“İgidi torpağa elə qan çəkir!”

post-img

Onların əbədiyyət yolçuluğu doğacaq günəşli sabahlarımızın, zirvələrdə əbədi dalğalanacaq bayraqlarımızın müjdəçisi olub. Milyonların vətən nisgilinə son qoyan oğullarımızdan biri yevlaxlı Toğrul Məmməd oğlu Bərxudarovdur. 

Yaxından tanıyıram bu ailəni. 33 yaşı vardı Toğrulun. Əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, son­ra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuşdu. Rəhmət­lik atası çox istəyirmiş ki, Toğrul hərbçi olsun, poqonlarına general ulduzları taxsın. O da atasının arzusunu həya­ta keçirmək üçün ömrünü qürurla hərb sənətinə həsr etmişdi. Ali Hərbi Məktə­bi motoatıcı ixtisası üzrə bitirərək, elə həmin il Təlim-Tədris Mərkəzinə daxil olmuş və 2009-cu ildə buranı müvəf­fəqiyyətlə başa vurmuşdur. Bu sənətə sevdalanan gənc 2013-cü ilə qədər “N” saylı hərbi hissədə, həmin ildən 2017-ci ilədək Heydər Əliyev adına Azərbay­can Ali Hərbi Məktəbində motoatıcı taqım komandiri, sonra bölük üzrə ko­mandir-müəllim, başqa hərbi hissədə motoatıcı tabor komandirinin müavini, sonra həmin hərbi hissədə motoatıcı taborun qərargah rəisi – tabor koman­dirinin müavini vəzifələrində xidmət et­mişdir. 

Hər şey «bir canım var, o da Vətə­nimə qurban olsun» deyimilə başla­yıb. Müharibənin ilk günündən ən ağır əməliyyatlara atılıb. Döyüş yoldaşları danışır ki, əsgərləri ruhlandırmaq üçün tankın üstündə dimdik duraraq gedirdi, özünü sipər edirdi, həm əsgərlərinə, həm vətəninə. Sonuncu dəfə qarda­şı Bəxtiyarla danışıb: “Qardaş, mənə görə narahat olma, anamı da televi­zora baxmağa qoyma, ha...” demiş­di. Yəqin, ürəyinə dammışdı ki, şəhid olacaq. Çox sevdiyi qardaşına bir də: “Mənə bir şey olsa, uşaqlarım sənə əmanət” – deyə tapşırmışdı. 

Sentyabrın 29-da anası Güllü xa­nımla danışıb. “Hər şey əladır, ana”, – deyərək, onu sakitləşdirib. Sabahı gün Tərtər–Ağdərə istiqamətində ge­dən döyüşlərdə qəhrəmancasına şəhid olub...

Öz şəhid izini torpağa salan Bərxu­darov Toğrul Məmməd oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli «Rəşadət» ordeni, «Vətən uğrunda», «Hərbi xidmətlərə görə» və «Suqovuşanın azad olunma­sına görə» medalları ilə təltif edilib. 

Toğrul Bərxudarov qızını həkim, oğ­lunu isə özü kimi hərbçi zabit görmək istəyirdi. Ailəsi, övladları ilə bağlı gözəl xəyalları vardı. Vətənin azadlığı və bü­tövlüyü uğrunda qəhrəmancasına şə­hid olan Toğrulun əziz ruhu qarşısında baş əyirik. 

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist

Sosial həyat