Şuşanın fateh şəhidi

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, “Azərbaycan bayrağı” ordenli əsgər Qurban İbrahimovun anadan olmasının 25 illiyinə həsr olunmuş “Cəsur döyüşçü Qurban İbrahimov-25 il” adlı anım tədbiri keçirilib.

Müdafiə Nazirliyinin idarə və təşki­latlarının, veteran təşkilatlarının, şəhər məktəblərinin nümayəndələri iştirak etdikləri tədbirdə muzey rəisi, polkov­nik Əzizağa Qənizadə, şəhid Qurba­nın qardaşı kapitan Aftandil İbrahimov, anası İntizar xanım İbrahimova çıxış ediblər. 

Qeyd edilib ki, Qurban İbrahimov Vətən müharibəsi zamanı Hadrut, Cəb­rayıl, Xocavənd və Laçın rayonlarının azadlığı uğrunda gedən ağır döyüşlər­də silahdaşlarına qorxmazlığı, mətinliyi ilə nümunə olmağı bacarmışdı.

Qarabağın tacı olan Şuşanın döyüş texnikası tətbiq edilmədən xüsusi təyi­natlı qüvvələrimizin cəsur döyüşçüləri tərəfindən azad edilməsi müharibənin kulminasiyası oldu. Yüngül silahlarla silahlanmış döyüşçülərimizin sıldırım qayalarla dırmaşaraq alınmaz qala hesab edilən şəhərə girməsi və onu düşməndən təmizləməsi hərb tariximi­zin şanlı səhifələrindəndir. Təəssüf ki, Şuşa döyüşləri zamanı, noyabrın 5-də Qurban İbrahimov düşmən gülləsinə tuş gələrək şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əmə­liyyatlarına qatılaraq vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdi­yinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərən­camına əsasən, Qurban İbrahimov ölümündən sonra "Azərbaycan Bay­rağı" ordeni ilə təltif edilib. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət göstər­diyi üçün Qurban İbrahimov həmçinin Azərbaycan Prezidenti İlham Əliye­vin sərəncamları ilə "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Xo­cavəndin azad olunmasına görə" me­dalları ilə təltif edilib. 

Tədbirdə şəhid Qurban İbrahimovun həyatı və döyüş yoluna həsr olunmuş “Vətən uğrunda” adlı sənədli film və sərgi nümayiş olunub.

Anım tədbiri Müdafiə Nazirliyinin H.Aslanov adına Ordu, İdeoloji iş və Mədəniyyət Mərkəzi solistlərinin ifa­sında hərbi vətənpərvərlik musiqilərinin səsləndirilməsi ilə davam etdirilib.

Yaşasaydı, iyunun 4-də Qurban İb­rahimov 25 yaşını qeyd edəcəkdi. 

Vətən torpaqlarının bütövlüyü na­minə öz canından keçən, düşmənə amansız zərbələr vuran, Azərbaycan bayrağını azad olunmuş torpaqlarımıza sancan qəhrəman oğullarımızı yad et­mək, xatirələrini əziz tutmaq hər birimi­zin ən müqəddəs vəzifəsi və borcudur. 

 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

Sosial həyat