“Türkiyə parlamentində MHP yenə də səs üstünlüyü qazandı və bu faktın can Azərbaycanla əlaqələrimizi daha da genişləndirəcəyinə əminəm”. Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ərzurum millət vəkili Kamil Aydın bildirib.
MHP-nin Türk dünyası və beynəlxalq əlaqələr üzrə sədr müavini olan millət vəkili deyib ki, parlamentdə Azərbaycan da daxil olmaqla Türk Dövlətləri Təşkilatları ilə əməkdaşlığın güclənməsi nəzərdə tutulub:
–Yeni tərkibli parlamentimizin fəaliyyəti xeyirlərə vəsilə olsun. Əminəm ki, türk və islam dünyası ilə daha uğurlu fəaliyyətlərimiz olacaq, bununla da bütün maneələrin öhdəsindən birlik-bərabərlik içində gəlməyi bacaracağıq.
Kamil Aydın deyib ki, dünyanın maraqla izlədiyi 14 may prezident və 28.dönəm parlament seçkiləri demokratik şəraitdə keçib:
–Bu seçkinin demokratik mühitdə keçdiyinə şahid olduq. İlk növbədə Qərb demokratiyasında çox nadir rast gəlinən fəal seçici faktoru özünü bir daha göstərib. Belə ki, Qərb demokratiyasında əhalinin seçkidə iştirakı 50 faizi keçə bilmədiyi halda Türkiyədə bu göstərici 90 faizə çatdı. Bu isə türk millətinin demokratiyaya olan sayğısının və azad ruhlu olmasının bariz nümunəsidir. İkinci önəmli nüans seçkilərin 86 milyonluq Türkiyə Cümhuriyyətində təhlükəsiz şəkildə gerçəkləşdirilməsidir. Belə ki, biz Türkiyənin kənd, rayon və böyük şəhərlərində effektiv, təhlükəsiz, narahatlıq yaratmayan seçki prosesini müşahidə etdik.
Bir sözlə, bu, Qərb demokratlarına dərs verən bir seçki oldu. Digər tərəfdən, həm beynəlxalq müşahidəçilər, həm də Türkiyənin seçki üzrə səlahiyyətli şəxslərinin verdiyi məlumatlara görə, seçkilər şəffaf keçirildi. Bu prosesin ən önəmli bir tərəfi də öncədən müəyyən edildiyi kimi - səhər saat 8.00-da start verilən axşam saat 17.00-da başa çatan seçkinin nəticələrinin ictimaiyyətin gözləri önündə açıqlanması idi.
Kamil Aydın əvvəlki seçkilərdən fərqli olaraq “Əsrin fəlakəti” adı verilən dağıdıcı zəlzələdən sonra Türkiyədə bu seçki prosesinin təhlükəsiz şəkildə keçirilməsini də təqdir edib:
–Təxminən, iki Hollandiya böyüklüyündə olan coğrafiyada baş verən zəlzələ dağıntılarının çox sürətlə aradan qaldırılması ilə yanaşı, həm də o bölgədəki vətəndaşlarımızın təhlükəsiz, sağlam bir şəkildə səs vermələrini təmin etmək də önəmli idi.
Millət vəkili ölkə daxilində və xaricində bu seçki prosesinə mane olmaq istəyən qüvvələrə rəğmən “Cumhur İttifaqı”nın bu seçkidə yüksək nəticə qazanmasını diqqətəlayiq hesab edir:
– Əziz millətimiz “Cumhur İttifaqı” ilə artıq 21-ci əsri gerçəkdən Türk əsri etmək yoluna çıxıb, dövlətimiz daha bir yüzüncü ilinə qədəm qoyur, bu yolda xalqın etimadına güvənərək Türkiyə bu seçkilərin qalibi “Cumhur İttifaqı” ilə həm ölkəmiz, həm də türk dünyası üçün çox gözəl layihələrə imza atacaq.
Prezident seçkiləri ikinci tura qalsa da, qalibin kim olacağı indidən məlumdur. Başqa bir tərəfdən müdafiə sənayesindən iqtisadiyyata, iqtisadiyyatdan səhiyyəyə, kommunikasiya və infrastruktura qədər inkişaf edən Türkiyənin etibarı qüvvəsindədir. Regionda söz sahibi lider olan Türkiyəmiz beynəlxalq anlamda da önəmli bir rol oynayaraq daha böyük layihələrə imza atacaq. Bu seçkilərin qazananı uca Türk milləti oldu.
Hazırladı:
M.SULTANOVA
Ankara