Ömrü “tüstü”yə verməyin!

post-img

Tütünlə mübarizə dünyanın diqqətini tütündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə effektiv siyasət aparmağa çağırır. Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ATU-nin Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov tütünün insan orqanizminə zərərləri ilə bağlı sorğumuzu belə cavablandırdı:

– Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemi­yası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv siqaret istifadə­çiləridir. Onu da qeyd edim ki, siqaret çəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. ÜST-nin məlumatına görə, tü­tündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cüm­lədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır.

Həkim qeyd etdi ki, aparılan sorğular nəticəsində məlum olub ki, tütündən isti­fadə edənlərin üçdə ikisi siqaretin zərər­lərindən xəbərsizdir. Siqaretin tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır. Asılılığın müxtəlif üsullarla müalicəsi var və hər yaşda bundan imtina etmək mümkündür.

2017-ci il dekabrın 1-də ölkəmiz­də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Son illər onun icrası sahə­sində görülən ardıcıl tədbirlər nəticəsin­də ölkəmizdə tütündən istifadə edənlə­rin sayı ildən-ilə azalır.

Dünyada tez-tez istehlak edilən tü­tün məmulatları arasında birinci yerdə olan siqaret, insan ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Siqaret bütün dünyada qarşısı alına bilən və yoluxucu olmayan xəstəliklərin və bu xəstəliklərlə bağlı ölümlərin əsas səbəbidir. Siqaret tüstüsünün tərkibində 7 mindən çox kimyəvi maddə var, on­lardan yüzlərlə zəhərli və 70-dən çoxu birbaşa kanserogendir. Akkumulyator is­tehsalında istifadə edilən kadmium, ba­taqlıqlarda böyük miqdarda olan metan qazı, kimya sənayesində istifadə edilən və zəhərli təsiri ilə tanınan arsenik, pes­tisid istehsalında istifadə edilən nikotin, soba və su qızdırıcısı zəhərlənməsinə səbəb olan karbonmonoksit qazı kimi bir çox zərərli komponentlər, boya səna­yesində istifadə edilən ammonyak bir­başa siqaret tüstüsü ilə bədənə salınır. İnsan sağlamlığına son dərəcə mənfi təsir göstərən bu zəhərli kimyəvi mad­dələr arasında insektisid kimi istifadə edilən nikotin adlı maddə də sinir siste­minə güclü stimullaşdırıcı təsir göstərir. Nikotinin bu xüsusiyyətinə görə siqaret çəkənlərdə zamanla nikotindən psixi və fiziki asılılıq yaranır.

Siqaret çəkmək sağlamlığa bütün­lüklə ziyandır. Xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs problemləri, cinsi fəaliyyətdə passivlik, böyrək xəstəlikləri, depressiya, adaptasiya problemi, bey­nin fiziki və psixoloji olaraq passivləşmə­si, diabet və bir çox xəstəliklərə yol açır. 

– Siqareti atdıqdan sonra orqanizm­də hansı dəyişikliklər baş verir? Töv­siyəniz...

– 20 dəqiqə ərzində qan təzyiqi nor­mallaşır, 8 saat sonra qanın oksigen sıx­lığı artır, 24 saat sonra infarkt riski azal­mağa başlayır, 48 saatın sonunda sinir uclarının zədələnməsi azalır, dad və qoxu hissləri yaxşılaşır, 2 həftə ilə 3 ay arasında qan dövranı yaxşılaşır, ağciyər tutumu 30 faiz artır. Gəzmək, pilləkən­lərə qalxmaq daha asan olur. İldən-ilə xəstəliklər orqanizmi tərk edir. 

Düzgün həyat tərzinə yönəlmək, siqaret çəkməyə meyil yaradacaq bütün vasitələrdən (maşında və evdə külqabı­lar, siqaret qutuları) və siqaret çəkməyə meyilli çevrədən uzaq durmağı tövsiyə edirəm. Özünüzün və ətrafınızdakıların sağlamlığına laqeyd qalmayın, “siqaretə yox!”– deyin.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”



Sosial həyat