“Xarıbülbül” çal-çağırının sədası yenidən dünyaya yayılır

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Artıq üçüncü ildir ki, Türk dünyasının nəbzi özünün builki mədəniyyət paytaxtında – Şuşada döyünür. 

Möhtəşəm Zəfərdən sonra Turan elləri­nin qürur və fəxarət qalasına çevrilmiş doğ­ma Şuşada milli musiqimiz yenidən bütün dünyaya pərvazlanacaq, “nə mutlu türküm” deyən hər kəsin qəlbini riqqətə gətirəcək. Mayın 9-dan 12-dək davam edəcək “Xa­rıbülbül” Beynəlxalq Musiqi Festivalının təşəbbüskarları və təşkilatçıları bu nəcib və möhtəşəm missiyanın icraçıları yenə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyidir. 

Dünən Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festiva­lında Azərbaycanla yanaşı, Türkiyə, Qa­zaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriy­yəti, Türkmənistan təmsil olunur. 

Təşkilat komitəsindən aldığımız məlu­mata görə, 3 gün davam edəcək beynəlxalq festivalın proqramı müxtəlif musiqi janrla­rında konsert proqramları, rəngarəng sər­gilər, eləcə də müxtəlif təqdimatlarla zən­gindir. Festivalın proqramına uyğun olaraq dünən səhər saatlarından tamaşaların, işti­rakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub. “Qarabağ” otelinin qarşısında təşkil olunan tədbirdə 6 türk dövlətinin mətbəx və sənətkarlıq nü­munələri sərgilənir.

Dövlət rəsmilərinin, respublikanın ta­nınmış mədəniyyət, incəsənət və elm xa­dimlərinin ziyarət etdikləri təqdimat hər kəsdə xoş təəssürat yaradıb. Əməkdar ar­tist Emil Əfrasiyab Şuşada ilk dəfə olmaq­dan məmnunluq duyduğunu ifadə edib: 

– İlk dəfədir ki, Azərbaycanın dilbər guşəsi, mədəniyyət paytaxtımız Şuşada­yam. Unudulmaz hislər keçirirəm, sanki, yuxudayam. Bu günləri bizlərə, Azərbay­can xalqına yaşatdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, çox önəmli, unudulmaz günlərdir. “Heydər Əliyev İli”ndə təşkil olunan budəfəki fes­tival olduqca əlamətdardır. Belə möhtəşəm konsertdə iştirak etmək biz musiqiçilər üçün böyük şərəfdir. 

Şuşaya dördüncü dəfədir gəldiyi­ni söyləyən Xalq artisti Ənvər Sadıqov hamı kimi gözəl əhval-ruhiyyədə olduğu­nu söyləyib: 

– Hər dəfə elə bilirəm ki, bu müqəddəs torpağa ilk dəfə ayaq basıram. Bu Qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Koman­dana və rəşadətli Ordumuza minnətdarıq. Qarabağın azadlığı uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirik və xalqımız heç vaxt onları unutmayacaq. İnanıram ki, Zəfə­rimiz əbədi olacaq. Cıdır düzünə ilk dəfə qalxanda keçirdiyim hisləri sözlə ifadə edə bilmirəm. Şuşada olmağın özü elə bir duy­ğudur ki, gərək onu yaşayasan, hiss edəsən. Dünyanın bir çox ölkələrində Azərbaycan musiqisini təbliğ etmişik, tanıtmışıq, lakin Şuşada konsert vermək, çıxış etmək başqa bir aləmdir. Çox qürurluyam ki, bu gün Şuşadayam, belə möhtəşəm bir konsertdə iştirak edirəm.

Türkiyəli aşpaz Ahmet Yetimova da Azərbaycanda olmaqdan qürur hissi ke­çirdiyini deyib: 

– Şuşaya gəldikdən sonra çox duyğu­landım. Azərbaycan bizim ana Vətənimiz­dir. Bu torpaqların işğaldan azad olunması bizlərə də qürur hissi yaşatdı. Azərbaycana ilk dəfədir gəlirəm. Şuşanı bizim Qara də­niz bölgəsi ilə müqayisə edirəm. İnanırıq ki, Qarabağın çox böyük gələcəyi var. Tədbir başlayandan müşahidə edirəm ki, gələn hər kəs gözəl əhval-ruhiyyədədir. Türk xalqları­nın təamlarının və sənətkarlıq məhsullarının festival çərçivəsində nümayiş olunması bir ayrı gözəllikdir.

Sonra Xan qızı Natəvanın evinin həyə­tində “Xarıbülbül” Beynəlxalq Musiqi Fes­tivalı çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı “Dəli Domrul” tamaşasının premyerası olub. Bu tamaşa Al­tay Məmmədovun “Kitabi-Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyniadlı pyes əsasında hazırlanıb. Meydan üslubunda səh­nələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir. Tama­şanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmə­dov, rejissor assistenti Zəhra Salayeva, mu­siqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Qeyd edək ki, festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrə­manlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəs­rəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək. Bunlaradan əlavə, Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəli­nin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında müxtəlif konsert proq­ramları, sərgilər və film nümayişləri olacaq.

Oxucularımızın nəzərinə çatdıraq ki, keçən il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrin mə­dəniyyət nazirlərinin Daimi Şurasının növ­bədənkənar iclasında Azərbaycanın mədə­niyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Həmin il dekabrın 6-da Prezident İlham Əliyev bununla bağlı müvafiq sərən­cam imzalayıb. 

Builki “Xarıbülbül” Beynəlxalq Mu­siqi Festivalında TÜRKSOY-un üzvü olan ölkələrin təmsilçiləri, regionun türkdilli xalqlarının milli yaradıcılıq kollektivlə­ri iştirak edirlər. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının ardınca, mayın 12-də “Şuşa Türk dünyasının mədəniyyət paytax­tı – 2023” tədbirinin rəsmi açılış mərasimi olacaq. 

Beləliklə, xalqımız üçün yüksək mədə­ni-mənəvi dəyər kəsb edən, Türk dünyası­nın birlik və həmrəyliyinin rəmzinə çevrilən Şuşa türksoylu xalqlar arasında qarşılıqlı əməkdaşlığın, səmimi dostluğun perspek­tivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

 

“Xalq qəzeti”

Sosial həyat