Ümummilli liderin Güney sevgisi

post-img

Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyevin dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının gerçəkləşməsində ən böyük vəhdət ərazi birliyindən də əvvəl, mədəni və mənəvi birliyə nail olmaq idi. Heydər Əliyevin Güney Aərbaycan mövzusuna həssaslığının mayası bu amaldan nəşət tapırdı.

Heydər Əliyevin SSRİ dövründə təh­lükəsizlik orqanlarında çalışan zaman Cə­nubi Azərbaycanda milli-azadlıq hərəka­tının genişlənməsi istiqamətində və orda milli qüvvələrlə birgə işi barədə məlumat o qədər də geniş yayılmamışdır. Buna baxmayaraq, 1944–1945-ci illərdə Cənu­bi Azərbaycanda baş verən milli azadlıq hərəkatında, siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında bu zaman artıq döv­lət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin iştirakı bioqraflar tərəfin­dən qeyd olunur. 

Maraqlıdır ki, Heydər Əliyev haqqında ilk şeiri də cənublu şair Bulud Qaraçorlu Səhənd yazmışdır. Marağalı şair Bulud Qaraçorlu Səhəndin 1974-cü ildə Heydər Əliyevə ünvanladığı “Elimin dayağı, yur­dumun fəxri Heydər müəllimə” adlanan şeir məktub formasında yazılıb:

Mən istərdim doğma bir qardaş kimi

Oturub, əyləşib danışam Sənlə.

Bir məsləkdaş kimi, bir yoldaş kimi

Söz-söhbət açaydım ana Vətəndən.

1970-ci illərin ortalarında yazılan bu məktub-şeir güneyli şairin Heydər Əliye­vin şəxsində öz məsləkdaşını görməsi ilə əlaqədar idi. Ən azı məlum idi ki, Heydər Əliyev sovet vətəndaşı olmaqdan çox, bir azərbaycanlı olaraq fəaliyyət göstərirdi. Bu istiqamətdə onun fəaliyyətinin əsasını Güneydə yaşayan azərbaycanlıların milli kimlik şüurunu oyatmaq, Güney Azərbay­canın problemlərinə nüfuz etmək, ana di­lində dərsliklər, qəzetlər çap etmək, milli dildə şeirlər və əsərlər yazan yerli ziyalıları dəstəkləmək və s. məsələlər təşkil edirdi.

“Elimin dayağı, yurdumun fəxri” şeiri­nin özəllikləri çoxdur. Ən başlıcası isə bu­dur ki, bu şeir, dediyim kimi, ümumiyyətlə, Heydər Əliyevə həsr olunmuş ilk şeirdir. Ümumazərbaycan kontekstində bu şeir Heydər Əliyevlə bağlı ümummilli lider an­layışını irəli sürən ilk ədəbi mətndir: “Bu gün millətimin dayağı Sənsən, / Elimin çörəyi halalın olsun! / Dünyalar durduqca əsən dur, əsən! / Sənə göz dikmişdir bü­tün Vətənin!”

Səhənd Heydər Əliyevin yanına ağ­rılarından bəhs etmək, danışmaq, dərd­ləşmək üçün gəlirdi. “Dağlar boyda ağır dərdi özümlə, Təbrizdən Bakıya daşıdım ancaq”, - yazırdı. Heydər Əliyev, görünür, o zaman yalnız bu taydakı azərbaycan­lıların deyil, o taydakı həmvətənlərimizin də pasibanı, himayəçisi, ümid yeri idi. Və təkcə ümid yerimi? Yeri gələndə mücadilə etməkdən çəkinməyən qorxmaz, fədakar vətən övladı!

Cənubi Azərbaycan problemi Heydər Əliyev üçün daim prioritet məsələ olmuş­dur. Ulu öndər 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində toxunduğu çoxsaylı məsələlər kontekstin­də Cənub ədəbiyyatı ilə bağlı məqamları da həssaslıqla ədəbi yaddaşın dövriyyə­sinə daxil etməyi unutmurdu: “Respubli­ka Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər. Yaradıcılıq ittifaqının rəhbərliyi onlara daim diqqət yetirməli, on­ların əsərlərini respublikada və respubli­kanın hüdudlarından kənarda geniş təbliğ etməlidir. Ümumiyyətlə, Cənubi Azərbay­canla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bü­tün sahələrində geniş əlaqələri inkişaf et­dirmək, bizdə toplanmış zəngin bədii-es­tetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır”.

Bu, adi diqqət deyildi. Demək olar ki, cənub məsələsi Heydər Əliyevin varlı­ğında illərlə yol gəlirdi. Məqamı gəldikcə, içində borc kimi daşıdığı niyyətini söz, ideya, əməl səviyyəsində gerçəkləşdirirdi. Bunu sənət adamlarının hər birinin mətn­lərində dil açıb danışan yaddaş lövhələri də sübut edir. 

Kremlin yüksək kürsüsündə əyləşib milli ideologiyaya xidmət edən bir siyasət­çinin təəssübkeşliyi rəhbərlik üçün qə­bul ediləsi hal olmasa da, Heydər Əliyev bilərəkdən “üzü küləyə” gedənlərdən idi. Bilirdi ki, qabartdığı hər ideyadan, hər toxunuşdan sonra əməl və hərəkat dirçə­lişi gəlir. Elə 1981-ci ildə etdiyi çağırışdan sonra da ədəbi-elmi düşüncə sferasında Azərbaycan ədəbiyyatının bütövlüyü və Güneydə yaşayan yazıçılarla əlaqələrin yaradılması istiqamətində mühüm addım­lar atılmağa başlandı. 

İran İslam Respublikasında yaşayan Məhəmmədhüseyn Şəhriyar kimi qüdrətli sənətkarı bu bəyanatlardan sonra daha dərindən tanımağa, təbliğ etməyə baş­ladılar. Xalq şairləri Süleyman Rüstəmin və Məmməd Rahimin Məhəmmədhüseyn Şəhriyarla şeirləşmələri, xalq şairləri Bəx­tiyar Vahabzadə və Nəbi Xəzrinin ustad şairlə telefon danışıqları böyük rezonans yaradan amillər idi. Əslən güneyli olan, lakin taleyin hökmü ilə Azərbaycanın şi­malında yaşayıb-yaradan Balaş Azəroğlu, Mədinə Gülgün, Hökumə Billuri, Söhrab Tahir, Əli Tudə və başqa şair və yazarların Güney Azərbaycanda əsaslı tanınma döv­rü həmin illərdə baş verdi. 

Ədəbiyyatımızda Güney mövzusun­da yeni əsərlər meydana qoyuldu. Onun təşəbbüsü ilə əslən cənublu olan Ba­laş Azəroğlu Yazıçılar İttifaqının katibi seçildi. Eləcə də ilk dəfə olaraq Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda Cənub ədəbiyyatı ilə bağlı şöbə açıldı, Cənubi Azərbaycan ədəbiyyatının araş­dırma mərkəzinin təməli qoyuldu. “Cənubi Azərbaycan ədəbiyyatı milli sərvətimizdir” məqaləsində Teymur Əhmədov yazırdı ki, “Mirzə İbrahimovun ürəyində bəslədiyi nisgilli arzusunu rus sovet imperiyasının hakimiyyəti dövründə demokratik ab-ha­vanın hiss olunduğu 70-80-ci illərdə rəsmi qadağaların mövcud olduğu şəraitdə hə­yata keçirmək olduqca müşkül idi. Lakin respublika rəhbəri Heydər Əliyev müdrik alim-yazıçı Mirzə İbrahimovun təşəbbüsü­nü bəyənib onun Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədə­biyyat İnstitutu tərkibində Cənubi Azər­baycan ədəbiyyatı şöbəsini yaratmasına rəsmi göstəriş verdi”.

Göründüyü kimi, Heydər Əliyev hələ sovet rejimi dövründə Cənubi Azərbaycan­la ədəbi-mədəni əlaqələrin yaradılmasının əsasını qoymuş, qarşılıqlı münasibətlərin möhkəm təməlini atmışdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə Prezi­denti Heydər Əliyevin yeni tarixi epoxada apardığı məqsədyönlü siyasət nəticəsində bu sağlam əlaqələr daha da genişlənmiş və möhkəmlənmişdir. 

Məhəmmədhüseyn Şəhriyar Heydər Əliyevin ən çox sevdiyi şair idi. Ulu öndər vaxtilə ona ünvanlanan 21 sualın için­də yer alan “Ən sevdiyiniz şair kimdir?” sorğusuna Şəhriyarın adını çəkərək ca­vab vermişdir. O, Şəhriyarın ədəbi irsini daim yüksək qiymətləndirmiş, onu böyük vətənpərvərlik duyğularının tərənnümçü­sü olan filosof şair, “Şərqin çox geniş bir regionunda insan mənəviyyatının zəngin­ləşməsində böyük rol oynayan” mütəfək­kir adlandırmışdır. Bu mənada, sevgisinin qaynağı Şəhriyarın şeirlərindəki şairanəli­yin gücünə bağlı amil idi. 

Elnarə AKİMOVA,
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru

Sosial həyat