Minifutbol klubumuz Arxangelskdə ikinci olub

post-img

Rusiyanın Arxangelsk vilayətində keçirilən minifutbol üzrə ikinci liqanın finalında “Azərbaycan” və “Krasnaya Zvezda” komandaları qarşılaşıblar. Bu barədə Diasporla İş üzrə Dövlət Komitə­sindən məlumat verilib.

A.F.Liçutin adına Bədən Tərbiyəsi və İdman Kompleksində baş tutan oyun “Krasnaya Zvezda”nın 9:6 hesablı qələbə­si ilə yekunlaşıb. Finaladək 17 oyunda 15 qələbə qazanan və 163 qol vuran “Azər­baycan” komandası birinci liqaya keçib. İkinci liqanın ən yaxşı bombardiri adına Rafiq Qoçəliyev layiq görülüb. Soydaşımız “Azərbaycan” komandasına 78 qol qazandırmaqla bütün liqalar üzrə rekorda imza atıb.

Cari ildə yaradılmış “Azərbay­can” minifutbol klubu kubok turnirin­dəki debütünü müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan ol­masının 100 illiyinə həsr edib.

Qeyd edək ki, komandanın sponsoru “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional icti­mai təşkilatıdır.

L.AZAD, “Xalq qəzeti”

İdman