Yeddi oğul istərəm

post-img

Dağlar diyarı Yardımlının da igidləri Birinci və İkinci Qarabağ müharibələrində hünər göstərərək düşmənin sinəsinə dağ çəkiblər. Onlardan 80 nəfəri şəhidlik zirvəsinə ucalıb, 26 gənc isə müharibədə qazi olub. Yardımlıdan olan 130 döyüşçü müharibə veteranı adını alıb. 

Rayonun Çayüzü kəndi Vətən uğ­runda döyüşlərdə yeddi şəhid verib. Tural Aslanov, İlham Qəhrəmanov, Mahir Aslanov, Nizami Cəbiyev, Ca­vid Səhratov, Aslan Kərimov və Yusif Nəciyev ərazi bütövlüyümüzün təmin olunması naminə canlarından keçiblər. Şəxsi həyatla bağlı arzuları yarımçıq qalsa da, “Öncə Vətəndir!” – deyərək gözlərini belə qırpmadan irəli şığıyıb, düşmənə qan uddurub, əbədiyyətə qo­vuşublar. 

Ötən ilin yanvarında Çayüzü kən­dinin mərkəzində Vətən Müharibəsi şəhidlərinin adının əbədiləşdirilmə­si məqsədilə ucaldılmış bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Güclü qar yağmasına baxmayaraq, hamı mərasimə qatılıb və şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirib. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanları­nın, ictimai-siyasi təşkilatların rəhbər­ləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər daim yaddaşlarda yaşayacaq şəhid hərbçilərimizin şü­caət və vətənpərvərliyinin gənc nəsil üçün nümunə olduğunu bildiriblər. 

RİH başçısı və onun aparatının, o cümlədən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yardımlı Rayon Şöbəsinin, Gənclər və idman idarəsi­nin işçiləri tez-tez şəhid ailələrini və qaziləri ziyarət edir, onların problem­ləri ilə maraqlanırlar. Belə görüşlərin biri şəhid Elşən Sultanlının ailəsində olub. Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb. Vətən müharibəsin­də göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə El­şən Nazim oğlu Sultanlıya verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin ailəsinə təqdim olunub. Şəhidin atası göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. 

Çayüzünün camaatı öz şəhidlərin­dən söz açanda “Yeddi oğul istərəm” filmini yada salır. Onlar həm Birinci, həm də İkinci Qarabağ müharibəsində adlarını tarixə yazmış igidlərdir. Tural Aslanov leytenant idi. Döyüş əməliy­yatları zamanı hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Prezident sərəncamı ilə ölümündən sonra “3 dərəcəli Vətənə Xidmətə görə ordeni”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Mahir Aslanov 20 yaşı tamam olan gün – 1992-ci il yanvarın 10-da haqq dünyasına qovuşub. Nizami Cəbiyev isə 20 yaşına beş gün qalmış – 1994-cü il dekabrin 12-də düşmənlərin atəşkəsi pozması nəticəsində şəhid olub. İlham Qəhrəmanov həmin il itkin düşüb, hələ də haqqında məlumat yoxdur.

Aslan Kərimov Bakıda xüsusi tə­yinatlı dəstədə təlim keçmişdi. Füzuli rayonunun Alxanlı kəndi ərazisində silahdaşlarını itirdikdən sonra belə dö­yüş meydanını tərk etməyib, təkbaşına son nəfəsinədək, zirehli döyüş maşı­nında yanıb külə dönənə qədər aslan kimi vuruşub. Şəhid olanda onun da 20 yaşı vardı. Aslanın vaxtilə təhsil al­dığı kənd orta məktəbi indi onun adını daşıyır. Şagirdlər və məzunlar bu adı qürurla çəkir, hər işdə məhz Aslana bənzəməyə çalışırlar.

Bəli, Çayüzü kəndinin yeddi şə­hidinin hər biri haqqında belə örnək hekayətlər var. Kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin müəl­lim bizə bu barədə maraqlı məlumatlar verərək dedi ki, şəhidlərin hər birinin xatirəsi əzizdir. Onlar ən isti xatirələrdə yaşayırlar. Doğma Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəldildikcə, işğalın və müharibənin vurduğu yaralar sağal­dıldıqca, o yerlər məskunlaşdırıldıqca şəhidlərimizin də ruhu şad olur.

Əli ƏLİYEV, “Xalq qəzeti”



Sosial həyat