“Facebook” sosial şəbəkəsində maraqlı statusları ilə diqqət çəkən istifadəçilərdən biri Sumqayıtda yaşayan ziyalı Hümbət Həsənoğludur. Qəzetimizin bu rubrikasında onun müxtəlif mövzularda qələmə aldığı bir neçə statusunu vermişik. Hümbət Həsənoğlu ixtisasca həkim-oftalmoloqdur, eyni zamanda Azərbaycanda və Türkiyədə aforizmlərdən ibarət bir neçə kitabı nəşr olunub. Bu gün onun maraqlı bir müşahidəsini oxuculara təqdim edirik:
“Yapon turistlərini xaricdə çox görmüşəm. Onları digərlərindən bir xüsusiyyət fərqləndirir. Qrupun önündə gedənin əlində mütləq yapon bayrağı olur. Öyrəndim ki, yaponlar hara gedirlərsə, o yerə yaxşı bələd olan, yerli dili bilən qabağa düşüb yapon bayrağını əlinə götürür. Hamı da anlayır ki, bayraq həmişə yerli dili və marşrutu bilən insanın əlindədir. Təkcə səfərlərdə deyil, Yaponiyanın özündə də bu qayda əsasdır: lazım olanı bilən önə keçirilir. Bu sadə yanaşma ilə yaponlar bütün sahələrdə öndədirlər”.
Göründüyü kimi, söhbət məhz kimin flaqman olmasının vacibliyindən, həmçinin dövlət bayrağının hər yerdə təbliğindən gedir. Bu baxımdan yaponların qeyd edilən xüsusiyyəti nümunə sayıla bilər.
Rəhmətlik Şəhriyar da uğur düsturu sayılan bu sadə həqiqəti nəzərdə tutaraq deyirdi ki, avropalılar işi işibilənə tapşırdıqları üçün öndə gedirlər.
Təqdim etdi:
Ə.NƏCƏFXANLI, “Xalq qəzeti”