Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqisi günləri keçirilib.
Səmərqənd şəhərindəki Gənclər Sarayında baş tutan tədbirdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar və qardaş özbək xalqının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəl foyedə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan foto və nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
Səmərqənd şəhər hakiminin müavini Rüstəmbek Qabulov Azərbaycan musiqisi günləri tədbirini Səmərqənd şəhərində keçirilməsini böyük hadisə adlandıraraq, ölkələrimiz arasında bütün sahələrdə inkişaf edən münasibətlərdən danışıb, mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu xüsusi fəxrlə qeyd edib. O, tədbirin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunduğunu, ulu öndərə özbək xalqının da böyük sevgi və rəğbətinin olduğunu vurğulayıb, Heydər Əliyevin 100 illik yubileyinə aid tədbirlərin Özbəkistanda da böyük təntənə ilə keçirildiyini bildirib.
AMM-nin direktoru Samir Abbasov Özbəkistanda Azərbaycan mədəniyyətinə aid böyük tədbir və konsertlərin, demək olar ki, hər il qədim Səmərqənd şəhərində keçirildiyini və qardaş ölkədə Azərbaycan mədəniyyətinə, musiqisinə hər zaman böyük marağın olduğunu vurğulayıb. Daha sonra "Özbəkistanda Azərbaycan musiqisi günləri" çərçivəsində Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova "Can Azərbaycandan can Özbəkistana sevgilərlə" adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan və özbək mahnılarını ifa edən Gülyanaq Məmmədova xalq mahnılarımızı, muğamlarımızı səsləndirərək tamaşaçıların çoxsaylı alqışları ilə qarşılanıb.
Konsertdə özbək musiqisinin tanınmış simalarından olan Özbəkistanın Əməkdar artisti Yulduz Turdiyeva səhnəyə çıxaraq Gülyanaq Məmmədova ilə duet və xalq mahnılarımızı ifa edib.
Böyük anşlaqla keçən konsert proqramı səmərqəndli tamaşaçılar tərəfindən məmnunluq hissi və coşqu ilə qarşılanıb.
Qulu KƏNGƏRLİ
Səmərqənd