Dünya siyasətinin Ərdoğan fenomeni

post-img

Türkiyədə keçirilən prezident seçkiləri çağdaş dünya siyasətinin ən xarizmatik siyasətçilərindən olan, görkəmli dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi ilə başa çatdı. Son seçkilər, eyni zamanda, Türkiyə demokratiyasının zəfəri kimi qəbul olunur. Qalib isə 85 milyonluq Türkiyə xalqıdır! 

Bir çox siyasi təhlilçilər müasir dünya siyasətində R.T.Ərdoğan fenomeninin ya­randığının fərqindədirlər. Fakt və reallıq ondan ibarətdir ki, bu görkəmli siyasətçinin qu­rucusu və lideri olduğu Ədalət və İnkişaf Partiyası son 21 ildə on altı dəfə müxtəlif tə­yinatlı seçkiləri udub. Sivil, demokratik dünyada çox az siyasətçiyə belə uğur nəsib olur! 

Bilkənd (Ankara) Univer­sitetinin professoru Əmrulla Məmmədli bizimlə telefon söhbəti zamanı fəxrlə bildirdi ki, R.T.Ərdoğanın son pre­zident seçkilərində qələbəsi gözlənilən olduğu qədər də arzuolunan idi. Son iyirmi ildə mövcud hakimiyyətin əldə etdiyi uğurlar göz önündədir. Bunlardan bir neçəsini xatır­latmaq yerinə düşər. Yaxın vaxtlarda tam gücü ilə işləyə­cək “Akkuyu” Atom Elektrik Stansiyası, Cənub-Şərqi Anadoluda neft ehtiyatları­nın aşkar edilərək istifadəyə hazır vəziyyətə gətirilməsi, hərbi hücum təyyarələrinin istehsalı, zəlzələ bölgəsində genişmiqyaslı tikinti işlərinin aparılması, hazırda müəyyən problemləri olan milli iqtisa­diyyatın dirçəldilməsi və regi­onda liderliyini təsdiqləməsi, Şərqi Aralıq dənizində söz sahibi olması, yüksək sürətli dəmir yollarının istifadəyə ve­rilməsi, “Yeni İstanbul Kanalı” layihəsinin reallaşdırılması və bu qəbildən olan bir çox nəhəng layihələr...

Amma Qərb siyasətçiləri­ni qardaş ölkənin əldə etdiyi nailiyyətlərdən daha çox onun 2023–2028-ci illərdə R.T.Ər­doğanın liderliyi ilə daha bö­yük zəfərlərə imza atacağı narahat edir. Onlar bilirlər ki, Ərdoğan Türkiyəsini dayan­dırmaq qeyri-mümkündür! 

Türkiyənin Mərkəzi Seçki Komissiyası tərəfindən pre­zident seçkilərinin yekun nə­ticələri açıqlanıb. Qeyd olu­nub ki, “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib. “Millət İttifaqı"ndan prezident­liyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. 

Bu arada Türkiyədə müxalifətin seçki blokunun dağılması barədə məlumatlar yayılıb. İYİ Partiyanın baş ka­tibi Uğur Poyrazın sözlərinə görə, “Millət İttifaqı” seçki birli­yi idi və mayın 28-dən blokun səlahiyyəti başa çatıb. Xatır­ladaq ki, “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təm­sil olunub. Seçkilərdə qələbə qazanan “Cümhur İttifaqı”nda isə Ədalət və İnkişaf Partiya­sı, Milliyyətçi Hərəkat Parti­yası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

Türkiyə Böyük Millət Məc­lisi (TBMM) dünən fəaliyyətə başlayıb. 28-ci çağırış ölkə parlamentinin deputatlarının andiçmə mərasimi MHP lideri Dövlət Baxçalının sədrliyi ilə keçiriləcək. Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 3-də andiçmə mərasimi ola­caq.

Andiçmə mərasimində dünyanın bir çox ölkələrinin liderlərinin, eləcə də Rusiya Prezidenti Vladimir Putinin və Ukraynanaın dövlət başçısı Volodimir Zelenskinin iştirakı gözlənilir. CNN-Türkün yay­dığı bu xəbər ildırım sürətilə bütün dünyaya yayılıb. 

Hazırda Türkiyə Pre­zidenti seçkilərdəki parlaq qələbəsi münasibətilə çox sayda təbrikləri qəbul edir. Dünən BMT-nin Baş katibi Antonio Quterreş ilə Türkiyə Prezidenti arasında tele­fon danışığı olub. Baş katib R.T.Ərdoğanı prezident seç­kilərində qalib gəlməsi müna­sibətilə təbrik edib və onunla bir çox regional və qlobal problemlərin həlli istiqamətin­də birgə çalışmaq şansından məmnunluq bildirib. 

Bu arada xəbər yayılıb ki, NATO-nun Baş katibi Yens Stoltenberq İsveçin alyansa üzvlüyü məsələsini Prezident Ərdoğanla müzakirə etmək üçün yaxın zamanlarda Tür­kiyəyə gələcək. Alyansın rəh­bəri bu barədə NATO ölkələ­rinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü ərəfəsin­də bildirib. Onun sözlərinə görə, səfər zamanı İsveçin tezliklə alyansa üzvlüyü üçün mövcud yollar müzakirə olu­nacaq.

“Türkiyənin bəzi haqlı təh­lükəsizlik narahatlıqlarının ol­duğunu unutmamalıyıq. Çün­ki heç bir müttəfiqə Türkiyə qədər terror hücumu olmayıb. Bu səbəbdən terrorun hər nö­vünə qarşı Türkiyə ilə birlikdə çalışmağımız vacibdir. Mən NATO müttəfiqlərinin fəaliy­yətini, eləcə də İsveçin ötən ay terrorla mübarizə sahəsin­də atdığı addımları və Türkiyə ilə əməkdaşlığı sürətləndir­mək cəhdlərini alqışlayıram. Əminəm ki, İsveçin üzvlük protokolu tezliklə ratifikasiya olunacaq”, – deyə Yens Stol­tenberq vurğulayıb.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Finlandiya və İs­veç NATO-ya üzvlüklə bağlı müraciət edib. Türkiyə alyan­sın üzvü kimi sənədi ratifika­siya etmək üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasın­da kürd separatçılarının ter­ror təşkilatı kimi tanınması, terrorda ittiham olunan şəxs­lərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah tədarükünə qoyulan qadağanın aradan qaldırılması yer alıb. Finlandi­ya 2023-cü il aprelin 4-də NA­TO-ya üzv olub. İsveçin NA­TO-ya üzvlüyünə isə Türkiyə tərəfi hələlik razılıq vermir.

Maraqlıdır ki, Türkiyə Prezidentinə ayrı-ayrı region­larda sülh yaradılması üçün vasitəçilik etməsini xahiş edənlərin sayı artır. Məsələn, ən son faktı diqqətinizə çat­dıraq. Bu günlərdə Serbiya Prezidenti Aleksandar Vuçiç ilə Türkiyə Prezidenti arasın­da telefon danışığı olub. Söh­bət zamanı A.Vuçiç Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edib. 

Telefon danışığında ikitərəfli münasibətlər və regi­onal məsələlər, həmçinin Ko­sovonun şimalında baş verən son hadisələr barədə fikir mübadiləsi aparılıb. Serbiya Prezidenti regionda sülhün və sabitliyin təmin olunması üçün R.T.Ərdoğandan şəxsi nüfuzundan istifadə etməsini xahiş edib. A.Vuçiç də həm­karını Serbiyaya səfərə dəvət edib.

Türkiyə Prezidenti həmin məsələ ilə bağlı Kosovanın Baş naziri Albin Kurti ilə te­lefonla danışıb. Türkiyə lide­ri Kosovanın şimalında baş verənlərlə bağlı bölgədə da­vamlı sülh və sabitliyin bərqə­rar olmasının yeganə yolunun dialoq prosesində irəliləmək olduğunu bildirib. Ərdoğan Türkiyə olaraq dialoq prose­sinə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.

Bəli, bu gün Türkiyə Prezi­denti R.T.Ərdoğan dünyanın ən nüfuzlu liderlərindəndir. Gücünü xalqından, milətin­dən alan, ən çətin problemlə­rin həllində yüksək qətiyyəti, prinsipiallığı, ən başlıcası ədalətlililiyi və humanizmi ilə seçilən bu görkəmli siyasət­çinin nüfuzu və şöhrəti bütün dünyaya yayılıb. Həqiqətən, məşhur mahnıda deyildiyi kimi, o, susqun dünyanın hürr səsidir! 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət