“Xocalının Əlifi” – Xalqın qəhrəmanı

post-img

...Əlif Hacıyev Xocalı şəhərində yerləşən Hava Limanına rəhbər təyin edilmişdi. Ermənistandan gələn təyyarələrə nəzarət edir, onların uçuşlarını məhdudlaşdırırdı. Xidməti fəaliyyəti, qorxmazlığı ilə bütün Azərbaycana səs salmışdı. Nankor haylara göz verir, işıq vermirdi. 

Xankəndidə işlədiyi müddət­də erməni separatçılar ondan möhkəm çəkinir və aradan gö­türülməsinə, ən azı vəzifəsindən uzaqlaşdırılmasına çalışırdılar. Ancaq Qarabağ azərbaycanlıları sevinirdilər ki, Əlif onların arasın­dadır. Gecə-gündüz Xocalının müdafiəsi üçün var qüvvəsi ilə çalışırdı. Qətiyyən geri durmağı xoşlamırdı. Buna görə də, son nəfəsinə qədər döyüşən Əlif Ha­cıyev doğulub boya-başa çatdı­ğı Xocalı torpağında döyüşlərin birində qəhrəmancasına həlak oldu. Azərbaycan Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümün­dən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.

YAP Nizami Rayon Təşki­latı, Azərbaycan Vətən Mühari­bəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nizami və Nəsimi rayon şöbələrinin birgə təşki­latçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid mayor Əlif Lətif oğlu Hacıyevin 70 illik yu­bileyinə həsr olunmuş “Heç kim unudulmur, heç nə yaddan çıx­mır” adlı anım günündə bütün bunlar iftixarla xatırlandı. “Azər­baycan bayrağı” ordenli polkov­nik Elmar Hüseynov qəhrəman mayorun həyatı və döyüş yolu barədə məruzə ilə çıxış etdi. Şəhidin keçdiyi şərəfli döyüş yolundan, qeyrətli həmvətən­ləri ilə birgə Qarabağ uğrunda apardığı mübarizədən ətraflı bəhs olundu. Əlif Hacıyevin ailə üzvləri, döyüş dostları, qonaqlar da çıxış edərək, onunla bağlı xatirələrini bölüşdülər.

Sonra İctimai televiziyanın çəkdiyi “Xocalının Əlifi” sənədli filmi nümayiş olundu. İTV-nin əməkdaşları və sənədli filmin yaradıcı heyəti AVMVİB tərəfin­dən “Fəxri diplom”la mükafat­landırıldılar. Şəhid qəhrəmanın ailə üzvləri də xüsusi xatirə me­dallarla təltif olundular. 

Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat