Göygöl rayonunu görmək istəyən xarici turistlərin sayı artır

post-img

Son vaxtlar Göygölün icra strukturları bu rayonun Azərbaycanın turizm mərkəzlərindən birinə çevirmək üçün kompleks tədbirlər həyata keçirirlər. Vaxtilə unudulmuş tarixi abidələr, görməli yerlər bir daha dəqiqləşdirilir, yol infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görülür, kənd turizminin inkişafı istiqamətində əməli işlər aparılır.         

Respublikasının qərbində yerləşən rayonun relyefi dağlıq, dağətəyi və düzənliklərdən ibarətdir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdə, Kiçik Qafqazın Murovdağ silsiləsində yerləşən Gamışdağ zirvəsidir. Göygöl şəhərinin özü isə dəniz səviyyəsindən 600 metrə yaxın hündürlükdə yerləşir. 

Gəncə şəhəri, Kəlbəcər, Daşkəsən, Şəmkir, Samux və Goranboy rayonları ilə həmsərhəd olan Göygölün ərazisi ən qədim zamanlardan son orta əsrlər dövrünədək uzun bir tarixi mərhələni əhatə edən abidələr diyarıdır. Məşhur Kəpəz dağı, Göy-göl, Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir, Quşqara, Gəncə və Kürək çayları da rayon ərazisindən keçir. Burada XII, XIV, XVI və XIX əsrlərə aid 31 yerli və ölkə əhəmiyyətli tarixi və memarlıq  abidələri mövcuddur. 

Rayonda turizm sahəsinin inkişafına diqqətin daha da artırılması,  qədim tarixi və alman irsinə olan tolerant münasibət və bununla bağlı silsilə tədbirlərin həyata keçirilməsi rayona gələn yerli və xarici turistlərin sayını nəzərəçarpacaq dərəcədə artırmışdır.

 Hamlet Qasımov,

“Xalq qəzeti”nin bölgə müxbiri













Sosial həyat