Çuvaşlar təxminən 2 milyon nəfərdən ibarət qədim türkdilli xalqıdır. Ehtimala görə, “Çuvaş” suvar sözündən yaranıb. Bu sözün digər türk dillərində şox işlənən “yavaş” sözündən gəldiyi də ehtimal olunur. “Çavaş” sözü tatarca “çıvaş” olub “sakit, təvazökar, sülhsevər” deməkdir. Özlərini “çavaş” adlandıran çuvaşların əksəriyyəti Çuvaş Muxtar Respublikasında yaşayır, digər bir qismi isə qonşu Tatarıstan və Başqırdıstan muxtar respublikalarında, Qərbi Sibirdə və başqa ərazilərdə məskunlaşıb.
Çuvaşlar eramızdan əvvəl Orta Asiyadan Şərqi Avropaya köç ediblər. İdil (Volqa) çayı ətrafında məskunlaşdıqdan sonra digər türkdilli tayfalar – hunlar, xəzərlər, peçeneqlər, bolqarlarla qaynayıb-qarışıblar.
1237-ci ildə Volqa Bulqar dövləti monqol-türk ordusu tərəfindən darmadağın edilib. Sonralar həmin bölgədə yaradılmış Qızıl Orda dövlətinin sərhədləri indiki Çuvaşıstan ərazisini əhatə edirdi . XIV əsrdə Qızıl Orda dövləti parçalandı və çuvaş torpaqları Qazan xanlığının tərkibinə daxil olundu. Daha sonra Kazan xanlığı 1552-ci ildə rus çarı İvan Qroznı tərəfindən dağıdıldı. Bu tarixdən sonra bütün torpaqlarını itirərək ruslara xərac verməyə məcbur olan əksər kasıb çuvaş kəndliləri əkinçilikdən əl çəkərək fəhlə və nəqliyyatda işləməyə başladılar. İş axtaran çuvaşların bir qismi Türkiyəyə köçüb. 1925-ci il aprelin 21-də Çuvaşıstan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Paytaxtı Çeboksarı şəhəridir.
Çuvaşların əsas ənənəvi məşğuliyyət növü əkinçilikdir. Heyvandarlıq yem torpaqları olmadığı üçün zəif inkişaf edib. Uzun müddət arıçılıqla da məşğul olublar. Burada taxta oyma (qablar, xüsusən də pivə qabları, mebel, dulusçuluq, toxuma, tikmə, naxışlı toxuma (qırmızı-ağ və rəngli naxışlar), həmçinin ip istehsalı və digər sənətkarlarlıq növləri inkişaf edib.
Çuvaş xalqının mədəniyyəti özünəməxsusluğu ilə seçilir. Bayram günlərində müxtəlif rəngli dekorativ baş geyimlərindən istifadə edilir. Qızlar boncuklu tikmə və gümüş sikkələrlə bəzədilmiş yuvarlaq papaqlar taxırlar. Evli qadınlar hər zaman başlarını çiynindən aşağıya qədər olan, naxışlı, ağ rəngli nazik kətan parçadan hazırlanan sürpan ilə örtürlər. Sikkə, muncuq və mərcandan hazırlanan bu zərif baş geyimləri çuvaş qız və gəlinlərinə çox yaraşır.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”


