar səsi eşitmək arzusu ilə yazmışdı:

Könlüm keçir Qarabağdan,

Gah o dağdan, gah bu dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Düz 30 il eşidilmədi Xanın səsi doğul­duğu şəhərdə. Qarabağda, Şuşada qəm­li-qəmli dolaşdı onun ruhu. Səbirsizliklə doğma yurdu Qarabağın, Şuşanın azad olacağı günü gözlədi. Azərbaycan əsgə­rinin Xarıbülbül möcüzəli Qələbə sorağı susqun nəğməkarın nisgilli ruhunu da şad elədi.

Şuşada yenidən ucalır Xanın səsi, çünki artıq şəhərin başı üstündə əsarət dumanı yoxdur.

Zülfiyyə QURBANƏLİQIZI, “Xalq qəzeti”

Mədəniyyət