Azərbaycan dilində şeirin nadir incilərini yaradan ustadlarla adı birgə çəkilən və ədəbi düşüncənin zirvəsində dayanan əbədiyaşar soydaşlarımızdan biri də Məhəmmədhüseyn Şəhriyardır. Şəhriyar təkcə Azərbaycanın deyil, bütün Şərq aləminin böyük iftixarı və söz ustadıdır.
Kövrək və həssas qəlbli şairin bədii irsi mövzu dairəsinə, aktuallığına görə zəngin və çoxşaxəlidir. O, daim Azərbaycan xalqının tarixi, zəngin mədəniyyəti ilə fərəh duymuş və əsərlərində də bunu tərənnüm etmişdir. Azərbaycan şairin əbədi qibləgahı, poetik manifestidir:
Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,
Xoş günlərin getmir müdam, gözlərimdən Azərbaycan!
Bütövlükdə, Azərbaycan mövzusu Şəhriyar yaradıcılığının əsas istiqamətidir. Ana dili məsələsi isə bu mövzunun tərkib hissəsidir. Şairi doğma dilin vəsfi, yaşadılması və qorunmasına həsr edilmiş, ictimai-siyasi məzmunda yazdığı “Türkin dili” şeirini hələ 1969-cu il də Pəhləvi rejimi zamanı İranda Azərbaycan dilinin qadağan olunduğu dövrdə yazmışdır.
Akademik İsa Həbibbəyli bu şeirlə bağlı yazır: “Türkin dili” şeiri, ilk növbədə, böyük cəsarətin ifadəsidir. Bu şeir indiyədək ana dilimiz haqqında yazılmış şeirlərin ən kəsərlisi və qürurlusudur. Şəhriyar ana dilini, sadəcə, tərənnüm etməmiş, böyük vətəndaşlıq cəsarəti ilə doğma ana dilinin mübariz keşiyində dayandığını bəyan etmişdir”. Xalqın qədim tarixi olan lətafətli dilinin təhriflərə məruz qalması, türkcənin bir ləhcə deyil qüdrətli, ahəngdar bir dil olduğunu sübuta yetirmək cəhdi şairin anadilli divanının yaranmasında həlledici rol oynamışdır:
Türkin dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz şerini farsa, ərəbə qatmasa şair,
Şeri oxuyanlar, eşidənlər kəsil olmaz.
“Fars şairi çox sözlərini bizdən aparmış” – deyən cəsarətli şairin anadilli ədəbi məktəbi, ümumiyyətlə, İranda birmənalı qarşılanmamışdır. 30 il fars dilində yazıb-yaradan şairin bu qədər uzun fasilədən sonra öz dilinə, el-obasına, xalqının daxili aləminə qayıdışı, mənəvi yaddaşa dönüşü böyük əks-səda doğurmuşdur. Bu, yalnız Güney Azərbaycanda Azərbaycan dilinin yasaq edilməsi, yaxud xalqın ana dilində yazılmış ədəbiyyata, şeirə həsrəti ilə bağlı deyildi. Bu dönüş, hər şeydən əvvəl, nisgilli şairin doğma vətənə tükənməz məhəbbətindən, xalq həyatına bağlılığından, vətəndaşlıq borcundan qaynaqlanmışdı:
Dedim, Azər elinin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən,
El məni atsa da, öz güllərimin bülbülüyəm mən,
Elimin farsca da dərdini söylər diliyəm mən.
Həm ana dilində, həm də fars dilində yazdığı əsərləri ilə könülləri fəth edən Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığını təhlil edən akademik İsa Həbibbəyli şairin hər hansı dildə yazmağından asılı olmayaraq fitri istedadından bəhs edərək – “Azərbaycan dilində yazılmış əsərlərində Şəhriyar daha çox milli, farsdilli şeirlərində isə bəşəridir”– deyərək, onun hər iki dilin poetik zirvəsini fəth etdiyini xüsusi vurğulayır. Mənsub olduğu millətin dilində onun ruhuna xitab etməsi şairə əbədiyaşarlıq haqqı bəxş etdi.
Zamanında Məhəmməd Əmin Rəsulzadə Şəhriyarın bənzərsiz yaradıcılığında xəlqiliyə diqqət yetirərək demişdi: “Təbiət ünsürlərini təbii dillə dilləndirən şair səmimi xalq sevgisini hər cür məcazilikdən uzaq, canlı bir tablo ilə təsvir edirdi”. Şəhriyarın bu baxımdan anadilli şeirləri içərisində Azərbaycan türkcəsi ilə yazılmış “Heydərbabaya salam”, “Səhəndim”, “Türkün dili”, “Dərya elədim”, “El bülbülü”, “Behcətabad xatirəsi”, “Türkiyəyə xəyali səfər”, “Aman ayrılıq”, “Şatır oğlan” və s. əsərləri nadir poetik nümunələrdir. Bu silsilə ədəbi hadisə olaraq, həm dövrünün şairləri və tədqiqatçıları tərəfindən yüksək qiymətləndirilmiş, həm də xalqın dərin rəğbətini qazanaraq dillər əzbəri olmuşdur.
Şəhriyar poeziyasının sərhədləri aşaraq milyonlarla insanın qəlbində əbədi yer tutması, saysız-hesabsız oxucu tərəfindən bu qədər sevilməsinin səbəbi məhz xalqın tarixi taleyi, acılı-şirinli həyatı, arzu və istəklərinin ustad şairin təcrübəli qələmi, coşqun təbi, yüksək yaradıcı zəkası ilə əlaqədar idi. Ana dilində yazmaq arzusuna 30 yaşından sonra çatan şair uzun müddət Tehranda yaşadığından “Azərbaycan kəndinə xas olan şirin ləhcə, zarafat və təbirlərdən uzaq” düşmüşdür. O, özü də yazırdı ki, “bu dağ basılmış yanıqlı çağlarım mənə “Ey vay, anam” şeirini yaratmağa imkan verdi.
“Dərya elədim” şeirində də ana dilinə olan məhəbbət, iftixar və qürur hissi ifadə olunmuşdur. Doğma ana dilində yazmaqla, onun üzərindən qara buxovları götürdüyünü, bu dilə bir daha ümumxalq məhəbbəti yaratdığını qürurla tərənnüm edən şair aşağıdakı misraları yazır:
Türki bir ceşmə isə, mən onu dərya elədim,
Bir soyuq mərəkəni məhşəri kübra elədim.
Türki, vallah, analar oxşağı, lay-lay dilidir.
Dərdimi mən bu dəva ilə müdəva elədim.
Şəhriyar öz yaradıcılığında mənsub olduğu xalqın atalar sözündən, xalq zərbi-məsəllərindən geniş şəkildə faydalanır. Bəzən şair onlardan olduğu kimi istifadə edir, bəzən dəyişərək bədii ruh və forma verir. Məsələn: “İynə xalqı bəzər, özü lüt gəzər” Şəhriyar xalq yaradıcılığının geniş ümmanına tez-tez baş vuran, ordan bəhrələnən şairdir. Yeni söz tərkibləri, yeni cinaslar, orijinal fikirlər onun poetik duyğularının bəzəyidir.
Xalqımızın adət və ənənələrinin bədii tərənnümünə, geniş yer verən şair bir çox atalar sözlərinə, zərbi-məsəllərə və deyimlərə müraciət edir və bunları da məqamında işlədərək, milli kolorit verərək sənət nümunələri yaradır. “Türkün məsəli, folkloru dünyada təkdir” - deyən şair bəzən sözə elə hikmət qatır ki, aforistik kəlam kimi xalq yaddaşına hopur: “Xan yorğanı, - kənd içrə məsəldir, - mitil olmaz”, “Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz”, “Missən, a balam, hər sarı köynək qızıl olmaz”, “Bir dəfə bunu qan ki, ipəkdən qəzil olmaz” və s.
Uşaqlığı Heydərbaba dağının ətəklərində keçən şairin yaşadıqları və gördükləri onun uşaq yaddaşında silinməz izlər buraxmışdır. Daha sonralar bədii təxəyyülü bu ümmandan bəhrələnmişdir. Xalqın yaşayış tərzini, adət-ənənəsini, milli koloriti, təbiət mənzərəsini “Heydərbabaya salam” poemasında müşahidə etmək mümkündür. “Heydərbabaya salam” poeması başdan-başa xalq dilində, xalq şivəsində yazılmışdır. ...şair xalqı ilə doğma ana dilində dərdləşir. Onların dərd-sərinə ortaq olmağa, bu dərdlərə çarə arayıb axtarmağa çalışır”.
Bir çox ədəbiyyatşunaslar “Heydərbabaya salam” poemasını şairin yaradıcılığının zirvəsi, şah əsəri kimi qiymətləndirirlər. Bu əsər səlis bir dil, atəşin bir qəlblə yazılmışdır. Şəhriyar İranda türk dilinin yasaqlandığı bir dövrdə bu dili “Heydərbabaya salam” əsəri ilə ayağa qaldırdı. Uzun illər fars dilində klassik ədəbiyyat inciləri yaradan şairin “Heydərbabaya salam” əsəri ilə yaradıcılığın zirvəsində özünə əbədi heykəl ucaltdı. Şəhriyar adı ilə qoşa səslənən “Heydərbabaya salam”, “Türkün dili”, “Azərbaycan” və s. şeirləri onun 50 milyonluq Azərbaycan xalqının könlündə əbədi taxt qurmasına özül oldu.
Güney əsilli şair-ədəbiyyatşünas Hökümə Billuri Azərbaycan ədəbiyyatının sevilən ədəbi şəxsiyyəti və böyük söz ustadı Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı ilə bağlı yazmışdır: “Şəhriyar nə qədər təvazökar və qədirşünas sənətkardır. Hafiz şeiri yalnız fars dilinin gülüstanı idisə, Şəhriyar şeiri həm fars, həm də Azərbaycan dilinin xəzənsız gülüstanıdır. Onun sənət inciləri hər iki dilin ədəbiyyatını daha da əbədiləşdirən ölməz abidələrdir”.
Zülfiyyə İSMAYIL,
AMEA Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

