İnsan sərrafı, söz himayədarı

post-img

Ulu öndər Heydər Əliyevin qələm əhliylə çox sıx əlaqəsi olduğu, onlara xüsusi münasibət bəslədiyi hamıya məlumdur. Onu tanıyan, onunla həmsöhbət olan hər bir yazıçının mərhum prezidentlə bağlı xoş xatirələri var. Mənim də belə xatirələrim az deyil, belə düşünürəm ki, onlardan bəzilərini oxucularla bölüşsəm, bu böyük şəxsiyyətin portretinə bəzi ştrixləri əlavə etmiş olaram.

Dahilər barədə söhbətlər həmişə maraqlı olur, bu cür qeyri-adi fenomen­lər, bir qayda olaraq, diqqəti özünə çə­kir. Amma etiraf edək ki, bizim üçün fe­nomenal şəxsiyyətlər nə qədər maraqlı olsa da, dünya şöhrətli siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev feno­meni daha maraqlıdır. 

Yəqin, oxucular bilirlər ki, Böyük İpək Yolunun bərpası, Əsrin müqaviləsi, Qafqazda sülh və sair nəhəng layihələr məhz ulu öndərin adıyla bağlıdır. Belə bir şəxsiyyətlə tanışlığımdan necə qü­rurlanmayım!

Mən onunla da fəxr edirəm ki, Şota Rustavelinin bilavasitə orijinaldan tər­cümə etdiyim “Pələng dərili cəngavər” poeması möhtərəm Heydər Əliyevin və Eduard Şevardnadzenin müqəddimələ­ri ilə açılır.

Həmin illərdən yadda qalan ha­disələr çoxdur. İstərdim ki, yeri gəlmiş­kən, bir neçəsini də xatırlayım: 

2000-ci ildə ulu öndərimizin təşəbbü­sü ilə Bakıda Dünya Azərbaycanlıların I qurultayı keçirildi. Bütün dünya ölkələ­rindən diaspor nümayəndələri Bakıya axışdılar. Xoşbəxtlikdən mən də həmin qurultayın nümayəndə heyətinin tərki­bində idim, sonradan İdarə Heyətinə də seçildim. Qurultay yekunlaşandan son­ra Azərbaycan prezidentinin adından qonaqlara ziyafət verildi. Həmin tədbir­də ulu öndərimiz tarixi söz söylədi. O, üzünü salondakılara tutub dedi: “Siz dünyanın müxtəlif ölkələrindən gəlmisi­niz. Həmin ölkələr çox inkişaf etmiş də ola bilər, son dərəcə firavan da. Ancaq həmin ölkələrdə ayağınız altındakı tor­paq Azərbaycan torpağı kimi etibarlı ola bilməz, çünki bu, sizin hər biriniz üçün Vətən torpağıdır”. Əlbəttə, bu belədir. 

Onun mən müşahidə etdiyim bir xü­susiyyətini vurğulayım: Heydər Əliyevin ən əziz dostu həqiqət idi. Bir dəfə, gö­rüşlərin birində Şevardnadze üzündə xoş təbəssüm Heydər Əliyevə dedi ki, sizdən bizə neft axırsa, bizdən də sizə su-çay axır. O, Kür çayını nəzərdə tu­turdu. Aradakı mehriban münasibətə rəğmən, ulu öndər onun cavabında söylədi: “İcazə ver, sənin bu fikrinə cüzi düzəliş edim. Neft bir türk dövlətindən (yəni Azərbaycandan) baş alıb sizin ölkənizdən keçməklə bir başqa türk dövlətinə (Türkiyəyə) axır; Kür çayı da həmçinin, başlanğıcını o başdakı türk məmləkətindən alır, sizin ərazinizdən keçərək başqa bir türk ölkəsində dənizə qovuşur. Belə ki, siz hər iki halda tran­zit ölkəsiniz. Əlbəttə, etibarlı tranzitin də böyük əhəmiyyəti var. Buna görə də sağ olun.

Bir dəfə, hər iki ölkənin nümayəndə heyətinin üzvləri Bakıda Opera və Balet Teatrında prezidentlərin – Heydər Əliyev və Şevardnadzenin yolunu gözləyirdik. Onlar prezident iqamətgahında görüş­dükdən sonra Opera və Balet Teatrın­da baş tutacaq tədbirə qatılmaq üçün bura gəlməli idilər. Birdən teatrın qapısı açıldı və Azərbaycanın o zamankı mə­dəniyyət naziri Polad Bülbüloğlu daxil oldu. Polad müəllim Aparatdakı görüş­dən gəlirdi. O, məni görcək dedi: “Möh­tərəm prezident Eduard Sevardnadzedən səni soruşdu”. Əminliklə deyə bilərəm ki, dünyamiqyaslı siyasətçi bir yazıçını görmək arzusu ilə soruşmayıb. Ulu öndər çox incə siyasətçi idi, sadəcə, məni soruşmaqla həmkarına işarə edib ki, Gürcüstanda yaşayan hər bir soyda­şım mənim üçün əzizdir. 

Buna bənzər bir əhvalat Tiflisdə də baş vermişdi: Cənab Heydər Əliyev qeyri-rəsmi səfərlə Eduard Şevardna­dzenin yubileyində iştirak etmək üçün Tiflisə təşrif gətirmişdi. Mən də orda idim. Hər ehtimala qarşı özümü toparla­mışdım ki, tərcümə lazım olsa, layiqincə edim. Ulu öndər bunu duymuşdu. Vaxt az idi, Azərbaycan nümayəndə heyəti həmin gün vətənə qayıtmalı idi. Odur ki, ulu öndər üzünü tədbir iştirakçılarına tutub dedi: “İmir Məmmədliyə olan hör­mətimə rəğmən, belə qərara gəldim ki, vaxta qənaət etmək məqsədi ilə rus di­lində danışım...” Onun “İmir Məmməd­liyə olan hörmətimə rəğmən” kəlməsi də nəvaziş xətrinə deyilməmişdi. Ulu öndər bu kəlməsi ilə qonşu dövlətin mə­murlarına deyirdi ki, sizinlə çiyin-çiyinə işləyən soydaşım mənim diqqət mərkə­zimdədir... Belə əzəmətli şəxsiyyət tərə­findən deyilən bu sözlər isə arif insanlar üçün hər şey demək idi.

Bu xatirələri söyləyərkən bir şeyə də aydınlıq gətirim: çox adam elə bilir ki, mən Eduard Şevardnadzenin tər­cüməçisi olmuşam. Tərcüməçisi deyil, müşaviri idim. Əlbəttə, lazım gəldikcə onun şifahi çıxışlarını canlı tərcümə də etmişəm. Tərcümədən söz düşmüş­kən, doxsanıncı illərin sonu olardı, ulu öndərimiz Gürcüstanda rəsmi səfərdə idi. Gürcüstan parlamentində çıxış et­məli idi. Niyəsə onun şəxsi tərcüməçisi gecikmişdi. Gəlib ona məlumat verdilər ki, tərcüməçi gəlib çıxdı. Prezident təəccüblə soruşdu: “İmir Məmmədli burada deyil ki?” Dedilər, buradadır, ancaq sizin öz tərcüməçiniz gəldi, İmir Məmmədliyə ehtiyac qalmadı. Onda Heydər Əliyev dönüb dedi: “Mən istə­yirəm, Gürcüstan parlamentarilərinin qarşısındakı çıxışımı İmir Məmmədli tərcümə etsin, çünki fikir vermişəm, o, adamın hiss və emosiyalarını da tərcümə edir.” Sözsüz ki, ulu öndərin bu sözləri məni çox ruhlandırdı, bildim ki, bu sözləri də məqsədyönlü dedi və onun həmin çıxışını canlı olaraq ruh yüksəkliyi ilə tərcümə etdim. 

Bu yerdə onu da deyim ki, dünyada bəlkə də yeganə yazıçıyam ki, üç prezi­dentlə birlikdə nahar etmişəm. Bu, belə baş verib. Bakıda mühüm tədbir keçiri­lirdi, buna görə də Gürcüstan preziden­tinin rəsmi səfəri Türkiyənin o zamankı prezidenti Əhməd Necdət Sezərlə üst-üstə düşmüşdü. Nahar zamanı belə qərara gəldilər ki, hər üç prezidentin arasında dil ünsiyyəti yarada biləcək bir nəfər də onlarla birlikdə olsun. Məsələ burasındadır ki, Sezərlə Şevardnadze­nin arasında tərcüməçiyə ehtiyac var idi. Belə ki, bu missiya mənim öhdəmə düşdü və prezidentlərlə birlikdə nahar etməli oldum. Həmin məclisdə mənim üçün son dərəcə xoş oldu ki, ulu ön­dərimiz məni Əhməd Necdət Sezərə təqdim etdi və timsalımda Türkiyə pre­zidentinə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar barədə dolğun məlumat verdi.

Bir dəfə görüşlərin birində ulu öndər belə bir əhvalat danışdı: O, Moskva­da istefaya gedəndən sonra axşamlar çıxar, qaldıqları evin yaxınlığındakı bağ­da gəzərmiş. Belə axşamların birində görür ki, qarayanız bir oğlan bağda onu addımbaaddım izləyir. O düşünür, bu təxribat planı ola bilər, yəqin rəqiblərim belə qərara gəliblər ki, məni öz soyda­şımın əli ilə aradan götürsünlər. Məlum məsələdir ki, ulu öndər həddindən artıq cəsur bir şəxsiyyət idi. O, ölümün gö­zünə baxırmış kimi, həmin oğlana üz tu­tub yanına çağırıb. Oğlan onun yanına gələndə soruşub: “A bala, kimsən, bu parkda nə gəzirsən?” Oğlan onun ca­vabında deyib: “Möhtərəm Heydər Əlir­za oğlu, mən gürcüstanlıyam, gəldim ki, deyim, bu çətin günlərinizdə bütün Borçalı camaatı sizinlədir”. Ulu öndər həmin əhvalatı xatırlayarkən əlavə etdi ki, heyf, mən onun adını, soyadını so­ruşmadım...

Mən isə xatirələrdən ibarət bu yazı­ya son olaraq deyərdim ki, həmin oğla­nın adını, soyadını soruşmağa ehtiyac yoxdur, o, istənilən Borçalı azərbaycan­lısı ola bilərdi.

 

İmir MƏMMƏDLİ

Sosial həyat