Türkiyə mətbuatının “Nagehan yarası”

post-img

Bu erməni aləti həyasızlığın son həddindədir. Qardaş ölkədə keçirilmiş məlum seçkinin nəticələri bütün dünya tərəfindən qəbul edilsə də, bu saxtakar “jurnalist” vay-şivən qaldırır ki, guya, Azərbaycan Prezidenti Türkiyədəki seçkilərə müdaxilə edib və səsvermənin nəticələri AK Partinin xeyrinə saxtalaşdırılıb.

Xatırladaq ki, 2009-cu ildə işğal al­tında olan Qarabağa icazəsiz səfər etdi­yinə görə “Azərbaycana giriş qadağası qoyuldu” iddiası ilə gündəmə gələn, “Ha­bertürk”-ün köşə yazarı Nagehan Alçının adı gündəmi zəbt etdiyi üçün “Faktyoxla Lab” onun kimliyini araşdırmaq qərarına gəlmiş və olduqca mühüm faktları ortaya qoymuşdu. Həmin çoxsaylı faktlardan ikisini xatırladaq və sonra mövzunu da­vam etdirərik.

Birinci fakt: “Həm İkinci Qarabağ müharibəsi dövründə, həm də ondan əvvəlki illərdə Azərbaycanı və Türkiyəni ermənilərə qarşı amansız mövqe nüma­yiş etdirməkdə günahlandıran Nagehan Alçının hər il 24 aprel tarixində sosial me­diada paylaşdıqlarına baxmaq kifayətdir ki, onun hansı düşüncənin sahibi olduğu­nu görək”.

İkinci fakt: “2016-cı ilin “Aprel döyüş­ləri”ndən sonra Nagehan Alçı “Milliyyət” qəzetindəki köşə yazısında qurduğu sə­tiraltı cümlələrlə erməniləri müdafiə edir, Türkiyəni və Azərbaycanı isə “yazıq” erməni xalqına aqressiya nümayiş etdir­məkdə günahlandırırdı: “Mən bizim medi­aya baxıram, ancaq bir tərəfə yox, bütün mediaya baxıram, hamısında azərbay­canlılar bizim qardaşımızdır, ermənilər düşməndir yanaşması! 5 azərbaycanlı şəhid oldu, əvəzində 100 erməni əsgəri öldürüldü və s... Bəs niyə deyirdiniz, türk millətçiliyi bu torpağa məxsus hər etnik mənsubiyyəti əhatə edən çətirdir deyə?”

Türkiyə mətbuatının qara yarası olan bu məxluq son günlər lap “ağ edib”. Yuxarıda qeyd etdiyimiz kimi, geridə qalan prezident seçkilərinin nəticələrini hamı qəbul etsə də, o hələ də narazıdır. Üstəlik, bu bədnam və bədxah jurnalist Türkiyədə keçirilmiş prezident seçkisi­nin ikinci turunda Rəcəb Tayyib Ərdoğa­nı dəstəkləyən Sinan Oğanı da ittiham edib. O, “Tvitter” hesabında yazdığı sta­tusda Sinan Oğanın etnik kimliyini şübhə altına alıb. Eyni zamanda, Azərbaycan Prezidentinin ünvanına həqiqətə uyğun olmayan fikirlər yazıb.

Təbii ki, ermənilərin vəsaiti hesabına “bəslənən” və milli kimliyi şübhəli olan bu məxluqun cəfəngiyyatları cavabsız qalmır. Elə ATA İttifaqının prezidentliyə namizədi olmuş Sinan Oğan da özünün “Tvitter” hesabında Nagehan Alçının böh­tanlarına cavab verib: “Nagehan xanım, siz də mənim keçmişimlə bağlı qınama­ğa bir şey tapa bilməyəndə öz təxəyyü­lünüzü satmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan Prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-Azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanı­zın olmasının acısı keçməyib!”.

Yeri gəlmişkən, Böyük Quruluş Par­tiyasının sədri, millət vəkili Fazil Mus­tafa da bir müddət əvvəl ermənipərəst mövqeyilə seçilən jurnalist-araşdırmaçı Nagehan Alçı barəsində demişdi ki, er­məni lobbisinin kirayələdiyi bu adam barəsində Azərbaycan Xarici İşlər Na­zirliyinin çıxardığı qərarın qüvvədə olub-olmadığı barədə dəqiq məlumatı yoxdur: “Hər halda onun Azərbaycan üçün arzu­olunmaz şəxs sayılması barədə qərara həqiqətən ehtiyac var”.

Sonda onu da xatırladaq ki, yuxa­rıda adını çəkdiyimiz mənbənin öyrən­diklərinə görə, Nagehanın atası Rüştü Alçı Kayserinin Talas rayonunda anadan olub. Bu şəhərdə isə erməni sakinlərin üstünlük təşkil etdiyini Türkiyə mənbələri təsdiqləyir. Elə ona görə də, Nagehan Al­çının ermənipərəst mövqeyinin və Azər­baycana qarşı nifrət hissinin olmasının bir səbəbini də bu məqamda axtarmaq lazım gəlir.

Hazırladı: İ. QAÇAYEV, “Xalq qəzeti”

Siyasət