İmperiyanı 5 dəfə böyüdən Sultan I Murad

post-img

Hörmətli oxucular! Biz “Xalq qəzeti” olaraq sizə dünya tarixinin ən qüdrətli imperiyalarından biri olan Osmanlının ilk iki qurucusu – Osman və Orxan Qazi barədə ötən nömrələrimizdə məlumat vermişik. 

Bu dəfə 27 illik hakimiyyəti dönəmin­də Osmanlı torpaqlarını 96 mindən 500 min kvadrat kilometrə çatdıran, faktiki olaraq ölkəsinin hüdudlarını Anadoludan Rumelinə qədər genişləndirən, gənc Os­manlı dövlətini uğurlu idarəçilik sayəsin­də daha da gücləndirən I Muradın (1326-1389-cu illər) həyatı və fəaliyyəti barədə söz açacağıq. Qeyd edək ki, o, Osmanlı tarixində Murad Xudavəndiyar (Allahın dostu-red) kimi tanınaraq anılır. 

Muradın cəmi 12 yaşı olanda ata­sı Orxan bəy İzmitin fəthinə çıxmazdan öncə onu Bursa sancaqbəyi təyin edib. Və yeniyetmə Murad himayədarı böyük sərkərdə Lələ Şahin ağa ilə birlikdə Bur­saya göndərilib. Burada o, ağlı, hünəri və qeyrəti ilə ilk gündən xalq tərəfindən se­vilməyə başlayıb. 

1357-ci ildə Rumeli fatehi kimi tanı­nan qardaşı Süleyman paşa vəfat edib və bu ərazinin idarəçiliyi də I Murada tapşırılıb. O, burada olduğu beş il ərzin­də həm ordusunu qüvvətləndirib, həm də əhalinin maddi rifahını yaxşılaşdırmağa çalışıb. 

1361-ci ilin yazında şahzadə Murad əmrindəki Rumeli hərbi birlikləri ilə birlik­də Ədirnəyə hücuma keçib. Şəhərin 55 kilometr şərqində qərargah qurub və Şa­hin Paşa idarəsindəki ordunu qala üzə­rinə göndərib. Ədirnə təkfuru Sazlıdərə istiqamətində türklərin önünü kəsməyə çalışsa da, məğlub olaraq geri çəkilib və gecə vaxtı döyüş meydanından qaçıb. 

1361-ci il mayın 5-də Ədirnə əhalisi şəhəri Osmanlı birliklərinə təslim edib. Şahzadə Murad hərbi dəstələrin başın­da Qum qalası qapısından şəhərə daxil olub. Lakin burada çox qalmayıb Şahin Paşa ilə birlikdə Bolqarıstan çarlığına aid Plovdiv bölgəsinə yeni səfərə çıxıb. Ancaq burada olarkən Bursa qazısı Çan­darlı Qara Xəlil Əfəndidən atasının və­fatı xəbərini alıb. 1362-ci ildə Osmanlı taxt-tacına sahib olub. Ədirnəni dövlə­tinin paytaxtına çevirib. Roma papası I Muradın dövlətinin sərhədlərini genişən­dirməsindən narahat olub və 1366-cı ildə səlibçilər Amadey VI Savoyskinin rəhbər­liyi ilə türklərin əleyhinə yürüşə çıxıblar. Onlar Qallipoli yarımadasını ələ keçirib­lər, lakin bir il keçməmiş türklər oranı ye­nidən geri qaytardılar.

I Muradın həyatı at belində, ağır dö­yüşlərdə keçirdi. O, 1371-ci ildə Maritsa çayı üzərindəki döyüşdə serb knyaz­larını darmadağın edib və Makedoniya şəhərləri olan Drama, Kjavala və Sereni ələ keçirib. Bundan sonra Samaovoda bolqar və serblərin birləşmiş ordularını məğlub edib. Serb və bolqar knyazlarının çoxu I Murada tabe olaraq onun vassalı­na çevriliblər. 

1380-cı illərdə I Murad Qərbə doğru yürüşlərini davam etdirib. 1385-ci ildə bolqarlar Sofiya türklərə təslim olub. Bu zaman Tokat tərəfdən Qaraman oğulla­rının birgə qoşunları hücum etdiyini eşi­dib. 1386-cı ildə Konya ətrafında rəqib qoşunları darmadağın edilib. 1389-cu ildə Murad oğlu Bəyazidlə Kosovo yaxın­lığındakı döyüşdə şimali serb knyazları üzərində qələbə qazanıb. Lakin 63 yaş­lı hökmdar bu ağır döyüşdə həlak olub. Şair Əhmədinin yazdığı "Qəzanamə"yə görə, bir neçə adamıyla birlikdə döyüş meydanını gəzən Sultan Murad, cəsədlər arasında gizlənən Miloş Kobiloviç tərə­findən xəncərlə yaralandı və bir müddət sonra vəfat etdi. 

Sultan Muradın yaralandığı və öldüyü yerə Hüdavəndigar Məşhədi adı verilən türbə inşa olundu. I Murad ilk sultan ləqə­bi alan Osmanlı hökmdarı sayılır. 1383-cü ildə onun adı sikkələrdə artıq sultan kimi qeyd edilib. O, Osmanlını güclü bir dövlətə çevirə bilib. 

I Muradın iqtidarı dönəmində ənənəvi səlcuq idarəçiliyi tədricən Bizans və Mi­sir məmlüklük qanunları ilə əvəz olunub. Muradın hakimiyyətinin erkən illərində tə­yin etdiyi Xəlil paşa 1387-ci ildə dünyası­nı dəyişənədək bu vəzifəni uğurla yerinə yetirib və xalq tərəfindən sevilərək Böyük vəzir adlandırılıb. 

I Muradın dövründə müharibələr za­manı əldə edilən hərbi qənimətin beşdə biri xəzinəyə ayrılırdı ki, bu da dövlətin əsas gəlir mənbəyi sayılırdı. Bu vəsait hesabına nizami ordu saxlamaq, qalalar və saraylar inşa etmək, məscid və mi­narələr ucaltmaq mümkün olmuşdu. 

Böyük vəzir Xəlil paşanın məsləhəti ilə, təxminən, 1370-ci illərdə yeniçərlər korpusu yaradıldı. Onlar əvvəlcə hökm­darın cangüdəni vəzifəsini yerinə yeti­rirdilər. Sonradan ordunun elit hissəsinə çevrildilər.

I Murad hamisi Lələ Şahin paşanı Rumelidə ilk bəylərbəyi təyin etmişdi. Bu­nunla da Avropa ərazisində ilk Osmanlı dövləti qurulmuşdur. 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Sosial həyat